13 may 2026 01:59
111

Keçəpapaq Rəhimin sərgüzəştləri

“O vaxt ordumuza rəhbərlik edən şəxslər nəinki hərbi peşə nədir, onu bilmirdilər, hətta onların xəyanətkar fəaliyyəti nəticəsində torpaqlarımız işğal altına düşmüşdü.”

Bu sözləri Prezident İlham Əliyev Zəngilan şəhərində sakinlərlə görüşü zamanı bildirib.

Dövlətimizin başçısı daha sonra deyib: “Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən o namərd, xain bu gün də orada-burada sülənir. Amma o vaxt dərdimiz onda idi ki, onun kimi adamlar Azərbaycanın əsas vəzifələrini zəbt etmişdilər. Heç bir biliyi, bacarığı, iş təcrübəsi olmayan, küçədən keçən insanlar birinci, ikinci, üçüncü, dördüncü şəxs təyin olunmuşdular. Ordumuz faktiki olaraq quldurların əlində idi”.

Yəqin ki, söhbətin kimdən getdiyini hamı bildi. Heç bir hərbi biliyi və təcrübəsi olmayan ali məktəb müəllimi Rəhim Qazıyev müstəqilliyini təzəcə bərpa etmiş Azərbaycan Respublikasının müdafiə naziri vəzifəsini zəbt etmişdi. Xasiyyətcə çılğın və cırtqoz olan bu adam əsl siyasi avantürist idi. Guya Şuşa əldən gedərsə başına gullə çaxacaq bu adam əlini-əlininin üstünə qoyub şəhərin zəbt olunacağı cünü gözləyirdi. Gözləyirdi ona görə deyirik ki, ordu yığmaq, onu silahlandırmaq, əsgərlərə təlim keçib döyüşə aparmaq bu özündənbəyin heç yadına da düşmürdü. Hətta Laçın da işğal ediləndə vaxtını ora-bura vurnuxmaqla keçirir, avantürist çıxışlar edirdi. Əhalisi Ermənistanın əhalisindən üç dəfə çox olan Azərbaycanda kifayət qədər əsgər yığılmırdı, ona görə də döyüşülərimiz həmişə “mühasirəyə” düşürdülər. Keçəpapaq “müdafiə naziri” qəsdən lazımi tədbirlər görmürdü.

Nəhayət, Rəhim Qazıyevin rəzil sifəti özünü göstərdi. Şuşanı, Laçını düşmənə təhvil verdi, amma başına güllə çaxmadı.

Sağlığında Tərtər özünümüdafiə taborunun komandiri Sərdar Həmidov Rəhim Qazıyevin xəyanətkar olduğunu demişdi. Keçmiş komandir o vaxt mətbuata müsahibəsində bildirmişdi ki, Rəhim Qazıyevin Azərbaycan xalqına vurduğu zərbələrin nəticəsini bu gün də çəkirik: “Ağdərə əməliyyatını başa çatdırmışdıq, Rəhim Qazıyev ora gəldi. Biz Xankəndinin 7-8 kilometrliyində idik. Artıq Qarabağ müharibəsini tam qələbə ilə başa vurduğumuzu düşünürdük. Erməni birləşmələri gündə 8-9 kəndi boşaldıb qaçırdı. Lakin həmin bu ərəfədə Rəhim Qazıyev zirehli hərbi texnikanın və artilleriyanın Ağdərədən çıxarılıb guya təmir edilməsi üçün Seyfəli poliqonuna aparılması haqqında əmr verdi. Həmin əmri hiyləgərliklə o özü imzalamamışdı. Bu əmri Rəhim Qazıyev o vaxt kı Baş Qərargah rəisi, general Nurəddin Sadıqova imzalatmışdı. Daha sonra analoji qərarı digər satqın-korpus komandiri Surət Hüseynov verdi. Hamı təəccüb içərisində idi. Müharibə gedir, qələbə çalmaq üzrəyik, ancaq bu adam bütün hərbi texnikanı, ona tabe olan taborları geri çəkir! Texnikanı Seyfəliyə gətirdib guya təmir etdirir. Bunun xəyanətdən başqa adı yoxdur. Beləliklə, texnika Ağdərədən çıxarıldı, bundan sonrası bəllidir. Bu adam Rusiyanın agenti olub. Hər yerdə deyir ki, çevriliş etmək planı olmayıb. Amma yalan danışır, onun çevriliş etmək planı var idi.”

Rəhim Qazıyevin xəyanət dolu sərgüzəştlərindən çox danışmaq olar. Ancaq demək bəs edər ki, Rəhim Qazıyev türkün üz qarasıdır. O, müvəqqəti bir vəzifə üçün ata-babalarının şərəfini tapdalayıb. Əgər sifətində bircə damcı abır-həya varsa heç olmasa ondan çəkinib el içinə çıxmasın. Çünki belə şərəfsizliyi bilə-bilə özü seçib.  

Vəli İlyasov, “İki sahil”