12 may 2026 19:14
118

Tramp İranla dialoqdan məyus olub və...

ABŞ Prezidenti Donald Tramp mayın 11-də milli təhlükəsizlik məsələlərinə cavabdeh administrasiya üzvləri ilə İran ətrafındakı vəziyyəti müzakirə edib.

“İki sahil” xəbər verir ki,   CNN telekanalının məlumatına görə, görüşdə əsas diqqət ABŞ ilə İran arasında gərginliyin artmasına və diplomatik prosesin dalana dirənməsinə yönəlib.

Mənbələrin bildirdiyinə əsasən, Tramp İran istiqamətində diplomatik səylərin effektivliyindən narazıdır və aprelin 8-də dayandırılmış hərbi əməliyyatların yenidən bərpası variantını ciddi şəkildə nəzərdən keçirir. Ağ Evin əsas narahatlıqlarından biri İranın Hörmüz boğazında faktiki blokada yaratması və danışıqlarda kompromisə getməməsi hesab olunur.

ABŞ administrasiyasında bu məsələ ilə bağlı fikir ayrılığı olduğu da bildirilir. Bir qrup rəsmilər diplomatik kanalların qorunub saxlanılmasının vacibliyini müdafiə etdiyi halda, digər qrup daha sərt və hərbi yanaşmanın tərəfdarı kimi çıxış edir.

"Axios" nəşrinin məlumatına görə, Trampa İran ərazisində indiyədək bombardman edilməmiş obyektlərə qarşı intensiv zərbələrin bərpası təklif olunur. Bildirilir ki, həmin obyektlər ümumi hədəf siyahısının təxminən dörddəbirini təşkil edir.

Eyni zamanda, Hörmüz boğazının blokadadan çıxarılması məqsədilə başladılmış “Project Freedom” (“Azadlıq Layihəsi”) adlı əməliyyatın da yenidən aktivləşdirilməsi müzakirə edilir. ABŞ bu əməliyyatı mayın 6-da müvəqqəti dayandırmışdı.

Ekspertlərin fikrincə, ABŞ ilə İran arasında hərbi qarşıdurmanın yenidən alovlanması Yaxın Şərqdə vəziyyəti daha da gərginləşdirə bilər. Xüsusilə Hörmüz boğazı dünya enerji ticarəti üçün strateji əhəmiyyət daşıdığından bölgədə baş verə biləcək hər hansı hərbi eskalasiya qlobal neft bazarına və beynəlxalq təhlükəsizliyə ciddi təsir göstərə bilər.

Siyasi müşahidəçilər hesab edirlər ki, hazırkı mərhələdə diplomatik dialoqun davam etdirilməsi regionda genişmiqyaslı münaqişənin qarşısının alınması baxımından mühüm əhəmiyyət daşıyır.