Qəbul imtahanlarına sayılı günlər qaldıqca abituriyentlərin gündəlik həyatları da tamamilə dəyişir. Gərgin hazırlıq prosesi, uzun dərs saatları və yüksək nəticə əldə etmək gözləntiləri bir çox gəncləri həm fiziki, həm də psixoloji baxımdan yorur. Bu mərhələdə diqqət əsasən test tapşırıqlarına və sınaq nəticələrinə yönəlsə də, əslində ən vacib məsələlərdən biri də düzgün qidalanma və sağlam həyat rejimini qoruya bilməkdir.
Son illər abituriyentlər arasında gecə saatlarına qədər dərs oxumaq, enerji içkiləri ilə ayıq qalmağa çalışmaq və vaxt itkisi olmasın deyə hazır qidalara üstünlük vermək adi hala çevrilib. Halbuki bu vərdişlər qısamüddətli enerjidən başqa heç nə vermir. Gün ərzində bir neçə dəfə enerji içkisi qəbul edən və ya “fast-food” məhsulları ilə qidalanan gənclər bir müddət sonra həm yorğunluq, həm diqqət dağınıqlığı, həm də psixoloji gərginlik yaşayırlar.
İmtahan dövründə beyin uzun müddət yüklənməyə məruz qalır. Buna görə də orqanizmin ehtiyac duyduğu vitamin və mineralların düzgün şəkildə qarşılanması vacibdir. Günə normal səhər yeməyi ilə başlamaq bu baxımdan xüsusi əhəmiyyət daşıyır. Yumurtadan, süd məhsullarından, mövsümi tərəvəzlərdən ibarət səhər yeməyi həm toxluq hissi yaradır, həm də gün ərzində enerjinin stabil qalmasına kömək edir. Qoz, badam və digər çərəzlər də imtahan dövründə ən faydalı qidalardan hesab olunur. Bir çox valideynlər övladlarının daha çox dərs oxumasına köklənirlər və bununla da, bəzən qidalanma məsələsi diqqətdən kənarda qalır. Halbuki düzgün qidalanmayan, kifayət qədər su içməyən və yuxusuz qalan bir abituriyentin uzun müddət diqqətini toplaması çətinləşir.
Abituriyentlərin ən çox etdiyi səhvlərdən biri də yuxu rejimini pozmalarıdır. Gecədən səhər saatlarına qədər dərs oxumaq bir çox hallarda məhsuldarlığı artırmır, əksinə yaddaş və diqqət problemlərinə səbəb olur. Sosial şəbəkələrdən və telefondan uzun müddət istifadə etmək bu problemi daha da dərinləşdirir. Saatlarla ekran qarşısında vaxt keçirmək həm beynin yorulmasına, həm də yuxu keyfiyyətinin aşağı düşməsinə gətirib çıxarır. Nəzərə alınmalıdır ki, imtahan hazırlığı yalnız test həll etməkdən ibarət deyil. Bu dövrdə fiziki və zehni sağlamlığın qorunması da ən az dərs oxumaq qədər vacibdir. Bəzən qısa bir gəzinti, normal yuxu və düzgün qidalanma saatlarla yorğun halda dərs oxumaqdan daha faydalı nəticə verir. Çünki sağlam orqanizm və dincəlmiş beyin informasiyanı daha rahat qəbul edir və yadda saxlayır.

Dietoloq Məhəmməd Abdullayev mövzu ilə bağlı "İki sahil"ə açıqlamasında bildirdi ki, imtahan dövrünə iki-üç ay qalmış hər bir abituriyent artıq üzərinə düşən məsuliyyətin fərqində olmalı və bu mərhələdə xüsusilə stresin idarə olunmasına diqqət yetirməlidir. Onun sözlərinə görə, stresin düzgün idarə olunması həm ailə üzvlərinin dəstəyi, həm də məktəb psixoloqlarının köməyi ilə mümkündür. Əsas məqsəd abituriyentin özünü həddindən artıq gərginliyə salmaması və əldə etdiyi bilikləri rahat şəkildə mənimsəyə bilməsidir.
Mütəxəssis qeyd etdi ki, bu dövrdə keyfiyyətli yuxu olduqca vacibdir: "Bədənin və beynin əsas bərpa prosesi məhz yuxu zamanı baş verir. Yetərli və keyfiyyətli yuxu beynin normal fəaliyyətini təmin edir, yaddaşı gücləndirir və diqqətin artmasına kömək edir. Bununla yanaşı, gündəlik kifayət qədər sadə su qəbul etmək də vacib amillərdən biridir. Su həm orqanizmin toksinlərdən təmizlənməsinə, həm də ümumi sağlamlığın qorunmasına kömək edir."
Ev şəraitində hazırlanan yeməklərə üstünlük verilməsinin vacibliyini vurğulayan dietoloq əlavə etdi ki, səhər yeməyində yumurta və süd məhsulları ilə yanaşı mövsümi tərəvəzlərdən hazırlanmış salatlar da yer almalıdır. Bu qidalar orqanizmin vitamin və mineral ehtiyacını qarşılamağa kömək edir. Dietoloq, həmçinin balığın və balıq yağının Omega 3 tərkibinin zəngin olması baxımından faydalı olduğunu bildirdi. Onun sözlərinə görə, qoz, badam və digər çərəzlər də gün ərzində ara qida kimi istifadə oluna bilər. Bu məhsullar maqnezium və faydalı yağ turşuları ilə zəngin olduğundan həm beynin fəaliyyətini dəstəkləyir, həm də enerjini artırır.
Mütəxəssis antioksidantlarla zəngin qidaların qəbulunu da tövsiyə etdi. Yaşıl yarpaqlı tərəvəzlərin xlorofillə, tünd bənövşəyi rəngli tərəvəzlərin isə antosianinlərlə zəngin olduğunu deyən dietoloq çuğundur, qırmızı kələm və oxşar məhsulların faydalı olduğunu bildirdi. O, sitrus meyvələrinin də C vitamini baxımından zəngin olduğunu və immun sisteminin güclənməsinə kömək etdiyini vurğuladı: "Bu dövrdə abituriyentlər enerji içkiləri və “fast-food” məhsullarından uzaq durmağın vacibliyini nəzərə almalıdırlar. Belə ki, enerji içkiləri qısamüddətli enerji versə də, orqanizmin turşu-qələvi tarazılığını pozaraq sonradan halsızlıq və yorğunluq yaradır. “Fast-food” məhsullarının tərkibindəki trans yağlar isə orqanizmdə iltihabi prosesləri artıraraq xroniki yorğunluğa, yəni iltihabın bağırsaq-beyin bariyeri vasitəsilə beyinə çatıb neyroinflamasiyaya çevrilərək "beyin dumanı" adlandırdığımız vəziyyətin yaranmasına və diqqətin zəifləməsinə səbəb ola bilər."
Həmsöhbətimiz bildirdi ki, fiziki aktivlik də abituriyentlərin gündəlik həyatının bir hissəsinə çevrilməlidir. O, qısa məsafələrdə nəqliyyatdan istifadə etmək əvəzinə piyada gəzməyin faydalı olduğunu qeyd etdi.
Sonda dietoloq telefon və digər elektron cihazlardan həddindən artıq istifadənin beynin fəaliyyətinə mənfi təsir göstərə biləcəyini bildirdi: "Nəzərə alınmalıdır ki, telefondan gün ərzində uzun müddət istifadə etmək, ekran qarşıında çox vaxt keçirmək beyin sinapslarını zəiflədir. Beynin aktiv qalması üçün yeni biliklər öyrənmək, öyrənilən məlumatları paylaşmaq və davamlı zehni fəaliyyətlərlə məşğul olmaq vacibdir."
Şahnigar Əhmədova, "İki sahil"