12 may 2026 14:35
95

Finlandiya Rusiyaya dərman ixracını məhdudlaşdırmağa hazırlaşır

Finlandiya Xarici İşlər Nazirliyi Rusiyaya farmasevtika və tibbi təyinatlı məhsulların ixrac qaydalarını sərtləşdirməyi planlaşdırır. Məlumata görə, yeni məhdudiyyətlərin 2026-cı ilin iyul ayından qüvvəyə minməsi gözlənilir.

“İki sahil” xəbər verir ki, bu barədə Yle məlumat yayıb.

Qərarın əsas səbəbi kimi Finlandiya tərəfi həmin məhsulların hərbi məqsədlərlə istifadə oluna biləcəyi ilə bağlı narahatlıqları göstərib. Rəsmi Helsinki hesab edir ki, tibbi və texniki avadanlıqların müəyyən hissəsi dolayı yolla hərbi infrastruktura xidmət edə bilər.

Məlumatda qeyd olunur ki, Finlandiyanın Rusiyaya tibbi avadanlıq ixrac edən şirkətlərindən biri olan Lojer-Merivaara Oy müxtəlif Rusiya regionlarına əməliyyat masaları və xəstəxana çarpayıları göndərir. Bu isə Finlandiya hakimiyyətinin nəzarət mexanizmlərini daha da gücləndirmək niyyətini gündəmə gətirib.

Müşahidəçilər hesab edirlər ki, yeni məhdudiyyətlər Finlandiya ilə Rusiya arasında iqtisadi münasibətlərin daha da soyumasına səbəb ola bilər.