Qafqaz və Balkan ölkələri müxtəlif dillərdə danışmaqlarına, müxtəlif mədəniyyətləri anlamalarına və məhdud resurslara baxmayaraq, əməkdaşlıq yolu tapmaq qabiliyyətlərindən daha çox istifadə etməlidirlər.
“İki sahil” xəbər verir ki, bunu energetika nazirinin müavini Elnur Soltanov Belqrad Enerji Forumunda "Cənub-Şərqi Avropada enerji keçidinin təmin edilməsi: əməkdaşlıq, dayanıqlılıq, liderlik" mövzulu panel sessiyasında bildirib. O qeyd edib ki, Balkan ölkələri və Qafqaz ölkələri arasında oxşarlıqlar çoxdur: "Təəssüf ki, bu oxşarlıqlar bir çox hallarda münaqişələrə, qanlı proseslərlə bağlıdır. Çünki hər iki region böyük güclərlə əhatə olunmuş mürəkkəb məkandır. Amma eyni zamanda Azərbaycan cəsarətli və tanınan bir ölkədir. Biz müxtəlif mədəniyyətləri bilirik, fərqli dilləri anlayırıq və güclü aktorlarla işləməyi bacarırıq. Bunu ona görə xüsusi qeyd edirəm ki, buradan çıxarılmalı dərslər var. Azərbaycan bu mədəni və dil yaxınlıqlarından istifadə edərək regional koalisiya yaratmağı bacarıb. Eyni zamanda biz çətin dövrdə regional böyük oyunçu olan Türkiyənin dəstəyini qazanmışıq. Uğurlu əməkdaşlıqlar qurmasaydıq, hazırkı layihələri həyata keçirmək mümkün olmazdı. Biz bu kimi yaxşı nümunələri bir-birimizdən öyrənməliyik".