ABŞ və İran arasındakı münaqişənin nizamlanması üzrə danışıqlar davam edir, lakin ABŞ Prezidenti Donald Tramp lazım gələrsə, İslam Respublikasına qarşı hərbi əməliyyatlara qayıtmağa hazırdır.
“İki sahil” xəbər verir ki, ABŞ-nin BMT-dəki daimi nümayəndəsi Mayk Uolts bu barədə "ABC News"a müsahibəsində bildirib.
"Bu danışıqlar və diplomatiya davam edir. Onların (ABŞ-nin təklifinə - red.) cavabını görəcəyik. Prezident Tramp hərbi əməliyyatlara mümkün qayıdışa qədər diplomatiya üçün hər cür fürsət yaradır. Lakin o, mütləq buna hazırdır", - o deyib.
Xatırladaq ki, fevralın 28-də ABŞ və İsrail İrana qarşı hərbi əməliyyatlara başlayıb və bir sıra şəhərlərə hava zərbələri endirilib. Həmin gün zərbələr nəticəsində İranın Ali rəhbəri Əli Xamenei öldürülüb. İran buna cavab olaraq İsrail ərazisinə raket zərbələri endirib və ABŞ-nin Fars körfəzi ölkələrindəki hərbi bazalarına hücum edib.
İran, ABŞ və onların müttəfiqləri aprelin 8-ə keçən gecə iki həftəlik atəşkəs razılaşmasına nail olublar. Tramp sonradan atəşkəsi qeyri-müəyyən müddətə uzadıb.
Tərəflər münaqişəni həll etmək üçün Pakistanda danışıqlar aparıblar, lakin 11-12 apreldə keçirilən ilk raund heç bir nəticə verməyib.
ABŞ Tehrana təzyiq göstərmək üçün İran limanlarını və Hörmüz boğazından keçidi blokadaya alıb. İran da öz növbəsində Fars körfəzinə gedən gəmilər üçün Hörmüz boğazının blokadasını elan edib. Regionda dinamik şəkildə dəyişən vəziyyət qlobal enerji böhranına səbəb olub.
Bu gün İranın Pakistan vasitəsilə Vaşinqton administrasiyasının münaqişəyə son qoymaq üçün son təklifi ilə bağlı ABŞ-yə cavab göndərdiyi məlum olub.