10 may 2026 14:35
98

Rusiya atəşkəsə baxmayaraq, Ukraynaya hücumlarını davam etdirir

Rusiya ordusu 9-11 may tarixlərində müəyyən edilmiş atəşkəs rejiminə baxmayaraq, Ukrayna ərazisinə hücumları davam etdirir.

“İki sahil” Ukrayna mediasına istinadən xəbərinə görə, bu barədə yerli hakimiyyət orqanları məlumat yayıb.

"Ötən sutka ərzində Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı 147 döyüş toqquşması qeydə alıb. Dünən düşmən 7704 kamikadze dronundan istifadə edib və yaşayış məntəqələrini və qoşunlarımızın mövqelərini 2021 dəfə, o cümlədən reaktiv yaylım atəşi sistemlərindən 12 dəfə atəşə tutub", - Baş Qərargahın "Telegram" kanalındakı məlumatda bildirilib.

Hücumlar və döyüş toqquşmaları ilə yanaşı, infrastrukturun zədələnməsi, eləcə də xəsarət alanlar və ölənlər barədə məlumat verilib. Xarkov vilayətinin qubernatoru Oleq Sinequbovun sözlərinə görə, regionun şimal-şərqində vilayət mərkəzinə və yaxınlıqdakı yaşayış məntəqələrinə pilotsuz uçuş aparatlarının zərbələri nəticəsində ikisi uşaq olmaqla, səkkiz nəfər xəsarət alıb.

Zaporojye qubernatoru İvan Fyodorovun sözlərinə görə, Rusiya Silahlı Qüvvələrinin vilayətin cənub-şərqinə hücumları nəticəsində bir nəfər ölüb, üç nəfər yaralanıb.

Xersonun Korabelnı rayonunda Rusiya dronunun növbəti hücumu nəticəsində bir kişi, Dnepropetrovsk vilayətində isə üç yaşlı qız xəsarət alıb. Zərbələrdən biri Dnepropetrovskun Nikopol rayonunda yanğın-xilasetmə avtomobilinə dəyib, sürücü yaralanıb.

Daha əvvəl məlumat verilmişdi ki, Rusiya və Ukrayna 9-11 may tarixlərində üç günlük atəşkəs və "1000-in 1000-ə" formatında əsir mübadiləsi barədə razılığa gəlib.

Pilotsuz uçuş aparatı (PUA)Rusiya-Ukrayna münaqişəsi