09 may 2026 23:05
100

ABŞ Avropanın daha bir neçə ölkəsindən hərbi kontingentini çıxarır?

ABŞ-ın NATO üzrə müttəfiqləri hesab edirlər ki, Vaşinqton 5 min hərbçinin Almaniyadan çıxarılması ilə kifayətlənməyəcək, Avropada hərbi kontingentini daha da azaldacaq.

“İki sahil” xəbər verir ki, bu barədə "Bloomberg" agentliyi özəl mənbələrinə istinadən məlumat yayıb.

"NATO-ya üzv ölkələrin diplomatları ehtimal edirlər ki, ABŞ Prezidenti Donald Tramp ölkəsinin hərbçilərini İtaliyadan da çıxara bilər. Eləcə də Birləşmiş Ştatlar Almaniyada uzaqmənzilli silahların yerləşdirilməsi planlarından imtina edə bilər. İspaniyada isə hərbi mövcudluğun azaldılması istisna edilmir.

Digər mümkün ssenarilər Vaşinqtonun NATO-nun bəzi hərbi təlimlərində iştirakdan imtina etməsi və hərbçilərin ABŞ-ın narazılığına səbəb olan ölkələrdən Amerika liderinə daha loyal olan dövlətlərə köçürülməsidir.

ABŞ rəhbərinin NATO-dan məyusluğu barədə bəyanatları Tramp və Avropa ölkələrinin rəhbərliyi arasındakı çoxdankı gərginliyi daha da dərinləşdirib", - deyə agentliyin materialında qeyd olunub.

Qeyd edək ki, aprelin 29-da ABŞ prezidenti bəyan edib ki, Vaşinqton Almaniyadakı hərbi kontingentini azaltmaq imkanını nəzərdən keçirir və tezliklə bu barədə qərar qəbul edəcək. O, administrasiyanın niyə belə addım atacağını açıqlamayıb. Lakin belə mövqe Almaniya Kansleri Fridrix Mertsin ABŞ-ın İrana qarşı hərbi əməliyyatlarını tənqid edəndən sonra gündəmə gəlib.

Mayın 1-də isə ABŞ-ın Hərbi Nazirliyi (Pentaqon) 5 min amerikalı hərbçinin Almaniyadan çıxarılacağı barədə açıqlama yayıb. Qoşunların çıxarılmasının növbəti 6-12 ay ərzində başa çatdırılması gözlənilir.