09 may 2026 20:58
106

“AzərEnerji” Ulu Öndər Heydər Əliyevlə bağlı tədbirlər keçirib

Ulu Öndər Heydər Əliyevin anadan olmasının 103 illiyi münasibətilə “AzərEnerji” ASC tərəfindən silsilə tədbirlər təşkil olunub. Tədbirlər çərçivəsində energetiklər əvvəlcə 220 kV-luq “Ağdaş” yarımstansiyası, eləcə də tikintisi artıq yekunlaşan “Ağdaş” Batareya Enerji Saxlanc Mərkəzinin ərazisində ağacəkmə aksiyası keçiriblər.
Qeyd edək ki, yeni tikilən “Ağdaş” Batareya Enerji Saxlanc Mərkəzinin ərazisində ağac əkilməsinə bir müddət əvvəldən başlanılıb və son aksiya günü də daxil olmaqla ərazidə ümumilikdə 10 minə yaxın ağac əkilib. 
“İki sahil” xəbər verir ki, ağacəkmə aksiyası Ulu Öndər Heydər Əliyevin ölkədə ekologiyanın qorunmasına, ətraf mühitin sağlamlaşdırılmasına və yaşıllıqların artırılmasına verdiyi böyük önəmin ehtiramla yad edilməsi məqsədi daşıyıb. Eyni zamanda, tədbirin əsas məqsədi ekoloji mədəniyyətin təbliği, təbiətə qayğı hissinin aşılanması və Ümummilli Liderin formalaşdırdığı ənənələrin yaşadılması olub.
Ağacəkmə aksiyasından sonra Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə tikilən Mingəçevirdəki “Azərbaycan” İstilik Elektrik Stansiyasının akt zalında geniş tədbir keçirilib. Tədbirdə Ulu Öndərin elektroenergetika sahəsindəki misilsiz xidmətlərindən bəhs edən “Müasir Azərbaycan energetikasının banisi” adlı film nümayiş olunub.
Çıxışlarda vurğulanıb ki, ümummilli lider Heydər Əliyevin 1969-cu ildə Azərbaycan rəhbərliyinə gəlməsindən sonra ölkənin enerji sistemi mərhələli şəkildə kənar asılılıqdan çıxarılıb, enerji müstəqilliyi və təhlükəsizliyinin möhkəm təməli qoyulub. Həmçinin qeyd olunub ki, 1993-cü ilin iyununda xalqın tələbi ilə yenidən siyasi hakimiyyətə qayıdan Ulu Öndər elektroenergetika sahəsinin inkişafı üçün taleyüklü qərarlar qəbul edərək, Azərbaycanın enerji potensialının gücləndirilməsində müstəsna rol oynayıb.