Bakı Dövlət Universiteti (BDU) və “CİBC GLOBAL” MMC, “AnewZ” beynəlxalq televiziya kanalı arasında əməkdaşlıq haqqında anlaşma memorandumu imzalanıb.
“İki sahil” xəbər verir ki, mərasimdə çıxış edən BDU-nun rektoru Elçin Babayev Jurnalistika fakültəsinin yüksək tədris potensialına və zəngin ənənələrə malik olduğunu bildirib. O qeyd edib ki, ölkədə peşəkar jurnalist kadrların hazırlanmasında media subyektləri ilə sıx əməkdaşlıq da mühüm rol oynayır. Ölkənin nüfuzlu media qurumlarının təhsil prosesinə cəlb olunması jurnalist kadrların daha peşəkar hazırlanmasına effektiv təsir göstərir. Təsadüfi deyil ki, BDU Medianın İnkişafı Agentliyi, Mətbuat Şurası, AZƏRTAC, “ARB24”, “Xalq” qəzeti kimi nüfuzlu media qurumları ilə sıx əməkdaşlıq edir. BDU-da 7 ixtisaslaşmış auditoriya, həm də Tədris tele-radio studiyası fəaliyyət göstərir. Rektor “AnewZ” kanalının obyektiv, qərəzsiz və operativ informasiyaları ilə nəinki yerli, beynəlxalq auditoriyanın rəğbətini qazandığını və Azərbaycan həqiqətlərini dünyaya layiqincə çatdırdığını qeyd edib. O, “AnewZ”la əməkdaşlığın ingilisdilli jurnalistlərin hazırlanmasına böyük töhfə verəcəyini, bunun günün tələbi olduğunu bildirib.
“AnewZ” beynəlxalq televiziya kanalının İcraçı direktoru Rüfət Həmzəyev rəhbərlik etdiyi qurumun ölkədə beynəlxalq media standartları əsasında fəaliyyət göstərən peşəkar ingilisdilli kanal olduğunu vurğulayıb. 2024-cü ildə yaradılan “AnewZ” ölkəmizdə ingilisdilli jurnalistikanın mərkəzi kimi formalaşır və 110-dan çox ölkədə yayımlanır. “AnewZ” fəaliyyət göstərdiyi dövrdə nəinki yerli, həmçinin dünya mediası üçün etibarlı xəbər mənbəyinə çevrilib. 11 ölkədə müxbir postları olan kanal hazırda dünyanın 40-dan çox şəhərindən reportajlar verə bilir. 140 nəfərlik heyətə malik kanal dünyanın istənilən nöqtəsindən xəbərləri əldə etmək və yaymaq imkanına malikdir. “AnewZ” yeganə kanaldır ki, süni intellekt həllərini ən azı 7 istiqamətdə tətbiq edir. Rüfət Həmzəyev Azərbaycanın jurnalist kadrlar hazırlayan əsas ali məktəbi olan BDU ilə əməkdaşlığın ingilisdilli medianın inkişafına təkan verəcəyini bildirib. O qeyd edib ki, hazırda 10-dan artıq BDU tələbəsi kanalda təcrübə keçir. BDU tələbələrinin kanala vaxtaşırı mediaturları təşkil olunur, bu da onların gələcək karyera quruculuğunda mühüm rol oynaya bilər.
Görüşdə memorandumda nəzərdə tutulan əməkdaşlıq istiqamətləri üzrə fikir mübadiləsi aparılıb.
Sonda kanalın nümayəndə heyəti BDU-nun Jurnalistika fakültəsinin infrastrukturu və maddi-texniki bazası ilə tanış olub.