Bu gün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin “İmkanlar hər kəs üçün” sosial layihəsi üzrə turizm və mədəniyyət sahələrində təcrübə proqramı keçmiş iştirakçılara sertifikatların təqdim edilməsi tədbirləri olub.
Nazirlikdən “İki sahil”ə verilən məlumata görə, tədbirlərdə Dövlət Turizm Agentliyinin Aparatının rəhbəri Kənan Əliyev, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Aparat rəhbərinin müavini Nihad Muxtarlı, Mədəniyyət Nazirliyinin Aparat rəhbərinin müavini Elçin Nəcəfov, DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin direktoru Elnarə Ənsari, BMT-nin Məskunlaşma Proqramının baş məsləhətçisi Məleykə Tağızadə iştirak ediblər.
Çıxış edənlər inklüzivliyin təşviqi, əlilliyi olan şəxslərin əmək bazarına inteqrasiyası, onların peşəkar bacarıqlarının inkişafı sahəsində aparılan işlərin əhəmiyyəti barədə fikirlərini bölüşüblər. “İmkanlar hər kəs üçün” sosial layihəsinin bu istiqamətdə mühüm dəstək rolu oynadığı vurğulanıb.
Bildirilib ki, layihə üzrə 18-35 yaş aralığında əlilliyi olan 25 şəxs müxtəlif fəaliyyət sahələrində, o cümlədən Dövlət Turizm Agentliyinin və Mədəniyyət Nazirliyinin qurumlarında gündəlik iş prosesinə cəlb olunaraq praktiki təcrübə qazanıblar.
Tədbirin sonunda hər iki qurum tərəfindən layihə iştirakçılarına sertifikatlar təqdim olunub.
Qeyd edilən layihə Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasına (WUF13) hazırlıq tədbirləri çərçivəsində Dövlət Şəhərsalma və Arxitektura Komitəsi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) birgə təşəbbüsü olan Azərbaycan Şəhərsalma Kampaniyası çərçivəsində təşkil olunub.
Məqsəd əlilliyi olan şəxslərin əmək bazarına inteqrasiyasına, inklüziv iş mühitinə, iştirakçıların sosial-peşəkar bacarıqlarının inkişafına dəstək göstərməkdir.