09 may 2026 13:55
190

Masallıda Ulu Öndərin xatirəsinə həsr olunan minifutbol turnirinin qalibləri müəyyənləşib

Masallıda Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr edilmiş idarə, müəssisə və təşkilatların komandaları arasında keçirilən minifutbol turnirinə yekun vurulub.

“İki sahil” xəbər verir ki, Ərkivan Arena minifutbol meydançasında keçirilən final oyunları və mükafatlandırma mərasimi böyük maraqla qarşılanıb. Turnir YAP Masallı rayon təşkilatı, Masallı Rayon İcra Hakimiyyəti və Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə həyata keçirilib.

Aprelin 20-dən start götürən yarışda rayonun müxtəlif idarə və təşkilatlarını təmsil edən 8 komanda qüvvəsini sınayıb. Turnir boyunca komandalar yüksək əzmkarlıq nümayiş etdirərək azarkeşlərə maraqlı və gərgin oyunlar təqdim ediblər.

Yekun nəticələrə əsasən, Masallı Rayon Uşaq-Gənclər İdman Şahmat Məktəbinin komandası bütün rəqiblərini məğlub edərək turnirin qalibi adına layiq görülüb. Masallı Rayon İcra Hakimiyyətinin komandası ikinci, Masallı Rayon Mərkəzi Xəstəxanasının komandası isə üçüncü yeri tutub.

Tədbirdə əvvəlcə Ümummilli Lider  Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Mükafatlandırma mərasimində çıxış edənlər Heydər Əliyevin ölkəmizdə idmanın inkişafına göstərdiyi diqqət və qayğıdan danışaraq, bu cür yarışların gənclər arasında sağlam həyat tərzinin təbliği və vətənpərvərlik ruhunun gücləndirilməsi baxımından mühüm əhəmiyyət daşıdığını vurğulayıblar.

Sonda qalib və mükafatçılara YAP Masallı rayon təşkilatı tərəfindən kubok və hədiyyələr, Masallı Rayon İcra Hakimiyyəti tərəfindən xatirə hədiyyələri, Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsi tərəfindən diplom və medallar təqdim olunub.