09 may 2026 00:23
171

Qazaxıstanda TDT Dövlət Başçıları Şurasının qeyri-rəsmi zirvə görüşü keçiriləcək

Mayın 15-də Qazaxıstanın ev sahibliyi ilə Türküstanda Türk Dövlətləri Təşkilatının (TDT) Dövlət Başçıları Şurasının "Süni İntellekt və Rəqəmsal İnkişaf" mövzusunda qeyri-rəsmi zirvə görüşü keçiriləcək.

“İki sahil” xəbər verir ki, bu barədə "TRT Haber" məlumat yayıb.

Məlumata görə, qeyri-rəsmi zirvə görüşü TDT-yə üzv dövlətlərin, müşahidəçi ölkələrin dövlət və hökumət başçılarını, eləcə də TDT Baş katibini bir araya gətirəcək.

Qeyd olunur ki, zirvə görüşü sürətlə inkişaf edən rəqəmsal dövrdə əməkdaşlığın prioritet sahələrini müzakirə etmək üçün mühüm platforma yaradacaq: "Qeyri-rəsmi zirvə görüşü, süni intellektin, rəqəmsal innovasiyanın və inkişaf etməkdə olan texnologiyaların transformativ potensialından istifadə etməklə davamlı iqtisadi artımın təşviqi, ictimai xidmətlərin təkmilləşdirilməsi və regional əlaqələrin gücləndirilməsi üzrə türk dövlətləri arasında strateji dialoqun inkişaf etdirilməsi üçün mühüm platforma olacaq".

Bildirilir ki, Dövlət Başçıları Şurasının iclasından əvvəl TDT ölkələrinin xarici işlər nazirləri Şurasının toplantısı keçiriləcək.

Zirvə görüşünün türk dünyasının Türküstanda keçirilməsi türk xalqlarının ortaq tarixi irsi ilə dinamik və rəqəmsal şəkildə inkişaf etmiş gələcək qurmaq üçün ortaq vizyonları arasında güclü əlaqəni simvolizə edir.