08 may 2026 17:57
118

Dövlət Sərhəd Xidməti Akademiyasının 15 illik yubiley buraxılışı olub

Mayın 8-də Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü ərəfəsində Dövlət Sərhəd Xidməti (DSX) Akademiyasının 15 illik yubiley buraxılışı keçirilib.

“İki sahil” xəbər verir ki, bu barədə DSX-nin mətbuat mərkəzindən məlumat verilib.

Bildirlib ki, Gənc zabitlər Fəxri xiyabanda Ulu Öndərin əziz xatirəsini dərin hörmət və ehtiramla yad edib, məzarı önünə güllər düzüb. Dövlət Bayrağı Meydanında Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə Ümummilli Lider Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Çıxışlarda Ulu Öndərin DSX-nin yaradılmasında, formalaşdırılmasında və inkişafında misilsiz xidmətləri xüsusi vurğulanıb, onun uzaqgörən siyasəti nəticəsində dövlət sərhədlərimizin mühafizəsinin müstəqil dövlətçiliyimizin əsas atributlarından birinə çevrildiyi, bu strateji kursun Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı, tariximizin ən böyük sərkərdəsi İlham Əliyev tərəfindən uğurla davam etdirildiyi xüsusi qeyd olunub.

DSX-nin Akademiyasının buraxılış mərasimlərinin varlığımızın qürur mənbəyi olan Dövlət Bayrağımızın dalğalandığı bu meydanda keçirilməsi təsadüfi deyil. Döyüş salnaməmizin tarixi rəmzi olan müqəddəs Zəfər bayrağımız Azərbaycan xalqının əsrlər boyu formalaşmış qəhrəmanlıq ənənələrinin, yenilməz iradəsinin parlaq təcəssümüdür.

DSX-nin rəisi general-polkovnik Elçin Quliyev çıxışı zamanı dövlətinə, Azərbaycan Respublikasının Prezidentinə və xalqın milli maraqlarına sadiq, yüksək peşəkarlığa malik sərhədçi zabitlərin hazırlanmasında mühüm əhəmiyyət kəsb edən DSX-nin Akademiyasının fəaliyyətini xüsusi vurğulayıb, 15 il müddətində əldə olunan uğurlara toxunub.

Bu gün regionun nüfuzlu xüsusi təyinatlı təhsil müəssisələrindən və beynəlxalq sərhədçi kadr hazırlığı mərkəzlərindən birinə çevrilən, Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi milli sərhədçilik ənənələri əsasında fəaliyyət göstərən DSX-nin Akademiyasında təhsil alan kursantlara müasir hərbi biliklərlə yanaşı, vətənpərvərliyin, dövlətçilik ənənələrinə sadiqliyin, yüksək zabit etikasının aşılandığı, onların fiziki və mənəvi hazırlığının gücləndirilməsi istiqamətində ardıcıl tədbirlərin həyata keçirildiyi xüsusi qeyd olunub.

Bu il akademiyanı bitirən kursantlardan 3 nəfər təhsilini qırmızı diplomla başa vurub, həmçinin Tacikistanın sərhəd xidmətinin müraciəti əsasında 5 illik zabit hazırlığını uğurla tamamlayan 6 xarici kursant məzun olub.

Çıxışlardan sonra məzunlara diplomlar təqdim olunub, gənc zabitlər təntənəli surətdə “Sərhədçi zabit andı”nı qəbul ediblər.

Zabit andını qəbul edən heyətin Vətənimiz Azərbaycanın təhlükəsizliyinin keşiyində dövlət sərhədlərinin mühafizəsi və müdafiəsi işini şərəf və ləyaqətlə yerinə yetirəcəklərinə əminlik ifadə olunub.

Mərasimin sonunda DSX-nın rəisi gənc zabitləri təbrik edib, onların valideynləri ilə görüşərək Vətənə bağlı, milli-mənəvi dəyərlərə sadiq, layiqli və vətənpərvər övladlar yetişdirdiklərinə görə dərin minnətdarlığını bildirib.