09 may 2026 10:00
169

Faşizm üzərində Qələbədə Azərbaycan qadınlarının əvəzedilməz rolu

İkinci dünya müharibəsinin odlu-alovlu illərində Azərbaycan qadınlarının mənəvi zənginliyi və nəcibliyi, cəsarət və dözümlülüyü, fədakarlığı vətənpərvər ruhun nümunəsidir

Mayın 9-da keçmiş Sovet İttifaqının çoxsaylı xalqlarının milyonlarla oğul və qızlarının özlərini layiqincə və fədakarlıqla nümayiş etdirdikləri İkinci Dünya müharibəsinin bitməsinin 81 ili tamam olur. Faşizmə qarşı mübarizədə Sovet xalqı inanılmaz dayanıqlıq və cəsarət göstərmişdir. Böyük Vətən müharibəsi ərəfəsində bütün Sovet İttifaqında olduğu kimi, Azərbaycanda da vətəndaşlar üçün hərbi təlimlər başladı. 16 yaşdan 50 yaşadək vətəndaşlar hərbi hazırlığa cəlb olundular. Komsomol təşkilatlarının təşəbbüsü ilə 1941-ci ildə respublikada 15 min tibb bacısı və sanitar dəstə, 750 rabitəçi, 1500 sürücü yetişdirildi. 1941-ci ildə 3,4 milyon əhalisi olan Azərbaycandan 10 min qadın daxil olmaqla 681 min nəfər Vətənini qorumaq üçün cəbhəyə yollandı. Azərbaycanın cəsarətli oğul və qızları mühasirəyə alınan Leninqradda, Moskva, Stalinqrad, Kursk, Brest qalasının yaxınlığında qəhrəmancasına vuruşdular, Qafqazı müdafiə etdilər, Rusiya, Ukrayna, Belarus, Moldova, Baltikyanı və Şərqi Avropa ölkələrinin azad edilməsində iştirak etdilər. İkinci Dünya müharibəsi illərində qadınlar və qızlar demək olar ki, bütün hərbi ixtisaslara yiyələnmişdilər. Onlar təyyarələri, tankları idarə edirdilər, pulemyotçu, topçu və snayper olurdular. Sanitar xidmət, rabitə, əks-hava müdafiəsi, hərbi magistral yollarda nəqliyyat nəzarəti kimi xidmətlər əsasən qadınlar tərəfindən həyata keçirilirdi. Onlar neft buruqlarında, dəzgahların, traktor sükanlarının arxasında, dəmir yollarında kişiləri əvəz edirdilər. Kursk kənarındakı döyüşlərdə hərbi şücaət nümunələri göstərən Züleyxa Seyidməmmədova, A.V.Lunaçarski adına Dövlət Teatr Sənəti İnstitutunun birinci kurs tələbəsi, 17 yaşlı gözəl və istedadlı azərbaycanlı qızı, Volxov cəbhəsi snayperinin güllələrini düşmənə dəqiq zərbələrlə endirən və tarixə ilk azərbaycanlı qadın snayper kimi düşmüş Ziba Qəniyeva, dəniz üzərində gedən döyüşlərdə şücaət göstərərək fərqlənən Şövkət Səlimova və neçə-neçə qəhrəman Azərbaycan qadını müharibədə öz cəsarəti ilə seçilmişdir.

Müharibə Sovet İttifaqı xalqlarının gücünün, mənəvi birliyinin və dostluğunun sərt sınaq yeri idi. Vətən uğrunda gedən döyüşlərdə müxtəlif millətlərdən olan qadınlar müharibənin bütün çətinliklərini dəf edərək qəhrəmancasına vuruşdular və Berlində Reyxstaqın divarlarına öz imzalarını atdılar. Onların arasında Katyuşa Mixaylova, Antonina Ognenko, Nazxanım Səfərova, Yekaterina Yerşova, Şəfiqə Əhmədova, Simruk Hacıyeva, Pakiza Manafova, Züleyxa Rzayeva, Şəfiqə Əhədova, Mədinə Ahmədova kimi vətənpərvər qadınların adlarını çəkmək yerinə düşərdi. Böyük Vətən müharibəsi illərində hərbi tibb sahəsi Azərbaycanda da inkişaf etmişdi. Bakıda açılan Tibbi Məhsullar Zavodu tibbi ləvazimatlar və dərmanlar istehsal edirdi. Azərbaycanda 440 mindən çox yaralının sağaldığı 76 hospital təşkil olunmuşdu. Yüzlərlə azərbaycanlı həkim və tibb bacıları hərbi hissələrdə yaralılara tibbi yardım göstərirdilər. Sanitar təlimatçı Mədinə Əhmədova İtaliyada, Böyükxanım Bağırova, Xədicə Lətifova, Firuzə Fətəliyeva, Əsmər Həsənova isə Krımda partizan dəstəsində döyüşürdülər. Kapitan Şura Əlizadə xəstəxana gəmisində, daha sonra dəniz piyadaları briqadasında xidmət keçmiş, Krım, Odessa, Sevastopol uğrunda döyüşlərdə yaponlara qarşı müharibədə iştirak etmişdi. Tibbi xidmətin kapitanları Səlimə Əlizadə, Qönçə Qaragözova, Reyhan Qasımova, tibb xidmətinin baş leytenantları Maya Bayramova, Nəcibə Məmmədova, Tahirə Fəttaxova, tibb xidmətinin leytenantları Rübabə Əhmədova, Zərifə Camalbekova, Züleyxa İsmayılova, Aliyə Tağızadə, tibb xidmətinin kiçik leytenantları Cənnət Kazımova, Lətafət Məmmədova, Zinyət Məmmədova, Dilbər Təhməzbəyova orden və medallarla təltif olunmuşdular.

Müharibə ərəfəsində Bakı ölkənin əsas neft hasil edən, həmçinin neftçilər üçün təlim mərkəzi və neft avadanlığının istehsalçısı idi. Müharibənin başlaması ilə Azərbaycanın neft sənayesi hərbi vəziyyətə uyğun formalaşdırıldı. Müharibənin ilk 8 ayında neft sənayesinə 11 min qadın, eyni zamanda, bir çox oğlan və qız gəldi. Əsas məqsəd onları çətin peşələrdən biri sayılan neftçi peşəsinin incəliklərinə öyrətmək idi. Cəbhəyə gedən ata, qardaş və ərlərini əvəz edən qadınlar texnikanı uğurla mənimsəyərək çox çalışırdılar. Məsələn, müharibə illərində Andreyeva adına Neft Emalı Zavodunda qadın işçilərin sayı üç qat artmışdı. Kadr hazırlığı ölkəni və cəbhəni kənd təsərrüfatı məhsulları ilə təmin etmək üçün xüsusi əhəmiyyət daşıyırdı. Kolxozlarda əsas əmək yükü qadınların çiyinlərinə düşürdü. Onlar qısa müddət ərzində traktorçu, kombaynçı və s. ixtisaslara yiyələnirdilər.

İllər keçir, nəsillər dəyişir. İkinci Dünya müharibəsi veteranlarının nəvə-nəticələri artıq böyüyüblər. Ancaq Vətənini qoruyan və yer üzündə sülh və xoşbəxtlik uğrunda canlarından keçmiş insanların böyük və cəsur igidliyi xalqın yaddaşından heç vaxt silinməyəcək.

Sevinc Azadi, “İki sahil”