08 may 2026 15:14
95

Azərbaycan beynəlxalq hüquqa əsaslanan mövqeyini açıq şəkildə ifadə edir

Azərbaycan beynəlxalq hüquqa hörmətlə yanaşan bütün dövlətlərlə rəqabət deyil, əməkdaşlıq etməyə üstünlük verən, olduğu məkana sülh daşıyan dünyəvi bir dövlətdir. Prezident İlham Əliyev 2026-cı il mayın 4-də  “Avropa Siyasi Birliyi”nin 8-ci Zirvə toplantısında videobağlantı vasitəsilə etdiyi çıxışla postmünaqişə dövründə formalaşdırdığı yeni siyasi reallığı, sülh quruculuğu fəlsəfəsini və suverenlik prinsipinə əsaslanan diplomatik iradəsini aydın şəkildə nümayiş etdirdi. Dövlətimizin başçısı çıxışında postmünaqişə dövründə Cənubi Qafqazın transformasiyası, regional əməkdaşlıq modellərinin yenidən qurulması kimi məsələlərə toxundu.Onlayn formatda etdiyi çıxış təkcə diplomatik protokol hadisəsi kimi deyil, həm də Cənubi Qafqaz regionunda formalaşan yeni geosiyasi reallıqların aydın ifadəsi kimi qiymətləndirilir. Bu çıxış həm region ölkələri, həm də özlərini vasitəçi kimi təqdim edən Avropa institutları üçün prinsipial mesajlarla zəngin idi. Prezident İlham Əliyev çıxışında Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin artıq tam təmin olunduğunu vurğulayaraq regionda post-münaqişə dövrünün yeni mərhələsinin başlandığını diqqətə çatdırdı. Azərbaycanın beynəlxalq hüquqa əsaslanan mövqeyi bir daha açıq şəkildə ifadə edildi və qeyd olundu ki, regionda davamlı sülhün təmin olunması üçün əsas şərt qarşılıqlı şəkildə dövlətlərin sərhədlərinin tanınmasıdır.

Dövlət başçısının vurğuladığı əsas məqamlardan biri nəqliyyat və kommunikasiya xətlərinin açılması ilə bağlıdır. Xüsusilə “Trampın Beynəlxalq Sülh və Rifah Marşrutu” kimi təşəbbüslər regionda yeni geoiqtisadi reallıqlar yaradır. Bu marşrutun Azərbaycanı Naxçıvanla birləşdirməsi və eyni zamanda Orta Dəhlizin tərkib hissəsinə çevrilməsi regionun tranzit potensialını əhəmiyyətli dərəcədə artırır. Belə layihələr sülhün yalnız siyasi razılaşma deyil, həm də iqtisadi inteqrasiya vasitəsilə möhkəmləndiyini göstərir. Bununla yanaşı, Prezident İlham Əliyev öz çıxışında bəzi Avropa təsisatlarının qeyri-konstruktiv mövqeyinə də diqqət çəkib. Xüsusilə Avropa Parlamenti və Avropa Şurası Parlament Assambleyası kimi qurumların yanaşması ikili standartlar kontekstində qiymətləndirilib. Azərbaycan BMT Təhlükəsizlik Şurasının 1993-cü il qətnamələrinin icrasını öz gücü ilə təmin edib. Bu, beynəlxalq hüququn və ərazi bütövlüyü prinsipinin bərpasıdır. Prezident İlham Əliyevin çıxışında bu məqam xüsusi vurğulanaraq bildirilib ki, prosesə mane olmaq istəyən qüvvələrin cəhdlərinə baxmayaraq, Azərbaycan konstruktiv mövqeyini davam etdirir. Bu yanaşma regionda dayanıqlı sülhün təmin olunması üçün əsas şərtlərdən biridir. Nəticə etibarilə, Azərbaycanın ortaya qoyduğu siyasət modeli həm prinsipiallıq, həm də praqmatizm üzərində qurulub.

Prezident İlham Əliyev Azərbaycanın Ermənistanla münasibətlərin normallaşdırılması istiqamətində irəli sürdüyü təşəbbüsləri xatırladaraq, sülh müqaviləsinin imzalanmasının region üçün yeni imkanlar yaradacağını qeyd etdi. Bu, yalnız iki ölkə arasında münasibətlərin normallaşması deyil, bütövlükdə Cənubi Qafqazda iqtisadi əməkdaşlıq, nəqliyyat əlaqələrinin açılması və regional inteqrasiyanın güclənməsi deməkdir. Xüsusilə Ermənistanın 2028-ci ildə “Avropa Siyasi Birliyi” Zirvə görüşünün Azərbaycanda keçirilməsini dəstəkləməsi və qarşılıqlı əsasda gələcək zirvə görüşlərinin Bakı və İrəvanda təşkili ilə bağlı razılaşmalar regionda etimad mühitinin formalaşmasının mühüm göstəricisidir. Bu yanaşma Cənubi Qafqazın münaqişə məkanından əməkdaşlıq platformasına çevrilməsi istiqamətində yeni mərhələnin başlandığını göstərir. Artıq Azərbaycan ərazisi vasitəsilə Ermənistana 28 min ton yük çatdırılıb. Bundan əlavə, ölkəmiz ilk dəfə olaraq neft məhsullarını – benzin və dizeli Ermənistana ixrac edib və bu çərçivədə 12 min ton məhsul tədarük olunub.

Çıxışda səsləndirilən müddəalar göstərir ki, sülh prosesi artıq yalnız diplomatik bəyanatlar səviyyəsində deyil, real siyasi və iqtisadi mexanizmlərlə möhkəmləndirilir.

Ayaz Cəbrayılov,

Yeni Azərbaycan Partiyası Kürdəmir rayon təşkilatının sədri