08 may 2026 14:31
84

Millətə və dövlətə xidmətlə keçən ömür

Tarixdə elə şəxsiyyətlər vardır ki, onların fəaliyyəti yalnız yaşadıqları dövrü deyil, bütöv bir xalqın taleyini, dövlətin gələcəyini müəyyən edir. Belə dahi şəxsiyyətlər zamanın sərhədlərini aşaraq milli yaddaşda əbədi yaşayır, xalqın taleyi ilə birləşərək dövlətçilik tarixinin ayrılmaz hissəsinə çevrilirlər. Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev məhz belə nadir şəxsiyyətlərdən biridir. Onun mənalı və zəngin ömrü doğma xalqına, Vətəninə və dövlətinə xidmət nümunəsi olmuş, Azərbaycan tarixində silinməz iz qoymuşdur.

10 may 1923-cü ildə Naxçıvanda dünyaya göz açan Heydər Əliyev hələ uşaqlıq illərindən fitri zəkası, yüksək intellekti, geniş dünyagörüşü və vətənpərvərliyi ilə seçilmişdir. Gənclik illərindən xalqına faydalı olmaq arzusu ilə yaşayan Heydər Əliyev həyatının bütün mərhələlərində milli maraqları hər şeydən üstün tutmuş, xalqına sədaqətlə xidmət etmişdir. O, yalnız siyasi lider deyil, həm də milli dövlətçilik ideologiyasının banisi, Azərbaycançılıq məfkurəsinin yaradıcısı olmuşdur.

Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev çoxəsrlik dövlətçilik tariximizdə yeni və parlaq mərhələnin əsasını qoymuş nadir siyasi xadimdir. Onun fəaliyyəti Azərbaycanın inkişaf salnaməsinin bütöv bir dövrünü təşkil edir. Tarixdə əbədi qalmaq hər kəsə nəsib olmur. Bu böyük xoşbəxtlik yalnız xalqına sonsuz məhəbbətlə xidmət edən, milli maraqları şəxsi mənafelərdən üstün tutan dahilərin taleyinə yazılır. Heydər Əliyev də məhz belə tarixi şəxsiyyət idi.

Ümummilli Liderin Azərbaycan qarşısındakı xidmətləri xüsusilə XX əsrin ikinci yarısından başlayaraq daha aydın görünməyə başladı. 1969-cu ildə respublikaya rəhbər seçilən Heydər Əliyev qısa müddətdə Azərbaycanın sosial-iqtisadi, elmi-mədəni və sənaye potensialının gücləndirilməsinə nail oldu. O dövrdə həyata keçirilən məqsədyönlü siyasət nəticəsində Azərbaycan keçmiş ittifaq məkanında qabaqcıl respublikalardan birinə çevrildi. Milli kadr hazırlığı, təhsilin inkişafı, sənayeləşmə və mədəni yüksəliş istiqamətində görülən işlər sonrakı müstəqillik illəri üçün möhkəm təməl formalaşdırdı.

SSRİ-nin süqutundan sonra ölkədə yaranmış xaos, anarxiya, iqtisadi böhran və vətəndaş qarşıdurması Azərbaycanı parçalanmaq və dövlət müstəqilliyini itirmək təhlükəsi ilə üz-üzə qoymuşdu. Hakimiyyətdə olan səriştəsiz qüvvələrin yanlış siyasəti nəticəsində ölkədə dərin böhran hökm sürürdü. Belə ağır və taleyüklü bir zamanda xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdan Heydər Əliyev Azərbaycanı məhv olmaq təhlükəsindən xilas etdi.

1993-cü ildən etibarən Azərbaycanda sabitliyin bərpası, dövlət quruculuğu prosesinin başlanması, qanunçuluğun təmin olunması və milli həmrəyliyin möhkəmləndirilməsi məhz Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində mümkün oldu. Ulu Öndər müstəqil Azərbaycan dövlətinin siyasi, iqtisadi və hüquqi əsaslarını formalaşdırdı. Azərbaycan Respublikasının Konstitusiyasının qəbul edilməsi, demokratik institutların yaradılması, ordu quruculuğunun həyata keçirilməsi, milli təhlükəsizlik siyasətinin formalaşdırılması onun rəhbərliyi ilə reallaşdı.

Heydər Əliyevin müəyyən etdiyi neft strategiyası Azərbaycanın gələcək inkişafını təmin edən ən mühüm amillərdən biri oldu. “Əsrin müqaviləsi”nin imzalanması ilə ölkəmizə böyük həcmdə xarici sərmayə cəlb edildi, Azərbaycanın dünya iqtisadiyyatına inteqrasiyası sürətləndi. Bu siyasət nəticəsində ölkəmizin iqtisadi müstəqilliyi möhkəmləndi, xalqın rifah halının yaxşılaşdırılması üçün möhkəm baza yaradıldı.

Ulu Öndərin həyata keçirdiyi xarici siyasət kursu da Azərbaycanın beynəlxalq mövqeyinin güclənməsinə xidmət etdi. Azərbaycan dünya birliyində etibarlı tərəfdaş kimi tanınmağa başladı, beynəlxalq təşkilatlarla əlaqələr genişləndirildi, milli maraqlara əsaslanan balanslı diplomatiya formalaşdırıldı. Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində Azərbaycan regionun aparıcı dövlətinə çevrilmək yolunda mühüm addımlar atdı.

Xalqımız həm də ona görə xoşbəxtdir ki, Heydər Əliyev ideyaları yaşayır və uğurla davam etdirilir. Bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə Ulu Öndərin siyasi kursu yeni dövrün çağırışlarına uyğun şəkildə uğurla həyata keçirilir. Prezident İlham Əliyevin milli maraqlara əsaslanan qətiyyətli siyasəti nəticəsində Azərbaycan dünyanın nüfuzlu dövlətləri sırasında layiqli yerini daha da möhkəmləndirib. Dövlətimizin iqtisadi gücü artıb, beynəlxalq nüfuzu yüksəlib, xalqın rifahı daha da yaxşılaşıb.

Xüsusilə də son illərdə əldə olunan möhtəşəm uğurlar Heydər Əliyev siyasətinin təntənəsidir. 2020-ci il sentyabrın 27-də başlayan və 44 gün davam edən Vətən müharibəsində Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə tarixi Qələbə qazandı. “Dəmir yumruq” əməliyyatı nəticəsində torpaqlarımız işğaldan azad edildi, Azərbaycanın ərazi bütövlüyü bərpa olundu. 2023-cü ilin sentyabrında həyata keçirilən lokal antiterror tədbirləri nəticəsində isə ölkəmizin suverenliyi tam təmin edildi. Bununla da Ulu Öndərin ən böyük arzularından biri reallığa çevrildi.

Azərbaycanın əldə etdiyi siyasi və hərbi uğurlar regionda yeni geosiyasi reallıqlar formalaşdırıb. Xüsusilə 44 günlük Vətən müharibəsindən sonra yaranmış yeni vəziyyət Cənubi Qafqazda davamlı sülh və əməkdaşlıq üçün əlverişli zəmin yaradıb. Prezident İlham Əliyevin uzaqgörən və qətiyyətli siyasəti nəticəsində ölkəmiz bölgədə sülh gündəliyinin əsas təşəbbüskarına çevrilib. Azərbaycan hər zaman beynəlxalq hüquqa, ədalətə və qarşılıqlı əməkdaşlığa əsaslanan sülhün tərəfdarı olduğunu nümayiş etdirib. Bu gün həyata keçirilən diplomatik təşəbbüslər və əldə olunan razılaşmalar bir daha göstərir ki, Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi milli dövlətçilik kursu Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir və ölkəmiz regionda təhlükəsizlik, sabitlik və əməkdaşlıq məkanının formalaşmasına mühüm töhfələr verir.

Bu gün Azərbaycan öz tarixinin ən qüdrətli dövrünü yaşayır. Müstəqilliyimizin rəmzi olan üçrəngli bayrağımız işğaldan azad edilmiş torpaqlarda qürurla dalğalanır. Azərbaycan regionda və dünyada söz sahibinə çevrilib, siyasi və iqtisadi baxımdan güclü dövlət kimi tanınır. Bütün bunların əsasında isə Heydər Əliyevin müəyyən etdiyi strateji inkişaf kursu dayanır.

Müasir Azərbaycanın uğurlarını şərtləndirən əsas amillər sırasında ictimai-siyasi sabitlik, milli həmrəylik, güclü dövlət idarəçiliyi, iqtisadi inkişaf, sosial rifah və qüdrətli ordu xüsusi yer tutur. Xalq-iqtidar birliyi isə Azərbaycanın gələcək uğurlarının əsas təminatıdır. Məhz bu birlik sayəsində dövlətimiz qarşıya qoyduğu bütün strateji hədəflərə inamla çatır.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin qeyd etdiyi kimi: “Heydər Əliyev bütün zamanlarda Azərbaycan xalqına ləyaqətlə xidmət etmişdir. Azərbaycanın müstəqilliyinin əbədi və dönməz olmasında, iqtisadi potensialının möhkəmlənməsində, bölgədə və dünyada nüfuzunun artmasında onun müstəsna xidmətləri var. Bu gün Ulu Öndər Heydər Əliyev bizimlə deyil, ancaq onun siyasəti yaşayır, onun qurduğu müstəqil Azərbaycan yaşayacaqdır”.

Bu gün dünya azərbaycanlıları da Azərbaycanın gələcəyini məhz Heydər Əliyev ideyaları və Prezident İlham Əliyevin uğurlu siyasəti ilə əlaqələndirirlər. Çünki bu siyasətin əsasında milli maraqlar, xalqın rifahı, dövlətin güclənməsi və Azərbaycanın beynəlxalq nüfuzunun daha da artırılması dayanır.

Bütün bunlar bir daha göstərir ki, nə qədər Azərbaycan xalqı və dövləti var, Ümummilli Lider Heydər Əliyevin adı daim yaşayacaq, onun əziz xatirəsi xalqımızın qəlbində sonsuza qədər xüsusi ehtiramla anılacaqdır. Ulu Öndərin ideyaları Azərbaycanın bugünkü və gələcək inkişaf yolunun əsasını təşkil etməyə davam edəcək, onun qurduğu müstəqil dövlət daim yüksəliş və tərəqqi yolu ilə irəliləyəcəkdir.

Siyavuş Novruzov,
Milli Məclisin Regional məsələlər komitəsinin sədri