08 may 2026 13:54
107

Almaniyanın qərbində bank şöbəsinə hücum olub

Almaniyanın Reynland-Pfalts federal torpağında yerləşən Zinsiq şəhərində silahlı şəxslər Volksbank bankının şöbəsində girov götürüblər. Hadisə yerinə çoxsaylı polis qüvvələri cəlb olunub, ərazi mühasirəyə alınıb.

“İki sahil” xəbər verir ki,  "Bild" nəşrinin məlumatına görə, şəhər üzərində polis helikopterləri də uçuş həyata keçirir.

Şahidlərin sözlərinə görə, bank şöbəsinin qarşısına zirehli inkassasiya maşını gəlib. Sürücü avtomobildən düşdükdən sonra silahlı şəxs ona yaxınlaşıb və onu bankın binasına daxil olmağa məcbur edib.

Yerli polis nümayəndəsi bildirib ki, ilkin məlumata əsasən, binada bir neçə cinayətkar və girov var. Girovlardan birinin inkassasiya maşınının sürücüsü olduğu qeyd edilir.

Polis vurğulayıb ki, mühasirəyə alınmış ərazidən kənarda yaşayan vətəndaşlar üçün təhlükə yoxdur. Hadisə nəticəsində xəsarət alanlar barədə hələlik məlumat verilməyib.