08 may 2026 13:43
111

Hörmüz boğazında son vəziyyət necədir?

İran və ABŞ arasında qarşılıqlı hərbi zərbələrdən sonra Yaxın Şərqdə gərginlik daha da artıb. Buna baxmayaraq, ABŞ prezidenti Donald Tramp bildirib ki, tərəflər arasında atəşkəs hələ də qüvvədə qalır.

“İki sahil” xəbər verir ki, "The New York Times" qəzetinin məlumatına görə, Vaşinqton Tehrana müharibənin dayandırılması və danışıqlara vaxt qazanılması məqsədilə 30 günlük müvəqqəti sülh planı təklif edib. Sənədin memorandum formasında hazırlanaraq tərəflər arasında imzalanması nəzərdə tutulur. Lakin İran hələlik bu təklifə rəsmi cavab verməyib.

İran tərəfi bildirib ki, gecə saatlarında ABŞ qüvvələri İran tankerinə zərbə endirib. Buna cavab olaraq İran İslam İnqilabı Keşikçiləri Korpusu Hörmüz boğazı yaxınlığında yerləşən üç ABŞ esminesinə hücum etdiyini açıqlayıb.

Hörmüz boğazı dünya enerji bazarı üçün strateji əhəmiyyət daşıyan əsas dəniz marşrutlarından biridir. Qlobal neft daşımalarının böyük hissəsi məhz bu boğazdan keçir. Buna görə də bölgədə hərbi gərginliyin artması beynəlxalq bazarlarda ciddi narahatlıq yaradıb.

Beynəlxalq media və analitiklər qeyd edirlər ki, tərəflər arasında açıq müharibə riskinin artması neft qiymətlərinə, dəniz təhlükəsizliyinə və regiondakı siyasi sabitliyə ciddi təsir göstərə bilər.