08 may 2026 12:57
194

“Almaniya üçün Alternativ” partiyası 2,35 milyon avroluq ianəni geri qaytarmalı olacaq

Berlin İnzibati Məhkəməsi qərar verib ki, ultra-sağçı “Almaniya üçün Alternativ” (AfD) partiyası 2,35 milyon avro məbləğində ianəni geri qaytarmalıdır. Məhkəmənin qənaətinə görə, bu vəsait qanun pozuntusu ilə qəbul edilib. Faktiki olaraq həmin məbləğ artıq Bundestaqın sərəncamındadır və məhkəmə yalnız AfD-nin bu pulu geri ala bilməyəcəyini təsdiqləyib.

“İki sahil” xəbər verir ki, bu barədə "www.berlin.de" məlumat yayıb. 

Hakim Erna Viktoriya Ksalter bildirib ki, partiya bu vəsaiti qəbul etməməli idi, çünki “ianənin ilkin mənbəyinin kimliyi onun qəbul edildiyi anda müəyyən edilməmişdi”.

Almaniya qanunvericiliyinə əsasən, siyasi partiyalar 500 avrodan artıq ianə edən şəxslərin kimliyini açıqlamalıdır. AfD bu ianə barədə 2025-ci ilin fevralında - Bundestaq seçkiləri ərəfəsində məlumat vermişdi. Partiyanın açıqlamasına görə, vəsaiti Avstriyanın sağçı Azadlıq Partiyasının keçmiş üzvü Gerhard Dinqler köçürüb.

Lakin "Der Spiegel" və "Der Standard" nəşrlərinin apardığı araşdırma göstərib ki, ianədən bir həftə əvvəl alman-isveçrəli milyarder Henning Konle Dinqlerin hesabına 2,6 milyon avro köçürüb. Araşdırmanın nəticələri dərc edildikdən sonra AfD həmin məbləği Bundestaqın sərəncamına verib.

Daha sonra partiya məhkəmədə ianənin geri qaytarılması qərarına etiraz etməyə çalışıb. AfD nümayəndələri bildiriblər ki, onlar Dinqlerin bu vəsaiti Konledən aldığını bilməyiblər. Bununla belə, məhkəmə partiyanın həmin məbləği qəbul etməkdən imtina etməli olduğunu təsdiqləyib.