08 may 2026 11:00
306

Biz bundan sonra ancaq və ancaq irəli gedəcəyik - TƏHLİL

Ümummilli Lider Heydər Əliyevin şah əsəri olan müasir müstəqil Azərbaycan bu gün  dünyaya qalib, bütövləşən, yeni dövrə qədəm qoyan ölkə kimi təqdim edilir

Müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü ölkəmizdə və onun hüdudlarından kənarda yüksək səviyyədə qeyd edilir, dahi şəxsiyyətin dövlətimiz və xalqımız qarşısındakı xidmətləri geniş təhlil olunur. Bu yazıda Onun ən böyük xidməti olan xalqa 1 oktyabr 2003-cü il tarixli müraciətindən, növbəti inam ünvanını xalqa  təqdim etməsindən bəhs edəcəyik. Bu gün Onun şah əsəri olan müasir müstəqil Azərbaycan qalibiyyəti ilə  dünyaya səs salıb. Hər bir reallığın arxasında güc, prinsipiallıq, əzm, iradə, böyük səylər dayanır. Bu gün ərazi bütövlüyünü, suverenliyini tam bərpa etmiş Azərbaycanımızı müstəqilliyimizin bərpasının ilk illərinin Azərbaycanı ilə müqayisə etsək haradan-haraya gəldiyimizi daha aydın görərik.

Ümummilli Lider Heydər Əliyevin düşünülmüş və məqsədyönlü siyasəti nəticəsində  1993-2003-cü illərdə yaradılan möhkəm təməl Azərbaycanın bugunkü uğurlarını şərtləndirdi. Məhz bu imkanlara söykənərək Ulu Öndər Heydər Heydər Əliyev 2003-cü il 1 oktyabr tarixində xalqa müraciətində bildirmişdi ki, mən öz mənalı həyatımın düz 60 ilini xalqımın bu günü və sabahı ilə yaşamışam. Bunun son on ili müstəqil Azərbaycan dövlətinə xidmətdə keçib. Bu sahədə görülən işlər Sizə məlumdur, lakin mənim hələ tamamlanmamış çox perspektivli planlarım var. Son vaxtlar səhhətimdə yaranan bəzi problemlər mənə imkan vermir ki, bütün bu başladığım, nəticələrini aydın gördüyüm işləri tamamlayım. Buna baxmayaraq, 2003-cü ilin 15 oktyabrında keçiriləcək prezident seçkilərində iştirak etmək üçün mənim də namizədliyim irəli sürülüb və qeydiyyata alınıb. Yüz minlərlə insan seçki kampaniyasına qoşularaq mənim təbliğatımı aparır. Fürsətdən istifadə edərək bu insanlara, namizədliyimi irəli sürən və dəstəkləyən Yeni Azərbaycan Partiyasının bütün üzvlərinə, digər ictimai-siyasi təşkilatların nümayəndələrinə, elm, təhsil və mədəniyyət xadimlərinə, ziyalılara və mənə dəstək verən bütün Azərbaycan xalqına dərin təşəkkürümü bildirirəm: “Üzümü Sizə - həmvətənlərimə tutaraq, qarşıdan gələn prezident seçkilərində prezidentliyə namizəd, mənim siyasi varisim, Yeni Azərbaycan Partiyası sədrinin I müavini İlham Əliyevi dəstəkləməyə çağırıram. O, yüksək intellektli, praqmatik düşüncəli, müasir dünya siyasətini və iqtisadiyyatını gözəl bilən, enerjili və təşəbbüskar bir şəxsiyyətdir. Sizi əmin edirəm ki, həm İlham Əliyev, həm də Yeni Azərbaycan Partiyası bundan sonra da xalqımızın ən layiqli övladlarını öz ətrafında sıx birləşdirərək Azərbaycan dövlətinin inkişafı və xalqımızın firavanlığı yolunda çox işlər görəcəklər. İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri Sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm.”

Cənab İlham Əliyev 2003-cü ildə xalqın böyük əksəriyyətinin səsini qazanaraq Prezident seçildikdən sonra andiçmə mərasimində Azərbaycanın xoşbəxt gələcəyinə əminliyini ifadə edərək vurğuladı ki,  ölkəmiz bundan sonra da inkişaf edəcək, daha da güclənəcəkdir. Azərbaycanda demokratiya daha da inkişaf edəcək, siyasi plüralizm, söz azadlığı təmin olunacaqdır. Ölkəmiz müasir dövlətə çevriləcəkdir. Bütün bunları etmək üçün Azərbaycanda çox işlər görmək lazımdır. Ancaq bütün bunları həyata keçirmək və Azərbaycanı qüdrətli dövlətə çevirmək üçün ən başlıcası, ölkədə Heydər Əliyevin siyasəti davam etdirilməlidir: “Bu gün yüksək kürsüdən çıxış edərkən mən Azərbaycan xalqına söz verirəm ki, bu siyasətə sadiq qalacağam, heç vaxt bu yoldan dönməyəcəyəm, Heydər Əliyevin siyasətini davam etdirəcəyəm. Mən bu gün bu yüksək kürsüdən əziz prezidentimiz cənab Heydər Əliyevə müraciət edərək deyirəm: əziz Prezident, əsərin olan müasir Azərbaycanı gücləndirəcəyik, zənginləşdirəcəyik, hərtərəfli inkişaf etdirəcəyik, Sizin yolunuzla yeni qələbələrə doğru gedəcəyik.»

Azərbaycanın bugünkü uğurları Heydər Əliyev siyasətinin təntənəsidir. Dahi şəxsiyyətin  dövlətimiz, xalqımız qarşısında  xidmətlərindən bəhs edərkən Onun xalqa tarixi müraciətində inamın növbəti ünvanını göstərməsidir. Cənab İlham Əliyevin qarşıdakı dövr üçün verdiyi vədlər sırasında bu mühüm çağırış xüsusi yer tutmuşdu: «Azərbaycan gələcəkdə çox zəngin və qüdrətli ölkəyə çevriləcəkdir. Neft strategiyasını davam etdirərək, qısa müddət ərzində ölkəmizi hərtərəfli inkişaf etdirəcəyik.»

Hər bir ölkənin inkişafında sabitlik və iqtisadi tərəqqi əhəmiyyətli rol oynayır.  Ümummilli Lider Heydər Əliyevin müəllifi olduğu neft strategiyası Azərbaycana davamlı uğurlar qazandırır. Ulu Öndər iqtisadiyyatın inkişafında neft amilinə böyük önəm verməklə Azərbaycanın bugünkü inkişafının əsasını qoydu. Hazırda iqtisadiyyatın şaxələndirilməsi siyasəti uğurla davam etdirilir. Dövlət başçısı İlham Əliyevin qarşıya qoyduğu əsas hədəflərdən biri  neft kapitalının insan kapitalına çevrilməsi oldu. Bu hədəfə yüksək səviyyədə nail olmaq üçün regionların malik olduğu iqtisadi potensialdan səmərəli istifadənin zəruriliyi gündəmə gətirildi. Cənab İlham Əliyevin Sərəncamı ilə Regional inkişaf proqramı təsdiqləndi. İlk proqramın əhatə etdiyi 2004-2009-cu illər üçün nəzərdə tutulan bütün hədəflərin uğurlu icrası növbəti üç sənədin qəbulunu zərurətə çevirdi. Artıq dörd Dövlət Proqramı uğurla icra edilib və tarixi Zəfərimizin reallıqları əsasında bütün regionları, o cümlədən işğaldan azad edilmiş əraziləri əhatə edən «Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər» təsdiqləndi.

Azərbaycanın hər bir uğurunun əsasında iqtisadi müstəqilliyimizin təmin edilməsi dayanır. Ümummilli Lider Heydər Əliyevin  düşünülmüş və məqsədyönlü siyasəti nəticəsində ölkəmizin malik olduğu təbii resurslarından səmərəli istifadəsi, enerji diplomatiyasını uğurla həyata keçirməsi bu sahədə biri-birindən mühüm addımların atılmasını təmin edir. Bu gün Azərbaycan regional inkişafın aparıcı qüvvəsinə, dünya birliyinin fəal üzvünə, dünyanın enerji təhlükəsizliyinin təminatçısına  çevrilib. Azərbaycanın iştirakı olmadan bölgədə hansısa iqtisadi və siyasi layihənin həyata keçirilməsi mümkünsüzdür. Bunun üçün Azərbaycanın enerji sektorunda qazandığı uğurların xronologiyasına diqqət yetirmək kifayətdir. Bircə faktı qeyd etmək kifayətdir ki, 2017-ci ildə «Yeni əsrin müqaviləsi» imzalandı. 2018-ci ilin mayında Cənub Qaz Dəhlizinin rəsmi açılışı oldu, həmin ilin iyununda TANAP,  2020-ci ilin dekabrında isə TAP istifadəyə verildi. Bugünün əsas çağırışı isə bərpaolunan enerji mənbələrinə investisiyaların yatırılmasıdır. İşğaldan azad edilmiş ərazilərimiz bu sahədə böyük potensiala malikdir ki, bu da gələcəkdə həm ölkəmizin, həm də yeni layihələrdə iştirak edəcək ölkələrin enerji təhlükəsizliyinin təminatına böyük töhfə olacaq. Azərbaycanın 2024-cü ildə  COP29 tədbirinə ev sahibliyi malik olduğu bütün imkanların dünyaya təqdimatında öz sözünü dedi. Hazırda Azərbaycan neft, qaz, elektrik enerjisi ixracatçısı kimi dünyanın diqqətindədir. İqtisadi müstəqillik Azərbaycanın siyasi müstəqilliyini şərtləndirdi.

Dövlətimizin başçısı İlham Əliyev 44 günlük müharibə dövründə xalqa müraciətlərində, eyni zamanda,  Zəfər tariximiz münasibətilə xalqa təbrikində Qələbəmizdə iqtisadi və siyasi müstəqilliyin rolunu da xüsusi qeyd etdi. Azərbaycanın beynəlxalq münasibətlər sistemində möhkəmlənən mövqeyi, ən əsası Qarabağ münaqişəsinin həlli üçün möhkəm hüquqi bazanın mövcudluğu Azərbaycan Ordusunun döyüş meydanında qələbəsinə yol açdı. Azərbaycan dünyaya sübut etdi ki, beynəlxalq hüququn norma və prinsipləri mövcuddur və onların icrası üçün vahid mexanizm olmalıdır. Bu Qələbə dünyanın yeni xarici siyasətinin formalaşmasında, yeni reallıqların yaradılmasında əhəmiyyətli rol oynadı. Ərazi bütövlüyümüzün bərpası bizim üçün bir nömrəli vəzifə idi. Biz buna nail olmaq üçün böyük səy göstərdik. Ordumuz faktiki olaraq yenidən quruldu. İqtisadi dayanıqlıq bütün sahələrdə təkmil islahatlara geniş yol açdı. Ordu quruculuğu sahəsində atılan addımların nəticəsi idi ki, Silahlı Qüvvələrimiz dünyanın ən güclü 50 ordusu sırasında qərarlaşıb.

Onu da qeyd etmək istərdik ki, dünya Azərbaycan Ordusunun hansı imkanlara malik olduğunu hələ 2016-cı ilin Aprel döyüşlərində, həmçinin 2018-ci ilin Günnüt əməliyyatında şahidi olmuşdu. Müzəffər Ali Baş Komandan İlham Əliyev üzərinə düşən missiyanı  şərəflə yerinə yetirdi. 44 gündə 30 ilin işğalına son qoyulması Azərbaycanın bu illər ərzində necə gücləndiyini, qüdrətləndiyini nümayiş etdirdi. Ordumuz bütün döyüş tapşırıqlarını qətiyyətlə yerinə yetirməyə hazır olduğunu 2020-ci il 27 sentyabar tarixində Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazilərini müxtəlif istiqamətlərdən raket atəşinə tutan zaman Müzəffər Ali Baş Komandanın «Hücum!» əmrini yüksək səviyyədə cavablandırması ilə təsdiqlədi. 44 günün hər günü xalqımız dövlət başçısı İlham Əliyevdən qələbə müjdələrini eşitdi. Dövlət başçısının xalqa hər müraciətində hansısa kəndin, şəhərin, qəsəbənin və strateji yüksəkliyin işğaldan azad edilməsi xəbəri çatdırıldı. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun əsgər və zabitlərinin canı, qanı bahasına Vətən müharibəsində Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı şəhərləri, Zəngilan rayonunun Mincivan, Ağbənd, Bartaz qəsəbələri, Xocavənd rayonunun Hadrut qəsəbəsi və bir çox kəndləri, Tərtər rayonunun Suqovuşan kəndi, Xocalı və Laçın rayonlarının bir neçə kəndi daxil olmaqla, ümumilikdə 300-dən çox yaşayış məntəqəsi, həmçinin Ağdərə, Murovdağ və Zəngilan istiqamətlərində mühüm strateji yüksəkliklər işğaldan azad edildi. Qarabağın tacı Şuşa şəhərinin azad edilməsi və Ermənistanın kapitulyasiya aktını imzalamağa məcbur olması ilə müharibə başa çatdı. Azərbaycanın döyüş meydanında qazandığı böyük qələbə siyasi müstəvidə də öz təsdiqini tapdı. Belə ki, Ermənistan Ağdam, Kəlbəcər və Laçın rayonlarını işğaldan azad etmək məcburiyyətində qaldı və bununla da tarixi ədalət bərpa olundu.

Bu gün əzəli torpaqlarına qovuşan Azərbaycan çal-çağırlı günlərini yaşayır. Xalqımıza qələbə yaraşır. 30 ilə yaxın müddətdə torpaqlarımızın işğal altında, bir milyondan çox soydaşımızın qaçqın və məcburi köçkün vəziyyətində yaşamasına baxmayaraq Azərbaycan xalqı gələcəyə, ərazi bütövlüyümüzün və suverenliyimizin,  tarixi ədalətin bərpa olunacağı günə inamını itirmədi. Bu inama əsas verən Ümummilli Lider Heydər Əliyevin yaratdığı möhkəm təməl,  dövlətimizin qətiyyəti, münaqişənin həlli ilə bağlı prinsipial mövqeyimizin dəyişməməsi, ən yüksək tribunalardan səsləndirilən bəyanatların real həyatda öz əksini tapması idi. 2003-cü ildən Ulu Öndər Heydər Əliyevin siyasi kursunu bütün sahələrdə uğurla davam etdirən Prezident İlham Əliyev bütün çıxışlarında bu əminliyi ifadə edirdi ki, ərazi bütövlüyümüz və suverenliyimiz təmin olunacaq, soydaşlarımız doğma yurd-yuvalarına qayıdacaq, bu ərazilərimizdə yeni həyat başlayacaq.

2023-cü il oktyabın 15-də Xankəndi şəhərində Azərbaycan Bayrağını ucaltdıqdan sonra çıxışında «İyirmi il bundan əvvəl Prezident kimi öz vəzifə borcumu yerinə yetirməyə başlayanda qarşıma bir nömrəli vəzifə qoymuşdum ki, Azərbaycan Bayrağı o vaxt işğal altında olan bütün ərazilərdə, bütün torpaqlarda, bütün şəhər və kəndlərdə qaldırılsın. Hər gün, hər saat biz bu müqəddəs məqsədə doğru gedirdik. Hər gün biz bu müqəddəs anı yaxınlaşdırırdıq və dəfələrlə deyirdim ki, hər birimiz, hərə öz yerində öz işi ilə bu günü yaxınlaşdırmalıdır» söyləyən dövlət başçısı İlham Əliyev onu da əlavə etdi ki, bu illər ərzində Azərbaycan gücləndi, dünya miqyasında özünə layiq yerini tuta bildi. Artıq Azərbaycanla dünyada hesablaşırlar. Ölkəmizin mövqeyi, dövlətimizin addımları nəinki bölgədə, daha da böyük coğrafiyada böyük məna daşıyır: «Bir çox hallarda Azərbaycan önəmli təşəbbüslərin müəllifidir. Biz bu illər ərzində Ermənistan-Azərbaycan münaqişəsini həll etmək üçün güclü bir siyasi və hüquqi zəmin yaratdıq. Eyni zamanda, biz güclü iqtisadiyyat yaratdıq…  Güclü iqtisadiyyat müstəqillik deməkdir. Müstəqillik heç vaxt şərti olmamalıdır. Əsl müstəqilliyə nail olmaq üçün güclü iqtisadiyyatın olmalıdır, güclü ordun olmalıdır.»

Azərbaycan xalqı həmişə öz Liderinə güvənib, ona ən güclü dayaq olub. 44 günlük Vətən müharibəsi və birgünlük antiterror tədbirləri  bu güvənin təqdimatı kimi də tarixə yazıldı. Zəfərimizin Sərkərdəsi, ərazi bütövlüyümüzün bərpasının memarı kimi adını tarixə yazdıran dövlətimizin başçısı, Ali Baş Komandan İlham Əliyev azad edilmiş ərazilərimizə  səfəri zamanı onu da  bildirir ki, bu gün burada olmağımızın əsas səbəbkarı Azərbaycan xalqıdır, Azərbaycan övladıdır. Elə bir gənc nəsil yetişdirdik ki, Vətən, torpaq uğrunda ölümə getməyə hazır idi və ölümə də gedirdi. Şəhidlərimizin ruhu qarşısında baş əyirik. Azərbaycan xalqı olaraq onlara əbədi borcluyuq. Təkcə Azərbaycan vətəndaşları yox, dünyada yaşayan on milyonlarla azərbaycanlı Azərbaycan əsgəri və zabiti ilə, Azərbaycan dövləti ilə haqlı olaraq fəxr edir.

Şübhəsiz, 2003-cü ildən başlanan Böyük Yolun  davamını bir yazıda əhatə etmək  mümkün deyil. Yazıda keçilən yolun uğurlarının yalnız çox az bir hissəsinə nəzər salaraq Ümummilli Liderin yaratdığı möhkəm təməlin Azərbaycanı hansı zirvələri fəth etdirdiyini  təqdim etmək istədik. Cənab İlham Əliyev  2023-cü il 15 oktyabr tarixində Azərbaycan Bayrağını Xankəndidə, Xocalıda, Xocavənddə, Ağdərədə  ucaldıqdan sonra xalqa müraciətində bu məqamı böyük qürur hissi ilə qeyd etdi: “Şadam ki, son 20 il ərzində verdiyim bütün vədlər, qarşıma qoyduğum bütün vəzifələr icra edildi.»  Bu fikirlər Ümummilli Lider Heydər Əliyevin 1 oktyabr 2003-cü il tarixdə xalqa müraciətində əksini tapan inamın təsdiqi oldu.  Ulu Öndər Heydər Əliyev bütün çıxışlarında qaçqın və məcburi köçkünlərin mütləq öz torpaqlarına qayıdacağı­nı, erməni qəsbkarlığının uzun sürməyəcəyini hər zaman bildi­rir, hər şeyin zamana ehtiyacı olduğunu vurğulayırdı. Bu gün bu fikir böyük qürur hissi ilə qeyd olunur ki, Ulu Öndər Azərbaycanı müstəqilliyini itirmək təhlükəsindən xilas etdisə, Prezident İlham Əliyev torpaqlarımızın xilaskarı, ərazi bütövlüyümüzü bərpa edib, yenilməz xalq adını özümüzə qaytaran Lider kimi adını tarixə qızıl hərflərlə  yazdırdı. Ümummilli Lider Heydər Əliyevin vaxtilə işğal altında olan ərazilərimiz haqqında söylədiyi “Arzu edirəm ki, sizinlə birlikdə gedək Şuşaya. Gedəcəyik, inanın ki, gedəcəyik. Şuşa Azərbaycanın gözüdür, hər bir azərbaycanlı üçün bu, iftixar mənbəyidir. Şuşa bizim mədəniyyətimizin, tariximizin rəmzidir. Şuşa hamı üçün əzizdir. Amma tək Şuşa yox, Laçın dağları da belə əzizdir. Heç vaxt biz Laçınsız yaşaya bilmərik. Ağdam kimi gözəl bir şəhər, Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcərin o bulaqları, Kəlbəcərin o İsti suyu. Biz onlarsız yaşaya bilmərik” fikirlərinin davamı olaraq Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı, Prezident İlham Əliyev Şuşa şəhərinin 2020-ci il noyabrın 8-də işğaldan azad edildiyi gün xalqımıza bu müraciəti etdi: «Xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim. Şuşanı azad etdik! Bu, böyük Qələbədir! Şəhidlərimizin, Ulu Öndərin ruhu şaddır bu gün! Gözün aydın olsun Azərbaycan! Gözünüz aydın olsun dünya azərbaycanlıları! Əziz Şuşa, sən azadsan! Əziz Şuşa, biz qayıtmışıq! Əziz Şuşa, biz səni dirçəldəcəyik! Şuşa bizimdir! Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!»

Bu gün Qarabağımız və Şərqi Zəngəzurumuz azaddır, dirçəlir. Qarabağın və Şərqi Zəngəzurun dirçəldilməsi üçün genişmiqyaslı işlər aparılır. Hədəf Böyük Qayıdış Proqramının birinci mərhələsinin icrasının başa çatacağı cari ildə 140 min keçmiş məcburu köçkünün doğma yurd-yuvasına qayıdışını təmin etməkdir. Hazırda 9 şəhər, onlarla kənd və qəsəbə sakinlərinə qovuşub. Bu torpaqlarda  keçirilən Azərbaycan Milli Şəhərsalma forumları bərpa-quruculuq işlərinin dünyaya təqdimatında öz sözünü deyir. Cənab İlham Əliyev bildirir: «Bilmirəm, tarixdə buna oxşar bərpa işləri hansısa ölkədə aparılmışdır, ya yox. Ancaq bu fakt bir də onu göstərir ki, bu, bizim üçün həmişə ən vacib məsələ olub, - həm işğal dövründə məcburi köçkünlər üçün yeni qəsəbələr salınırdı və xüsusilə indiki şəraitdə.»

Tarixi Zəfərimiz, suverenliyimizin tam bərpası Azərbaycanın bütün sahələrdə davamlı uğurlar qazanmasını şərtləndirir. Xarici siyasətdə əldə edilən nailiyyətlərin miqyası göz qabağındadır. Bu, bir daha onu göstərir ki, Azərbaycanın sözü imzası qədər əhəmiyyətlidir. Bu gün Azərbaycan sülh təcrübəsi ilə dünyanın diqqətindədir.  Artıq 9 aydır sülh şəraitində yaşayırıq. Azərbaycan sülh gündəliyinin müəllifi kimi regionda dayanıqlı sülhün və təhlükəsizliyin təmin edilməsində fəal rol oynayır. Qarşıda qalib Azərbaycanı daha möhtəşəm uğurlar gözləyir. Heydər Əliyev yolu Azərbaycanın uğurlarının, zəfərlərinin  əsasıdır.

Yeganə Əliyeva, “İki sahil”