08 may 2026 00:37
102

Azərbaycan kosmik gücə çevrilib

Prezident İlham Əliyevin uzaqgörən siyasəti nəticəsində ölkəmizdə kosmik sahənin inkişafına xüsusi diqqət ayrılır. Kifayət qədər kompleks texnoloji xüsusiyyətləri özündə ehtiva edən peyklər bir-birinin ardınca orbitə çıxarılıb. Azərbaycanın ilk peyki olan “Azerspace-1”-in 2013-cü ildə orbitə buraxılması ilə ölkəmizin kosmik sənayesində yeni mərhələ başladı. Bu peyk bu gün də ölkəmiz üzərində ən güclü siqnala malik peykdir. Məhz “Azerspace-1” peykinin orbitə buraxılması ilə Azərbaycanın telekommunikasiya sahəsində digər ölkələrdən asılılığı aradan qaldırıldı. Xüsusilə yerüstü şəbəkənin mövcud olmadığı ərazilərdə, Xəzər dənizində üzən Azərbaycan gəmilərində və neft platformalarında rabitə məhz bu peyk vasitəsilə həyata keçirilməyə başladı. Hazırda “Azerspace-1” vasitəsilə Azərbaycan, türk, rus, ingilis və digər dillərdə, ümumilikdə 150-yə yaxın televiziya və radio kanalı yayımlanır. Eyni zamanda, peykin tutumlarından bir çox yerli və beynəlxalq əhəmiyyətli siyasi, mədəni və idman tədbirlərinin canlı yayımlarında geniş şəkildə istifadə olunur. Qeyd etmək yerinə düşər ki, bu xidmətlərin uzunmüddətli davamlılığını təmin etmək məqsədilə hazırda “Azerspace-3” layihəsi üzərində iş aparılır. Daha sonra 2014-cü ildə Yerin məsafədən müşahidə peyki “Azersky”, 2018-ci ildə isə “Azerspace-2” uğurla orbitə çıxarıldı. Bu peyklərin istifadəyə verilməsi kosmik sahədə insan kapitalının formalaşmasının əsasını qoydu.

Hazırda Azərbaycanın peykləri digər dövlətlərə də xidmət göstərir. Peyklərimiz Afrika, Avropa və Mərkəzi Asiyanı əhatə edən geniş coğrafiyada telekommunikasiya, yayım və internet xidmətləri təqdim edir. Yerin məsafədən müşahidəsi xidmətləri vasitəsilə kənd təsərrüfatı, ətraf mühitin mühafizəsi, fövqəladə halların idarə olunması, hasilat sənayesi, nəqliyyat və yol infrastrukturu, müdafiə və təhlükəsizlik, turizm, xəritəçəkmə və şəhərsalma, meliorasiya və su təsərrüfatı, dövlət əmlakının idarə olunması və kadastr sahələrində innovativ layihələr həyata keçirilir. Artıq Azərbaycan 48 ölkədən biri olaraq öz kosmik resurslarına malikdir və müəyyən tezliklər üzrə orbital mövqeyə sahibdir. İstənilən zaman 46° şərq uzunluğunda orbitə peyk çıxara bilər. Peyk xidmətləri ilə yanaşı, kosmik sahədə intellektual məhsulların ixracına da başlanılıb.

Bu günlərdə İstanbulda keçirilən "SAHA Expo 2026" çərçivəsində Türkiyənin peyk rabitə həlləri təminatçısı olan PROFEN şirkəti ilə Azərbaycanın Kosmik Agentliyi ("Azərkosmos") arasında peyk tutumundan istifadə ilə bağlı əməkdaşlıq razılaşması imzalanıb. Məlumata görə, razılaşmaya əsasən, PROFEN şirkəti "Azerspace-1" və "Azerspace-2" peyklərinin imkanlarından istifadə edərək Türkiyə, Avropa, Yaxın Şərq və Afrika regionlarında peyk rabitə xidmətləri göstərməyi planlaşdırır. Əməkdaşlıq çərçivəsində PROFEN-in Konya və Ankara şəhərlərində yerləşən yerüstü stansiya infrastrukturu ilə Azərkosmosun mövcud peyk imkanlarının inteqrasiyası nəzərdə tutulur. Bununla yanaşı, əməkdaşlıq mobil rabitə, o cümlədən uçuşdaxili internet xidmətləri (In-Flight Connectivity) və dənizçilik sahəsində peyk bağlantısını da əhatə edir. Əməkdaşlığın məqsədi regionda artan internet və rabitə ehtiyacına daha çevik və etibarlı həllər təqdim etməkdir.

Dünya kosmik ailəsinin üzvü olmaq və bu sahədə etibarlı tərəfdaş kimi tanınmaq ölkəmizə qlobal kosmik tədbirlərə ev sahibliyi etmək imkanı verir. Xatırladaq ki, ötən ilin 24–25 aprel tarixlərində ölkəmiz Kosmik Texnologiyalar Konfransına ev sahibliyi etdi. Konfrans çərçivəsində Türk Dövlətləri Təşkilatına üzv ölkələrin kosmik qurum rəhbərlərinin növbəti görüşü təşkil olundu. Tədbirin Azərbaycanda keçirilməsi ölkəmizin kosmik sahədə texnologiyaların vacib rolunu vurğulamaqla yanaşı, bu sahədə innovasiyaların və tədqiqatların təşviqində regional mövqeyimizi gücləndirmək üçün imkan yaradır. Konfrans kosmos sahəsində 35 ölkədən 112 təşkilatı təmsil edən 400-dən çox iştirakçını bir araya gətirdi. Bakı “STC-2025” konfransına Yaxın Şərq, Avropa, Asiya, Şimali və Cənubi Amerika, eləcə də Afrikadan iştirakçılar qatıldı. Artıq dördüncü dəfə keçirilən “STC” konfransında kosmik agentliklərin liderləri, dövlət sektoru və özəl kosmik şirkətlərin nümayəndələri, investorlar, yerli və beynəlxalq media qurumlarının təmsilçiləri iştirak etdilər. Kosmik Texnologiyalar Konfransı Avrasiya regionunda kosmik sahənin perspektivlərinin müzakirəsi və dialoqu, eləcə də uzunmüddətli tərəfdaşlıqların qurulması üçün tanınmış platformadır. Məqsədimiz regional əməkdaşlığı daha da gücləndirməkdir. “Azersky-2” proqramı üzrə işlər davam edir. Yeni telekommunikasiya proqramımız və “Azerspace-3” adlı yeni peykin orbitə buraxılması istiqamətində fəaliyyətlər aparılır.

Bir sözlə, Azərbaycanın kosmik sahədə nailiyyətləri artıq beynəlxalq səviyyədə tanınır. Peyklərimiz vasitəsilə geniş çeşidli xidmətlər təqdim olunur, kadrların inkişafı və milli kosmik ekosistemin gücləndirilməsi ölkəmizin texnoloji inkişaf səviyyəsini göstərir. Azərbaycan kosmik texnologiyalarda strateji yanaşma tətbiq edərək həm daxili ehtiyaclarını qarşılayır, həm də qlobal kosmik bazarda mövqeyini möhkəmləndirir.

Sevinc Azadi, “İki sahil”