07 may 2026 23:36
88

Ulu Öndərin ən böyük arzusu Şuşanı, Qarabağı və Zəngəzuru azad görmək idi

Müzəffər Ali Baş Komandan İlham Əliyev Ümummilli Lider Heydər Əliyevin, bütün Azərbaycan xalqının, dünya azərbaycanlılarının  arzusunu reallığa çevirdi   

Bu gün tarixi Zəfərimizin, suverenliyimizin tam bərpasının reallıqları əsasında yeni dövrə qədəm qoyan qalib Azərbaycanın uğurlarından qürurla bəhs edirik. Bu şanlı Qələbə dünyanın ən güclü 50 ordusu sırasında qərarlaşan Azərbaycan Silahlı Qüvvələrinin  gücünü,  eyni zamanda,  Vətən müharibəsinin rəmzinə çevrilən “Dəmir yumruğ”un özündə əks etdirdiyi birliyimizi, həmrəyliyimizi dünyaya nümayiş etdirdi. Bütün bunların əsasında isə  müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, Ümummilli Lider Heydər Əliyevin  düşünülmüş və gələcəyə hesablanmış siyasəti dayanır.

Təbii ki, bugünümüzün reallıqları hər zaman keçilən yolun təhlilini bir tələb kimi qarşıya qoyur. Azərbaycanın hardan-hara gəlib çıxdığını indiki və gələcək nəsillərə çatdırmaq hər birimizin vətəndaşlıq borcudur. Azərbaycan 1991-ci ildə dövlət müstəqilliyini bərpa etdi. Əfsuslar olsun ki, müstəqilliyimizin ilk illərində ölkəmizə rəhbərlik edənlərin idarəçilik qabiliyyətinin yoxluğu, şəxsi  maraqlarını düşünmələri ucbatından Azərbaycan böyük təhlükələrlə, faciələrlə üz-üzə qaldı, müstəqilliyini itirmək təhlükəsini yaşadı, ölkəmizdə  xaos, anarxiya, özbaşınalıqlar baş alıb getdi, torpaqlarımız işğal edildi. Belə bir çətin,  sabaha ümidin itdiyi bir zamanda xalq üzünü öz xilaskarına - Ümummilli Lider Heydər Əliyevə tutdu. Dövlətini, xalqını canından artıq sevən Ulu Öndər Heydər Əliyev hər zaman olduğu kimi, yenə də  xalqın səsinə səs verdi, xalqın təkidli tələbi ilə hakimiyyətə qayıtdı. Bu qayıdış Azərbaycanın bugününün və gələcəyinin əsası oldu. Zəngin idarəçilik təcrübəsi, düşünülmüş və gələcəyə hesablanmış siyasəti nəticəsində Azərbaycanı müstəqilliyini itirmək təhlükəsindən xilas edən  Ümummilli Lider Heydər Əliyev adını tariximizə xilaskar kimi  qızıl hərflərlə yazdırdı. Yeni Azərbaycan quruldu, dövlətçiliyin əsasları yaradıldı. Sabitliyi, iqtisadi tərəqqini hər bir ölkənin inkişafında vacib amil kimi önə çəkən  Ulu Öndər Heydər Əliyev çox qısa zamanda Azərbaycanı sabitlik diyarına çevirdi, ölkəmizin malik olduğu iqtisadi potensialdan səmərəli istifadəni təmin etmək üçün  yeni neft strategiyasının banisi kimi  tanındı. 1994-cü il sentyabrın 20-də imzalanan "Əsrin müqaviləsi" ilə əsası qoyulan bu strategiya, ölkənin zəngin karbohidrogen ehtiyatlarının dünya bazarlarına çıxarılmasını, iqtisadi müstəqilliyin möhkəmlənməsini və beynəlxalq əməkdaşlığı təmin etdi. Azərbaycanın iqtisadi müstəqilliyi siyasi mövqeyinin möhkəmləndirilməsini şərtləndirdi.

Ümummilli Lider Heydər Əliyevin Azərbaycan dövləti və xalqı qarşısında xidmətlərinin miqyası ölçüyəgəlməzdir. Bugünkü qalib, bütövləşən Azərbaycan Heydər Əliyev siyasətinin təntənəsidir. Onun bütün sahələrdə  yaratdığı möhkəm təməl 30 il işğal altında qalan torpaqlarımızın  azadlığa qovuşmasını, qaçqın və məcburi köçkün vəziyyətinə düşən bir milyindan artıq soydaşımızın torpaq həsrətinə son qoyulmasını, Böyük Qayıdış Proqramının uğurlu icrasını şərtləndirdi.

Ulu Öndər Heydər Əliyev Qarabağı, Şuşanı, Xankəndini, işğal altında olan bütün torpaqlarımızın azad olunmasını arzulayırdı və həmin günün uzaqda olmadığına əminliyini ifadə edirdi. Ulu Öndərin hakimiyyətə qayıdışından sonra əsas diqqət göstərdiyi məsələlərdən biri Azərbaycanın ətrafında yaradılmış informasiya blokadasını yarmaq, Qarabağ münaqişəsinin əsl mahiyyətini faktlar əsasında beynəlxalq ictimaiyyətə çatdırmaq oldu. Ümummilli Liderin xarici ölkələrə elə bir səfəri yox idi ki,  artıq tarixə qovuşan Qarabağ münaqişəsi ilə bağlı həqiqətlərdən bəhs etməsin, erməni  yalanları ifşa edilməsin. Ümummilli Liderin  hakimiyyətə qayıdışından sonra mühüm çağırışlarından biri də bu oldu ki, Azərbaycanın müstəqilliyini, suverenliyini daimi etmək üçün harada yaşamasından asılı olmayaraq bütün dünya azərbaycanlılarından bir amal-azərbaycançılıq ideologiyası ətrafında sıx birləşmək tələb olunur. Dahi şəxsiyyət diaspor quruculuğunu dövlət siyasətinin əsasına çevirdi.

Ulu Öndərin çağırışlarında bu məqam xüsusi qeyd edilirdi ki,  Qarabağ münaqişəsinin həllində güclü dövlət quruculuğu, beynəlxalq aləmdə uğurlu diplomatiya, hərbi qüdrətimizin möhkəmləndirilməsi əsasdır. Müstəqillik yollarında ilk addımlarını atan hər bir ölkənin beynəlxalq aləmdə özünü təsdiqləməsi vacibdir, bunun üçün ayrı-ayrı dövlətlərlə ikitərəfli və beynəlxalq təşkilatlar daxilində əlaqələr qurulmalı və inkişaf etdirilməlidir. Ümummilli Liderin uğurlu diplomatiyası nəticəsində Azərbaycanın beynəlxalq aləmdə mövqeləri möhkəmləndi, dünya ictimaiyyəti həqiqətlərimiz, o cümlədən Qarabağ münaqişəsinin əsl mahiyyəti barədə dolğun məlumatlar əldə etdi.

Ümummilli Lider Heydər Əliyevin “Sülh danışıqlarını cəsarətlə aparmaq üçün güclü ordun olmalıdır” çağırışı da özündə mühüm məqamları ehtiva etdi. Ordu quruculuğu dövlət siyasətinin əsas tərkib hissəsi kimi daim diqqətdə oldu.

Ulu Öndər Heydər Əliyev ordunun döyüş qabiliyyətinin artırılması ilə yanaşı, Azərbaycan xalqının mənəvi birliyinə və milli ruhunun möhkəmləndirilməsinə də böyük diqqət göstərdi. Bu ideologiya tarixi Zəfərimizin  mənəvi dayağı oldu. 2020-ci ildə Vətən müharibəsində Azərbaycan Silahlı Qüvvələri Ali Baş Komandan  İlham Əliyevin rəhbərliyi ilə şanlı Qələbəyə imza atdı. Rəşadətli Azərbaycan Ordusunun əsgər və zabitlərinin canı, qanı bahasına Vətən müharibəsində Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı şəhərləri, Zəngilan rayonunun Mincivan, Ağbənd, Bartaz qəsəbələri, Xocavənd rayonunun Hadrut qəsəbəsi və bir çox kəndləri, Tərtər rayonunun Suqovuşan kəndi, Xocalı və Laçın rayonlarının bir neçə kəndi daxil olmaqla, ümumilikdə 300-dən çox yaşayış məntəqəsi, həmçinin Ağdərə, Murovdağ və Zəngilan istiqamətlərində mühüm strateji yüksəkliklər işğaldan azad edildi. Qarabağın tacı Şuşa şəhərinin azad edilməsi və Ermənistanın kapitulyasiya aktını imzalamağa məcbur olması ilə müharibə başa çatdı. Azərbaycanın döyüş meydanında qazandığı böyük qələbə siyasi müstəvidə də öz təsdiqini tapdı. Ermənistan Ağdam, Kəlbəcər və Laçın rayonlarını işğaldan azad etmək məcburiyyətində qaldı və bununla da tarixi ədalət bərpa olundu.

Azərbaycanın hərbi-siyasi qələbəsinin, Ermənistanın kapitulyasiyasının təsdiqi olan 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanatda işğal altındakı ərazilərimizin boşaldılmasının  konkret tarixləri qeyd edildi. Belə ki, Kəlbəcər rayonu 15 noyabr, sonradan bu müddət 25 noyabr tarixinədək uzadıldı, Ağdam rayonu 20 noyabr, Laçın 1 dekabr tarixlərində boşaldılmalı idi. Dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyev 20 noyabr 2020-ci il tarixdə xalqa müraciətində qeyd etdi ki,  bu gün Ağdamın azad olunması xəbərini xalqıma böyük qürur hissi ilə çatdırıram, bu müjdəni verirəm. Bu gün bizim yaşadığımız günlər, yaşadığımız anlar, əminəm ki, hər bir azərbaycanlının yaddaşında əbədi qalacaq: “Biz tarix yazırıq, yeni tarix. Xalqımızın, ölkəmizin yeni şanlı tarixini yazırıq. Bu, Zəfər tarixidir. Bundan sonra biz, ilk növbədə, işğaldan azad edilmiş torpaqlara vətəndaşlarımızın qaytarılmasını təmin etməliyik. Bütün gücümüzü səfərbər etməliyik. Bütün maddi imkanlarımızı səfərbər etməliyik ki, tezliklə vətəndaşlarımızı doğma torpaqlarına qaytaraq”.

44 günlük Vətən müharibəsindən 3 il sonra 2023-cü ilin sentyabrında rəşadətli ordumuzun həyata keçirdiyi bir günlük antiterror tədbirləri nəticəsində suverenliyimiz tam bərpa edildi. Torpaqlarımız separatçılardan təmizləndi, Xankəndidə, Xocalıda, Xocavənddə, Ağdərədə Azərbaycan Bayrağı ucaldıldı. Dövlət başçısı İlham Əliyev suverenlyimizin bərpası fonunda 20 ildə verilən bütün vədlərin yerinə yetirildiyini,  Azərbaycanın yeni dövrə qədəm qoyduğunu bildirdi. Tariximizə yazılan Zəfər və Dövlət Suverenliyi günləri Heydər Əliyev yolunun uğurlarının  təqdimatıdır.

Prezident İlham Əliyev Ulu Öndər Heydər Əliyevin  inamını, etimadını verdiyi hər bir vədini reallığa çevirməklə təsdiqlədi, adını tariximizə torpaqlarımızın xilaskarı kimi qızıl hərflərlə yazdırdı. Artıq torpaqlarımızın  işğal günlərini deyil, azad edildiyi tarixləri qürurla qeyd edir və bundan sevinc hissi keçiririk. Prezident İlham Əliyevin  Sərəncamı ilə işğaldan azad edilmiş ərazilərimiz üzrə şəhər günləri təsis edildi. Məqsəd Vətən müharibəsində əldə edilmiş tarixi Qələbəni əbədiləşdirməkdir. Bu Sərəncama əsasən, 20 noyabr Ağdam Şəhəri Günüdür.

 Hazırda digər azad edilmiş ərazilərimiz kimi, Ağdam rayonu da sevincli günlərini yaşayır. Ağdam dirçəlir.  2021-ci ilin 28 may tarixində Prezident İlham Əliyev Ağdam şəhərinin bərpasının təməl daşının qoyulması mərasimində iştirak etdi, rayon ictimaiyyətinin nümayəndələri ilə görüşdü. Həmin görüşdə cənab İlham Əliyev vurğuladı ki, bu gün tarixi gündür. Çünki bu gün azad edilmiş torpaqlarda birinci Baş Plan artıq təsdiqlənir. Belə bir əminlik də ifadə olundu ki,  nəzərdə tutulmuş bütün məsələlər öz həllini tapacaq və biz sizinlə bundan sonra Ağdam şəhərində, Ağdam rayonunda çox görüşəcəyik: “Bir daha dediyim sözlərə qayıtmaq istəyirəm, mən bu 17 il ərzində - 2003-cü ildən 2020-ci ilə qədər ovaxtkı məcburi köçkünlərlə bir çox görüşlər keçirmişdim və hər zaman onlara deyirdim ki, biz torpaqlara qayıdacağıq, siz torpaqlara qayıdacaqsınız. Ancaq görürdüm ki, son illər onların gözlərində ümidlər azalır. Görürdüm və bu da təbii idi. Çünki 30 ilə yaxın vaxt keçmişdi. Ancaq mən hər zaman əmin idim ki, bu, olacaq. Sadəcə olaraq, deyə bilmirdim. Sadəcə olaraq, deyə bilmirdim ki, nə vaxt olacaq, necə olacaq. Amma bilirdim ki, olacaq”.

Qalib xalqın qalib Lideri erməni vandalları tərəfindən “Qafqazın Xirosiması”na çevrilən bu tarixi şəhərin yenidən bünövrəsini qoymaqla Azərbaycan xalqının əzmini, qüdrətini, gücünü nümayiş etdirdi. Yerlə-yeksan edilərək xarabalığa çevrilən “ruhlar şəhəri”nin yerində bu gün yeni Ağdam qurulur. İşğaldan azad edilmiş ərazilərimizdə aparılan genişmiqyaslı bərpa-quruculuq işləri Azərbaycanın müasir şəhərsalma təcrübəsini dünyaya təqdim edir. 2022-ci ilin oktyabrında Ağdam şəhərində ilk Azərbaycan Milli Şəhərsalma Forumu keçirildi. Dövlətimizin başçısı İlham Əliyev Forumdakı çıxışında qeyd etmişdir ki, Sovet İttifaqının vaxtında Ağdam Qarabağda ən böyük, həyatla coşub-daşan şəhər idi və Azərbaycanda hər kəs bunu bilir. Əraziləri işğaldan azad etdikdən sonra xarici ekspertlər, jurnalistlər buraya gəldilər və Ağdama bir neçə ad verdilər. Bu adlardan biri “urbisid qurbanı” idi, bu da tamamilə doğru idi. Digər ad “ruhlar şəhəri” idi, bu da tamamilə doğrudur. Biri də “Qafqazın Xirosiması” idi. Lakin Xirosimadan fərqli olaraq, dağıntılar atom bombasının partlaması nəticəsində baş verməmişdir, bu, qonşularımızın vandalizmi və barbarlığı nəticəsində olmuşdur: “Lakin indi biz qayıtmışıq, biz güc yolu ilə geri qayıtdıq, biz beynəlxalq hüquq normalarından istifadə edərək geri qayıtdıq və biz burada yaşamağa, əbədi yaşamağa geri qayıtdıq”.

İşğaldan azad edilmiş ərazilərimiz “ağıllı şəhər” və “ağıllı kənd” layihələri əsasında bərpa edilir.  Ağdam şəhəri ilk “ağıllı şəhər”, Zəngilan rayonunun Ağalı kəndi isə ilk “ağıllı kənd” oldu.  Bu gün Böyük Qayıdış Proqramı çərçivəsində  sakinlərinə qovuşan 9 şəhərdən biri  Ağdamdır.  Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva ötən il  dekabrın 24-də Ağdam şəhərində 2-ci yaşayış kompleksinin açılışında iştirak etdilər və buraya köçən sakinlərlə görüşdülər. Görüşdəki çıxışında  “Bu gün Ağdam şəhərinin tarixində çox əlamətdar bir gündür, tarixi bir gündür” söyləyən cənab İlham Əliyev bildirdi ki,  uzun fasilədən sonra ağdamlılar öz doğma şəhərinə qayıdırlar: “Əminəm ki, burada siz rahat yaşayacaqsınız, əmin-amanlıq şəraitində yaşayacaqsınız. Siz buna layiqsiniz. Uzun illər köçkün həyatını yaşamış insanlar üçün bu gün Ağdam şəhərində və işğaldan azad edilmiş bütün başqa ərazilərdə yeni, müasir şəhərlər, kəndlər, qəsəbələr salınır və artıq Böyük Qayıdış Proqramının əyani təzahürlərini hər kəs görə bilir”.

Artıq Qarabağımız və Şərqi Zəngəzurumuz dirçəlir, mərhələ-mərhələ sakinlərinə qovuşur. Prezident İlham Əliyev ata vəsiyyətini yerinə yetirdiyi üçün özünü xoşbəxt hiss edir. Güclü, qüdrətli, qalib Azərbaycan hər birimizin qürur mənbəyidir. Ümummilli Lider Heydər Əliyev elə bir Azərbaycan qurdu ki, hər zaman  möhtəşəm uğurları ilə dünyanın diqqətindədir.

Mansur Quliyev,
YAP Ağdam rayon təşkilatının sədri