07 may 2026 12:05
204

Möhkəm təmələ, qarşılıqlı etimada əsaslanan əməkdaşlıq

“İtaliya Azərbaycanla artıq uzun illər strateji tərəfdaşlıq əsasında münasibətlər qurmuşdur. Biz, sözün əsl mənasında, strateji tərəfdaşıq. Çünki bizim əməkdaşlığımız strateji xarakter daşıyır, qısamüddətli deyil, uzunmüddətlidir. Eyni zamanda, bizim əməkdaşlıq çərçivələrinə ildən-ilə yeni istiqamətlər əlavə olunur. Energetikadan başlamış sənaye istehsalına qədər uzanan və bu gün təhsil sahəsini əhatə edən əməkdaşlıq, sözün əsl mənasında, strateji xarakter daşıyır.” Dövlət başçısı İlham Əliyevin ötən il Bakıda İtaliya-Azərbaycan Universitetinin ilk tədris korpuslarının açılışında səsləndirdiyi bu fikirlər iki ölkə arasında əlaqələrin keçdiyi inkişaf yolunun aydın mənzərəsini yaradır. Cənab İlham Əliyevin bu günlərdə  ölkəmizdə səfərdə olan İtaliya Nazirlər Şurasının sədri Ciorcia Meloni ilə keçirdiyi görüşlərində, mətbuata bəyanatlarında da  bütün sahələrdə əməkdaşlığın inkişaf etdirilməsi üçün mövcud imkanlara diqqət yönəldildi, əldə olunan uğurlu nəticələr açıqlandı. Dövlətimizin başçısı  vurğuladı ki, biznes, kommersiya, ticarət əlaqələri, şirkətlərin birgə fəaliyyəti və digər məsələlərlə yanaşı, biz bəlkə də ən vacib sahəni də unutmamışıq, o da təhsil sahəsidir.  Keçən il Bakıda böyük təntənə ilə İtaliya-Azərbaycan Universiteti açılmışdır. Azərbaycanda təhsilin inkişafına bu universitetin çox böyük təsiri və töhfəsi olacaq. Artıq 500-dən çox tələbə orada təhsil alır və gələcəkdə onlar həm peşəkar mütəxəssislər, həm də ki, Azərbaycanın İtaliyada və İtaliyanın Azərbaycanda təbii elçiləri olacaqlar. Beləliklə, bizim dostluğumuz bundan sonra inamla davam etdiriləcəkdir.

Prezident İlham Əliyev qeyd etdi ki, 2014-cü və 2020-ci illərdə strateji tərəfdaşlığa dair iki bəyannamə imzalanmışdır. Bizim münasibətlərimizin əsasını təşkil edən bu iki sənəd və sənədlərdə təsbit edilmiş məsələlər bu gün həyatda da öz əksini tapır: “Sizin bu gün Azərbaycanda olmağınız bir daha Azərbaycan-İtaliya əlaqələrinin nə qədər dərin məzmunlu olmasından xəbər verir. Hər kəs bilir ki, Siz bu gün Ermənistanda idiniz. Ermənistanda öz proqramınızı bitirib Azərbaycana gəlmək bizim üçün xüsusi məna daşıyır, çox böyük rəmzi məna daşıyır, eyni zamanda, Azərbaycana göstərilən hörmətin və xoş münasibətin bariz təzahürüdür”.

İki ölkə arasında əlaqələrin əsas istiqamətlərindən biri energetika sahəsində tərəfdaşlıqdır.  Cənab İlham Əliyev qeyd etdi ki, burada da biz uzun illər ərzində etibarlı tərəfdaşlar kimi bir-birimizi dəstəkləyirik. Azərbaycan İtaliyanın neft  və qaz təchizatında ikinci yerdədir.  İtaliya bazarı həm neft, həm qaz üzrə birinci dərəcəli əhəmiyyət daşıyır. Keçən il Azərbaycan 25 milyard kubmetr təbii qaz ixrac edib, onun 9,5 milyardı İtaliya bazarına ixrac olunmuşdur. Bu gün söhbətlər və danışıqlar əsnasında biz bu həcmi artırmaq üçün müzakirələr aparmışıq. Bunun üçün təbii ki, Cənub Qaz Dəhlizinin tərkib hissəsi olan TAP layihəsinin genişləndirilməsi lazımdır. Artıq müəyyən dərəcədə genişləndirilib, amma bu proses davam etdirilməlidir.

İtaliya şirkətlərinin Azərbaycanda uğurlu fəaliyyətinin çox böyük tarixi var. Hazırda İtaliyanın 130-a yaxın şirkəti Azərbaycanda fəaliyyət göstərir. İstəyirəm ki, onların sayı daha da çox olsun. O cümlədən işğaldan azad edilmiş Qarabağda və Şərqi Zəngəzurda İtaliya şirkətləri 23 layihə həyata keçirib və həyata keçirir. Xarici ölkələrin şirkətlərinə baxdıqda bu layihələrin icrasında İtaliya yenə qabaqcıl yerlərdədir.

Qısa təhlil iki ölkə arasında möhkəm təmələ, qarşılıqlı etimada söykənən əlaqələrin yüksələn xətlə inkişafının aydın mənzərəsini təqdim edir. Hər iki ölkə həyata keçirdikləri  tərəfdaşlığı uzunmüddətli tərəfdaşlıq kimi görür.

Fəxrəddin Vəliyev,
​YAP Şəmkir rayon təşkilatının sədri