06 may 2026 18:14
288

Heydər Əliyev siyasəti yaşayır və uğurla davam etdirilir

Azərbaycanın müstəqil dövlət kimi bölgədə və dünyada layiqli yerini tutması məhz görkəmli dövlət xadimi, xalqının və dövlətinin müstəqilliyi, inkişafı naminə əvəzedilməz işlər görmüş Ulu Öndər  Heydər Əliyevin uzaqgörən siyasətinin nəticəsidir. XX əsr Azərbaycan tarixinin fenomen şəxsiyyəti olan Ümummilli Lider  xalqımızı müstəqillik idealına qovuşdurmuş, mütərəqqi tarixi ənənə əsasında yeni dövlətçilik konsepsiyasını irəli sürmüşdür. Buna görə də O, Azərbaycan xalqının və dövlətinin milli mənafeyini hər şeydən uca tutan, onu ümumi məqsədlər naminə səfərbər etməyi bacaran bir rəhbər kimi hələ sağlığında xalqımızın qəlbində əbədi yaşamaq hüququ qazanmışdır. 

Xalqımızın böyük oğlu Heydər Əliyev tarixin ən çətin, məsuliyyətli anlarında Azərbaycan xalqının ruhuna nəfəs kimi qayıdan, onu sevərək hifz edən, milli mövcudluğunu qoruyaraq xilaskarlıq missiyasını yerinə yetirən qüdrətli bir şəxsiyyətdir. Ümummilli Lider Heydər Əliyevin siyasətinin və dövlətçilik irsinin əsas qayəsi Azərbaycanın müstəqilliyi, suverenliyi və xalqımızın azad yaşamaq haqqının təmin olunmasıdır. Onun bütün fəaliyyəti Azərbaycanın siyasi, iqtisadi, milli və mədəni suverenliyinin möhkəmləndirilməsinə yönəlmişdi.

1969-cu ildə birinci dəfə respublika rəhbərliyinə gələn Ulu Öndərimiz sosial-iqtisadi böhran keçirən, geridə qalan Azərbaycanı qısa zaman  ərzində keçmiş İttifaqın ən qabaqcıl  respublikalarından birinə çevirmişdi. 1969-1982-ci illərdə milli şüurun oyanışı naminə həyata keçirilən kompleks  tədbirlər, elm, təhsil, səhiyyə, mədəniyyət, kadr hazırlığı, sosial-iqtisadi sahələr üzrə görülən işlər XX əsrin 90-cı illərində Azərbaycanın müstəqillik əldə etməsinə şərait yaratmışdır. Müasir mərhələdə Azərbaycanın dövlət suverenliyi və iqtisadi müstəqilliyi məhz həmin dövrdə təməli qoyulmuş potensiala əsaslanır. Dahi şəxsiyyət Heydər Əliyev öz xilaskarlıq missiyası ilə ölkəmizin müstəqilliyini qorudu, respublikada tüğyan edən ictimai-siyasi böhranı aradan qaldırdı və inkişafın təməlini qoydu. 

Ulu Öndərimiz Azərbaycanı həyatının mənası hesab edirdi. Bu səbəbdən həmişə azərbaycanlı olmağı ilə fəxr edir və deyirdi ki: "Mən fəxr edirəm ki, mən azərbaycanlıyam". Sonsuz iftixar və qürur hissi ilə səslənən bu fikirlər bir dahi ömrünün manifestidir. O manifestin hansı səhifəsini çevirsək, orada Azərbaycan naminə sonsuz fədakarlıqlar görəcəyik. Məhz buna görə deyirik ki, iyirminci əsr siyasi tariximizdə ulu öndər Heydər Əliyev qədər həyatını Azərbaycana həsr edən, Azərbaycançılıq uğrunda, dövlətimizin və xalqımızın müstəqilliyi uğrunda bu qədər fədakarlıqlar göstərən və hətta öz canından belə keçməyə hazır olan ikinci bir şəxsiyyət, ikinci bir dövlət xadimi olmayıb.
Dahi şəxsiyyət özündən sonra gələcək nəsillər üçün  zəngin irs qoymuşdur. Bu irs bütöv bir idarəçilik məktəbini, xalqımızın özünütəsdiq, həmrəylik və milli dövlətçilik şüurunu, çağdaş ictimai-siyasi fikrin ən ümdə keyfiyyətlərini özündə ehtiva edir. Milli özünüdərkin yüksək siyasi ifadəsi olan müstəqil dövlət ideyası ən yeni tariximizdə məhz görkəmli dövlət xadimi Heydər Əliyevə məxsusdur.
Artıq təsdiqini tapmış faktdır ki, 1993-2003-cü illərdə Azərbaycanın sürətli inkişafı bugünkü reallıqların bünövrəsi rolunu oynayıb. Həmin illərdə görülmüş işlər sayəsində Azərbaycan inkişaf yoluna qədəm qoydu, beynəlxalq aləmdə daxili siyasətlə bağlı bütün məsələlərdə öz prinsipial mövqeyini nümayiş etdirdi, dünyada böyük hörmətə malik oldu. Ölkə daxilində başlanan və uğurla davam etməkdə olan islahatlar dövlətimizin və xalqımızın bu günü, gələcəyi üçün həlledici amil rolunu oynadı. 

Bugünkü Azərbaycan dahi şəxsiyyət Heydər Əliyevin görmək istədiyi azad, müstəqil, ərazi bütövlüyü təmin olunmuş Azərbaycandır. Uğurlu daxili və xarici siyasət həm Azərbaycanın yüksəlişi və inkişafında, milli maraqlarının qorunmasında, həm də ölkəmizin dünyanın siyasi arenasında layiqli yer tutmasında öz ifadəsini tapır.  Ulu Öndər Heydər Əliyevin ən böyük arzusu Şuşanı, Qarabağı və Zəngəzuru azad görmək, Azərbaycanı bütöv görmək idi. Ümummilli Lider məcburi köçkünlərlə görüşlərinin birində bildirmişdi: “Arzu edirəm ki, sizinlə birlikdə gedək Şuşaya. Gedəcəyik, inanın ki, gedəcəyik. Şuşa Azərbaycanın gözüdür, hər bir azərbaycanlı üçün iftixar mənbəyidir. Şuşa bizim mədəniyyətimizin, tariximizin rəmzidir. Şuşa hamı üçün əzizdir. Amma təkcə Şuşa yox, Laçın dağları da əzizdir. Biz heç vaxt Laçınsız yaşaya bilmərik. Ağdam kimi gözəl bir şəhər, Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcərin o bulaqları, Kəlbəcərin o İsti suyu – biz onlarsız yaşaya bilmərik.” Dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyev Ümummilli Liderin bu istəyini, arzusunu reallığa çevirdi. Azərbaycan xalqının qüdrətini bəşəriyyətə sübut etdi. 

Müzəffər Ali Baş Komandan İlham Əliyev 8 noyabr 2020-ci ildə Şuşanın işğaldan azad edilməsi müjdəsini xalqa çatdırarkən “Mən xoşbəxt insanam ki, ata vəsiyyətini yerinə yetirdim. Şuşanı azad etdik! Bu, böyük Qələbədir! Bu gün şəhidlərimizin, Ulu Öndərin ruhu şaddır! Gözün aydın olsun, Azərbaycan!” fikirləri ilə Prezidentlik dövrünün əsas hədəflərini reallığa çevirdiyi üçün keçirdiyi hissləri xalqla bölüşdü. 
Mənalı ömrünü öz xalqına həsr etmiş Ulu Öndərimizin siyasi irsi dövlət idarəçiliyi məktəbinə çevrilmişdir. Azərbaycan xalqının hələ neçə-neçə nəsli bu böyük məktəbdən, Ümummilli Liderimizin zəngin siyasi irsindən ölkəmizin inkişafı, xalqımızın rifahı naminə bundan sonra da faydalanacaqdır. Azərbaycan Prezidenti cənab İlham Əliyevin dediyi kimi: "Nə qədər Azərbaycan var, Heydər Əliyev də olacaqdır. Biz - Ulu Öndərin davamçıları onun yolu ilə gedəcəyik, Azərbaycanı gücləndirəcəyik, müstəqilliyimizi qoruyacağıq".   

Ümummilli Liderimizin yolu ilə gedən Azərbaycanda əldə olunan  yüksək sosial-iqtisadi göstəricilər təsdiq edir ki, Heydər Əliyevin ideyaları bu gün də yaşayır, sabah da ölkəmizin yoluna işıq salacaq, Azərbaycanın gələcəyi daha xoşbəxt, firavan olacaqdır. Çünki Onun ideyalarının tükənməz, yaradıcı gücü xalqımızın nurlu gələcəyi üçün sönməz məşəldir. Görülən işlər ölkəmizi günü-gündən irəliyə aparır. Artıq Azərbaycan bu gün regionda söz sahibi olan, iqtisadi qüdrətinə görə dünyanın aparıcı dövlətləri sırasına çıxan ölkədir. Ulu Öndər Heydər Əliyevin başladığı hər bir iş, atdığı hər bir addım Azərbaycan dövlətinin müstəqilliyinin əbədi və dönməz olmasına xidmət göstərmişdir. Bu gün Ulu Öndər cismən bizdən ayrılsa da, onun şah əsəri olan müstəqil Azərbaycan dövləti daim yaşayacaq, Heydər Əliyev siyasəti xalqımız üçün əbədi bir siyasət olacaqdır.

Gülxarə TARVERDİYEVA
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı