07 may 2026 11:16
156

Yeni məlumatları niyə tez unuduruq?

Yaddaşın zəif nöqtəsi üzə çıxdı

Bir çox insanlar illər əvvəl baş verən hadisələri xırdalıqlarına qədər xatırladıqları halda, bir neçə dəqiqə əvvəl eşitdiyi məlumatı asanlıqla unuda bilirlər. Aparılan yeni araşdırma bu fərqin əsas səbəblərindən birinə aydınlıq gətirib.

Araşdırma müəlliflərinin fikrincə, qısamüddətli yaddaşın zəifləməsinin əsas səbəbi beynin eyni anda bir neçə proseslə məşğul olmasıdır. Araşdırmada qeyd olunur ki, "işlək yaddaş" adlandırılan sistem yeni məlumatların qısa müddət ərzində saxlanmasına cavabdehdir. Bu sistem diqqəti yayındıran amillərdən qorunmadıqda isə məlumatların yadda qalması çətinləşir.

Tədqiqat çərçivəsində iştirakçılardan müəyyən simvol və rəngləri yadda saxlamaları istənilib. Daha sonra onlara fərqli tapşırıqlar verilib. Nəticələr göstərib ki, yeni tapşırıqlar əvvəl öyrənilən məlumatların yadda qalmasına mənfi təsir edir. Maraqlıdır ki, bu tapşırıqların əvvəlki məlumatla əlaqəli olub-olmaması nəticəni dəyişməyib.

Alimlər bildirirlər ki, uzunmüddətli yaddaş və işlək yaddaş fərqli mexanizmlərlə fəaliyyət göstərir. Uzunmüddətli yaddaş illər əvvəl öyrənilən məlumatları və xatirələri qoruyub saxlaya bilir. Qısamüddətli yaddaş isə daha çox cari məlumatların işlənməsi ilə bağlıdır. Bu səbəbdən gündəlik detalları unutmaq daha asan baş verir.

Mütəxəssislər yaddaşı gücləndirmək üçün eyni anda bir neçə iş görməkdən çəkinməyi tövsiyə edirlər. Yeni məlumatı öyrəndikdən sonra diqqəti yayındırmamaq, fasilələrlə işləmək və stresi azaltmaq yaddaşın daha effektiv fəaliyyətinə kömək edə bilər.

Şahnigar Əhmədova, "İki sahil"