“Sehrli göbələklər”də olan psilosibin maddəsinin beyində uzunmüddətli dəyişikliklər yaratdığı müəyyən edilib. Alimlər hesab edirlər ki, bu nəticələr psixi sağlamlıq problemlərinin müalicəsində daha effektiv yanaşmaların inkişafına imkan yarada bilər.
Son illərdə psixodelik maddələrin, xüsusilə depressiya və anksiyete (həyəcan pozuntusu) kimi problemlərə təsiri ilə bağlı araşdırmaların sayı artıb. Əvvəlki tədqiqatların əksəriyyəti psilosibini müalicə məqsədilə qəbul edən pasiyentlər üzərində aparılsa da, yeni araşdırma fərqli yanaşma ilə həyata keçirilib.
Kaliforniya Universitetinin San-Fransisko bölməsinin nevroloqu Robin Carhart-Harris və komandası psilosibinin təsirlərini öyrənmək üçün bu maddəni əvvəllər istifadə etməmiş 28 sağlam iştirakçı üzərində sınaqdan keçirib. İlkin mərhələdə iştirakçılara plaseboya yaxın təsir göstərən 1 mq aşağı dozada psilosibin verilib. Sonrakı həftələrdə onların psixoloji vəziyyətindəki dəyişikliklər koqnitiv elastiklik kimi göstəricilər üzrə testlərlə qiymətləndirilib. Eyni zamanda, beynin fəaliyyəti EEG (elektroensefaloqrafiya- beynin elektrik aktivliyini ölçən üsul), funksional MRT (maqnit-rezonans tomoqrafiyası- beynin v ə digər orqanların strukturunu görüntüləyən müayinə metodu) və DTI (diffuziya tenzor görüntüləmə- beynin toxumasında sinir liflərinin quruluşunu və əlaqələrini göstərən xüsusi MRT texnologiyası) kimi üsullarla izlənilib.
Bir ay sonra iştirakçılara 25 mq dozada psilosibin tətbiq olunub və güclü psixodelik təsir yaradılıb. "Nature Communications" jurnalında dərc edilən araşdırmanın nəticələrinə görə, maddənin qəbulundan təxminən bir saat sonra beyində entropiyanın səviyyəsinin (beynin informasiya emalında müxtəliflik və çeviklik səviyyəsini bildirən göstərici) artdığı müşahidə olunub. Bu isə beynin daha geniş informasiya spektrini emal etməsi ilə əlaqələndirilir.
Araşdırma göstərib ki, daha yüksək beyin entropiyasına malik iştirakçılar həm növbəti gün, həm də bir ay sonra daha yüksək xoşbəxtlik hissi və daha dərin psixoloji fərqindəlik nümayiş etdiriblər. Bu nəticələr düşüncə elastikliyi ilə psixi sağlamlıq arasında əlaqə olduğunu bir daha təsdiqləyir.
Robin Carhart-Harris bildirib ki, əldə olunan məlumatlar psixodelik təcrübələr zamanı yaranan psixoloji fərqindəliyin beynin fəaliyyətinin dəyişməsi ilə bağlı olduğunu və bunun sonradan psixi vəziyyətin yaxşılaşmasına səbəb ola biləcəyini göstərir. Bununla belə, mütəxəssis vurğulayır ki, nəticələrin təsdiqlənməsi üçün daha genişmiqyaslı araşdırmalara ehtiyac var. Əgər bu tapıntılar təsdiqlənərsə, psilosibin depressiya, anksiyete və asılılıq kimi problemlərin müalicəsində yeni imkanlar aça bilər.
Şahnigar Əhmədova, "İki sahil"