06 may 2026 13:45
109

İsveçrədə təhlükəli virusa yoluxma halı qeydə alınıb

İsveçrədə təhlükəli hantavirus növü ilə bağlı yoluxma halı qeydə alınıb. Ölkə hökumətinin açıqlamasına görə, “Andes” adlanan bu virus forması bir xəstədə aşkarlanıb və diaqnoz Cenevrə Universitet Xəstəxanası laboratoriyasında təsdiqlənib.

“İki sahil” xəbər verir ki, bu barədə "Kommersant" məlumat yayıb. 

Məlumata əsasən, yoluxmuş şəxs MV Hondius kruiz gəmisindən qayıtdıqdan sonra xəstələnib. Sözügedən gəmi Argentina-dan Kabo-Verde istiqamətində hərəkət edərkən sərnişinlər arasında hantavirus yoluxma halları qeydə alınıb.

Rəsmilər bildiriblər ki, Avropada yayılmış hantavirus növlərindən fərqli olaraq, “Andes” variantı daha təhlükəlidir. Adətən hantaviruslar yoluxmuş gəmiricilərin ifrazatları vasitəsilə ötürülsə də, bu xüsusi variant insanlardan insana keçə bilir. Bununla belə, İsveçrə hakimiyyəti hazırda ölkə daxilində geniş yayılma riski görmür.

Hadisə ilə bağlı daha əvvəl, mayın 4-də MV Hondius gəmisində bir neçə sərnişinin hantavirusla yoluxduğu açıqlanmışdı.

Mütəxəssislər vəziyyəti diqqətlə izləyir və beynəlxalq səhiyyə qurumları tərəfindən epidemioloji nəzarət tədbirləri davam etdirilir.