06 may 2026 12:57
122

Avstraliya 50 günlük milli yanacaq ehtiyatı yaradacaq

Avstraliya hökuməti ölkənin enerji təhlükəsizliyini gücləndirmək məqsədilə mühüm addım atmağa hazırlaşır. Baş nazir Entoni Albanizi bildirib ki, ölkə milli yanacaq ehtiyatlarının artırılması üçün 10 milyard Avstraliya dolları (təxminən 7,22 milyard ABŞ dolları) həcmində vəsait ayıracaq. Bu təşəbbüs çərçivəsində təxminən 1 milyard litr həcmində dövlət yanacaq ehtiyatı yaradılacaq ki, bu da ölkənin ən azı 50 gün ərzində yanacaq tələbatını qarşılamağa imkan verəcək.

“İki sahil” xəbər verir ki, bu barədə "Röyters" məlumat yayıb.

Məlumata görə, Avstraliya hazırda yanacağın təxminən 80 faizini idxal edir və Yaxın Şərqdə baş verən son hadisələr fonunda tədarük problemləri ilə üzləşib. Hazırkı ehtiyatlar əsasən özəl şirkətlərə məxsusdur və təxminən 30 günlük ehtiyacı ödəyir. Yeni plan isə bu sahədə daha dayanıqlı və etibarlı sistemin qurulmasını nəzərdə tutur.

Baş nazir Entoni Albanizi qeyd edib ki, yaxın günlərdə təqdim olunacaq federal büdcədə yanacaq təhlükəsizliyi və davamlılığı ilə bağlı xüsusi tədbirlər paketi yer alacaq. Onun sözlərinə görə, bu addımlar ölkənin enerji suverenliyinin qorunmasına və vətəndaşların daha böyük əminlik hiss etməsinə xidmət edəcək.

Layihə çərçivəsində dövlət yanacaq ehtiyatının yaradılması üçün 3,2 milyard Avstraliya dolları ayrılacaq. Bununla yanaşı, yanacaq ehtiyatları ilə bağlı minimum tələblər də dəyişdiriləcək. Belə ki, idxalçılar və neft emalı müəssisələri əvvəlki kimi 30 gün deyil, 20 günlük yanacaq ehtiyatı saxlamaq öhdəliyi daşıyacaqlar. Digər tərəfdən, 7,5 milyard Avstraliya dolları yanacaq və gübrə təchizatı ilə bağlı layihələrə yönəldiləcək. Bu vəsait kreditlərin verilməsi, zəmanətlər, sığorta və qiymət dəstəyi mexanizmlərinin tətbiqi üçün istifadə olunacaq.

Energetika naziri Kris Bouen vurğulayıb ki, Beynəlxalq Enerji Agentliyi üzvü olan ölkələr arasında Avstraliya dövlət yanacaq ehtiyatına malik olmayan nadir dövlətlərdən biri idi. Onun sözlərinə görə, yeni yaradılacaq ehtiyat sistemi özəl sektorun saxladığı minimal ehtiyatları tamamlayacaq və ölkənin enerji siyasətində ciddi və müsbət dəyişiklik olacaq.