Mayın 4- də İtaliya Nazirlər Şurasının sədri Ciorcia Meloninin Bakı səfəri iki ökə arasındakı münasibətlərin daha da genişlənməsi baxımından əhəmiyyətli hadisədir. Xanım Meloninin Ermənistanda keçirilən beynəlxalq tədbirdən dərhal sonra Bakıya gəlməsi İtaliyanın Cənubi Qafqazdakı ən etibarlı müttəfiqinin məhz Azərbaycan olduğunu göstərdi. İqtisadi gücünə görə dünya ölkələri arasında 8-ci yeri tutan İtaliyanın ölkəmizlə əməkdaşlığı hər il daha da genişlənir. Bu gün İtaliya Avropada Azərbaycanın ən vacib tərəfdaşlarından biridir. Bu ölkənin Cənubi Qafqaz dövlətləri ilə ticarət dövriyyəsinin 85 faizi Azərbaycanın payına düşür. Azərbaycan xüsusilə enerji məhsullarını Avropa bazarlarına İtaliya vasitəsilə ixrac edir. Məhz Cənub Qaz Dəhlizi vasitəsilə İtaliya bazarına «mavi yanacağ»ın ixrac edilməsi ticarət dövriyyəsinin həcminə birbaşa təsir göstərir.
İtaliyanın ölkəmizlə çox geniş ticarət tərəfdaşlığı mövcuddur. Belə ki, 2025-ci ildə iki ölkə arasındakı ticarət dövriyyəsi təxminən 12 milyard dollar təşkil etmişdir. Təbii ki, iki ölkənin iqtisadi əməkdaşlığında energetika sahəsi də önəmli yer tutur. Belə ki, Azərbaycan İtaliyanın həm neft təchizatı, həm də qaz təchizatında da ikinci sıradadır.
Ötən il Azərbaycan dünya bazarlarına 25 milyard kubmetr təbii qaz ixrac edib ki, onun 9,5 milyardı kubmetri İtaliya bazarına yönəldilibdir. Hazırda ixracın həcminin artırılması istiqamətində müzakirələr aparılır. Ona görə də yaxın gələcəkdə Cənub Qaz Dəhlizinin tərkib hissəsi olan TAP layihəsinin genişləndirilməsi planlaşdırılır.
Bu sıx münasibətlər iqtisadiyyatın digər sahələrinə də sirayət edir. İtaliya şirkətləri işğaldan azad edilmiş ərazilərdə- Qarabağ və Şərqi Zəngəzurda, eləcə də Mingəçevirdə aparılan strateji layihələrdə üstünlük təşkil edir. Zəfər muzeylərinin memarlıq layihələrinin hazırlanmasında italyan dizayn məktəbinin yaxından iştirakı bu tərəfdaşlığın həm də mənəvi-mədəni körpülər üzərində qurulduğunun göstəricisidir.
Azərbaycanla İtaliya arasındakı münasibətlərdə humanitar sahə də önəmli yer tutur. Beləki, İtaliya-Azərbaycan Universitetinin fəaliyyəti xüsusi strateji əhəmiyyət kəsb edir. İndi bu elm və təhsil ocağında 500-dən çox gənc təhsil alır. Sözügedən universitet İtaliyanın təhsil sahəindəki uğurlarını bizim təhsilimizə də yönəldəcəkdir.
İki ölkə arasındakı digər əhəmiyyətli məqam Azərbaycanın Avropa İttifaqı ilə çoxşaxəli və bərabərhüquqlu əlaqələrinin dərinləşməsində İtaliyanın oynadığı mühüm roldur. Eyni zamanda, İtaliyanın Azərbaycanın regional təşəbbüslərinə və Avropanın enerji təchizatındakı genişmiqyasılı fəaliyyətinə verdiyi əhəmiyyətli dəstək ölkəmizin Aİ məkanında iqtisadi və siyasi inteqrasiyasını daha da sürətləndirir. Ümumiyyətlə, İtaliya ilə qurulan bu strateji əməkdaşlıq Azərbaycanın Avropanın iqtisadi sisteminə daha dərindən nüfuz etməsi üçün önəmli bir platforma funksiyasını yerinə yetirir.
Bir sözlə, İtaliya bu gün nəinki qoca qitədə, hətta onun sərhədlərindən kənarda belə, ölkəmizin milli maraqlarının müdafiəsində çıxış edən ən etibarlı müttəfiqlərimizdəndir. Xanım Meloninin ölkəmizə reallaşdırdığı bu tarixi səfər onunla əhəmiyyətlidir ki, hər iki ölkə arasındakı siyasi və iqtiisadi əməkdaşlıq bundan sonra da inkişaf edəcəkdir.
İsmayıl İbrahimov,
YAP Hacıqabul rayon təşkilatının sədri