06 may 2026 10:30
214

ADRA :Şəhər mühitinə uyğun reklam dizayn kodlarının ölkə üzrə tətbiqi prioritetdir - MÜSAHİBƏ

Nəticədə reklamların mövcud memarlıq konsepsiyasına uyğunluğu təmin ediləcək, vizual çirklənmə minimuma endiriləcək və şəhər mühitində estetik harmoniyanın qorunması daha sistemli şəkildə həyata keçiriləcək

Açıq məkan reklamları müasir şəhər mühitinin həm iqtisadi aktivliyinə, həm də vizual-estetik görünüşünə birbaşa təsir göstərən mühüm sahələrdən biridir. Bu sahə təkcə biznes subyektlərinin öz fəaliyyətlərini geniş auditoriyaya təqdim etməsi baxımından deyil, eyni zamanda, şəhərsalma və memarlıq mühitinin ahəngdar qorunması baxımından da xüsusi əhəmiyyət daşıyır. Məhz buna görə açıq məkan reklamlarının yerləşdirilməsi, icazə prosedurları və nəzarət mexanizmləri daim diqqət mərkəzində saxlanılır.

 “İki sahil” qəzetinin mövzu ilə bağlı suallarını Azərbaycan Dövlət Reklam Agentliyinin mətbuat katibi Hüseyn Azəri cavablandırır. Müsahibədə Azərbaycan Dövlət Reklam Agentliyi tərəfindən müraciətlərin qəbulu və icra prosesi, qərarların verilmə meyarları, reklam bazarının inkişaf dinamikası, qanunsuz reklamlarla mübarizə, eləcə də sahənin gələcək tənzimlənməsi və yeniliklərlə bağlı əsas məqamlar əhatə olunur.

-Açıq məkanda reklam yerləşdirilməsindən imtina hallarının əsas səbəbləri hansılardır?

-Açıq məkanda reklam yerləşdirilməsindən imtinanın əsas səbəbləri ərizə və sənədlərin müəyyən edilmiş tələblərə uyğun olmaması, habelə reklamın məzmun və yerləşdirilmə baxımından “Reklam haqqında” Azərbaycan Respublikasının Qanununun və digər normativ-hüquqi aktların tələblərinə cavab verməməsi ilə bağlıdır. Belə ki, reklam daşıyıcısının yerləşdirilməsi zamanı ərazinin memarlıq görünüşünün pozulması, sürücülərin diqqətinin yayınması, görmə bucağını məhdudlaşması və ya yol nişanlarının görünməsinə mane yaranması, yanlış, çaşdırıcı, etik normalara zidd və ya qadağan olunmuş məhsul və xidmətlərin təşviq edilməsi, qurğunun təhlükəsizlik standartlarına cavab verməməsi, sənədlərin düzgün təqdim olunmaması, reklamın yerləşdirildiyi ərazinin estetik görünüşünə xələl gətirməsi, dövlət dilindən düzgün istifadə edilməməsi və s. hallar icazənin verilməsindən imtinaya səbəb olur. Onu qeyd edək ki, reklam yayıcısı aşkar olunmuş nöqsanları aradan qaldırdıqdan sonra icazə alınması üçün müvafiq quruma ərizə ilə təkrar müraciət edə bilər. Agentlik tərəfindən imtina barədə qərarlar hər bir müraciət üzrə fərdi qaydada, hüquqi əsaslandırma ilə qəbul olunur və əsas məqsəd sahibkarları düzgün və qanunvericiliyin tələblərinə uyğun reklam yerləşdirilməsinə yönləndirməkdir.

- Qanunvericiliyə əsasən, reklam yerləşdirilməsi üçün təqdim olunan müraciətlərin baxılma müddəti nə qədər təşkil edir?

-Açıq məkanda reklam yerləşdirilməsi üçün təqdim olunan müraciətlərə qanunvericiliyə uyğun olaraq Agentlik tərəfindən 7 iş günü müddətində baxılır və bu müddət ərzində müraciət üzrə müvafiq qərar qəbul edilir. Bununla yanaşı, təqdim olunmuş sənədlərdə aradan qaldırılması mümkün olan çatışmazlıqlar aşkar edildikdə, ərizəçiyə onların aradan qaldırılması üçün əlavə olaraq 10 iş günü müddət verilir və həmin müddətdə baxılma prosesi dayandırılır. Eyni zamanda, bəzi hallarda aidiyyəti dövlət orqanlarının rəylərinin alınması tələb oluna bilər ki, bu da əlavə vaxt tələb edir və ümumi baxılma müddətinə daxil edilmir. Dövlət rüsumu ödənildikdən sonra isə icazə ən geci 2 iş günü ərzində rəsmiləşdirilərək təqdim olunur.

-Qanunvericiliyin tələblərinə cavab verməyən reklamların aşkarlanması və pozuntuların aradan qaldırılması istiqamətində hansı tədbirlər həyata keçirilir?

-Bu məsələ Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 19 dekabr tarixli 1743 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Açıq məkanda reklam yerləşdirilməsinə icazə verilməsi və bu sahədə nəzarətin həyata keçirilməsi Qaydası” ilə tənzimlənir. Həmin Qaydaya əsasən, Agentlik açıq məkanda yerləşdirilən reklamların qanunvericiliyə uyğunluğunu yoxlayır. Yoxlama zamanı pozuntu halları aşkar etdikdə, hər bir pozuntu ayrıca təsvir olunmaqla, müvafiq akt tərtib edir və onların 5 gün ərzində aradan qaldırılması barədə reklam yayıcısına icrası məcburi olan yazılı göstəriş təqdim edir.  Reklam yayıcısı yazılı göstərişə uyğun olaraq pozuntuları aradan qaldırmadıqda, Agentlik tərəfindən reklam yayımı dayandırılır, həmçinin pozuntunun xarakterindən asılı olaraq açıq məkanda reklamın yerləşdirilməsinə icazəyə münasibətdə icazənin ləğvi və ya dayandırılması üçün müvafiq tədbirlər görülür. Əlavə olaraq bildiririk ki, Agentlik tərəfindən verilmiş yazılı göstərişin yerinə yetirilməməsi Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə əsasən məsuliyyət yaradır.

-Reklam yerləşdirilməsinə icazələrin verilməsi prosesində şəffaflığın və obyektivliyin təmin olunması üçün hansı nəzarət mexanizmləri mövcuddur?

-Agentliyin tənzimləmə və nəzarət mexanizmi açıq məkanda reklam sahəsində şəffaflığın və ədalətli rəqabət mühitinin formalaşdırılmasında əsas alətlərdən biri kimi çıxış edir. Agentlik tərəfindən tətbiq edilən “İcazələr Sistemi” vasitəsilə reklam qurğularının yerləşdirilməsi, icazə prosedurlarının aparılması, ödənişlərin icrası və ümumi nəzarət prosesləri rəqəmsal şəkildə idarə olunur. Bu sistem sahibkarlara fiziki müraciətə ehtiyac olmadan, bərabər və şəffaf qaydalar əsasında müraciət imkanı yaradır. Rəqəmsal platforma üzərindən bütün məlumatların mərkəzləşdirilməsi reklam obyektlərinin qeydiyyatı və monitorinqinin fasiləsiz və operativ şəkildə aparılmasına şərait yaradır. Nəticə etibarilə, bu yanaşma idarəetmədə səmərəliliyi artırmaqla yanaşı, reklam bazarında qanun pozuntularının qarşısının alınmasına və ümumi nəzarət sisteminin gücləndirilməsinə xidmət edir.

Eyni zamanda, vətəndaş məmnunluğunun artırılması və açıq məkanda yayımlanan reklamlara dair daha rahat, müasir və çevik rəqəmsal müraciət imkanlarının yaradılması məqsədilə Agentliyin rəsmi internet səhifəsində “Açıq Məkanda Reklama İctimai Nəzarət” platforması istifadəyə verilib. Sözügedən platforma vasitəsilə vətəndaşlardan daxil olan müraciətlərin operativ qəbulu, emalı və təhlili təmin olunur. Bu isə açıq məkanda yayımlanan reklamların məzmunu, estetik görünüşü və təhlükəsizlik meyarları üzrə ictimai nəzarətin gücləndirilməsinə, eləcə də proseslərin şəffaflığının və əlçatanlığının artırılmasına xidmət edir.

-Regionlar üzrə reklam icazələrinin paylanmasında hansı tendensiyalar müşahidə olunur?

-Regionlar üzrə reklam icazələrinin paylanmasında müşahidə olunan tendensiyalar ümumilikdə ölkənin iqtisadi aktivliyi, şəhər mühiti və reklam infrastrukturunun inkişaf səviyyəsi ilə birbaşa əlaqəlidir. Təbii olaraq ən böyük pay Bakı şəhərinin üzərinə düşür. Paytaxtda həm reklam yerləşdirilən obyektlərin sayı, həm də reklam bazarının intensivliyi daha yüksəkdir. Bu, əhalinin sıxlığı, biznes aktivliyinin mərkəzləşməsi və kommersiya zonalarının genişliyi ilə bağlıdır. İkinci mərhələdə Sumqayıt, Gəncə və Abşeron ərazisi üzrə reklam icazələrinin sayında stabil artım müşahidə olunur. Bu regionlar sənaye və ticarət aktivliyinə görə reklam yerləşdirilməsi üçün daha cəlbedici hesab edilir.

-Açıq məkan reklamlarının estetik görünüşünün yaxşılaşdırılması ilə bağlı hansı standart və tələblər tətbiq edilir?

-Açıq məkan reklamlarında estetik görünüşün təmin olunması məqsədilə təqdim edilən eskizlər üzrə xüsusi ekspertiza prosesi həyata keçirilir. Bu proses “Reklam haqqında” Azərbaycan Republikasının Qanununa, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 499 nömrəli Qərarı ilə təsdiq edilmiş “Reklam qurğularına Texniki Tələblər”ə və digər normative-hüquqi aktlara uyğun şəkildə aparılır.

İlkin mərhələdə reklam eskizləri estetik ekspertiza çərçivəsində nəzərdən keçirilir. Burada əsas məqsəd reklamın şəhər mühitinə vizual uyğunluğu, memarlıq kompozisiyasını pozmaması və ümumi estetik harmoniyaya inteqrasiyasının qiymətləndirilməsidir. Eyni zamanda, reklam daşıyıcılarının hazırlanmasında dizayn kodlarına uyğunluq prinsipi tətbiq olunur. Bu kodlar reklamların ölçüsü, rəngi, işıqlandırma və yerləşmə prinsiplərini tətbiq edərək, şəhər mühitində vizual nizamın qorunmasına xidmət edir. Ümumilikdə bu yanaşma reklamların həm normativ tələblərə cavab verməsini, həm də şəhərin vizual estetikasına uyğun şəkildə yerləşdirilməsini təmin edir.

-Agentliyin fəaliyyəti ilə bağlı gələcəkdə hansı işlər nəzərdə tutulur?

-Agentlik tərəfindən açıq məkanda reklam sahəsində tənzimləmənin təkmilləşdirilməsi və fəaliyyətin daha effektiv təşkili məqsədilə bir sıra mühüm yeniliklərin həyata keçirilməsi planlaşdırılır. İlk növbədə, şəhər mühitinə uyğunlaşdırılmış reklam dizayn kodlarının ölkə üzrə tətbiqinə nail olunması Agentliyin prioritet istiqamətlərindəndir. Dizayn kod fasad reklamlarının vahid qaydalar əsasında tənzimlənməsini nəzərdə tutur. Bu proses Bakı şəhərindən başlayaraq Gəncə, Şəki, Ağdaş, Bərdə, Xankəndi və digər şəhərlərdə mərhələli şəkildə həyata keçirilir. Nəticədə reklamların mövcud memarlıq konsepsiyasına uyğunluğu təmin ediləcək, vizual çirklənmə minimuma endiriləcək və şəhər mühitində estetik harmoniyanın qorunması daha sistemli şəkildə həyata keçiriləcək.

Digər mühüm istiqamətlərdən biri reklamlarda dövlət dilinin istifadəsinin təşviqi və ana dilinin düzgün tətbiqi ilə bağlı sahibkarlar arasında maarifləndirmə tədbirlərinin genişləndirilməsidir. Agentlik tərəfindən “Dilimizi qoruyaq, sevək və yaşadaq!” kampaniyası çərçivəsində bir sıra layihələr nəzərdə tutulur.

Bununla yanaşı, “İcazələr Sistemi”nin daha da optimallaşdırılması nəzərdə tutulur. Məqsəd sahibkarlara daha çevik, rahat və operativ xidmətlərin göstərilməsi və proseslərin tam rəqəmsallaşdırılmasıdır.

Beynəlxalq təcrübənin öyrənilməsi və tətbiqi imkanlarının genişləndirilməsi Agentliyin prioritet istiqamətlərindəndir. Belə ki, yeni nəsil reklam daşıyıcıları, müasir reklam texnologiyaları və innovativ idarəetmə sistemləri üzrə qabaqcıl təcrübənin ölkəmizdə tətbiqi ilə açıq məkanda reklam sahəsinin daha da inkişafına nail olmaq əsas hədəflərdəndir.

Bundan əlavə, Agentliyin fəaliyyət istiqamətləri çərçivəsində süni intellekt texnologiyalarının tətbiqinə başlanılması və gələcəkdə bu alətlərin daha geniş istifadəsi nəzərdə tutulur. Bu yanaşma reklamların avtomatlaşdırılmış monitorinqi, pozuntuların daha sürətli aşkarlanması və qərarvermə proseslərinin optimallaşdırılması baxımından əhəmiyyətli rol oynayacaq.

Yaqut Ağaşahqızı, “İki sahil”