05 may 2026 16:11
119

Azərbaycan-İtaliya iqtisadi tərəfdaşlığı strateji əməkdaşlığın əsas dayağıdır

Azərbaycan–İtaliya münasibətləri son illərdə məhz iqtisadi müstəvidə qazandığı dinamika ilə fərqlənir və bu dinamika artıq siyasi tərəfdaşlığın əsas dayaqlarından birinə çevrilib. 2026-cı il mayın 4-də İtaliya Respublikası Nazirlər Şurasının sədri Ciorcia Meloninin Azərbaycana səfəri zamanı Prezident cənab İlham Əliyevin səsləndirdiyi fikirlər göstərir ki, iki ölkə arasında formalaşmış strateji tərəfdaşlıq modeli getdikcə daha çox iqtisadi məzmunla zənginləşir və qarşılıqlı maraqlara əsaslanan davamlı əməkdaşlıq platformasına çevrilir. 2014 və 2020-ci illərdə imzalanmış strateji tərəfdaşlıq bəyannamələri bu münasibətlərin institusional çərçivəsini müəyyən etsə də, onların real gücü məhz iqtisadi göstəricilərdə öz əksini tapır. Bu baxımdan İtaliyanın Azərbaycanın bir nömrəli ticarət tərəfdaşı kimi çıxış etməsi təsadüfi deyil.

Təxminən 12 milyard dollarlıq illik ticarət dövriyyəsi tərəflər arasında iqtisadi əlaqələrin miqyasını və dərinliyini açıq şəkildə nümayiş etdirir. Bu göstərici yalnız enerji ixracı ilə deyil, eyni zamanda sənaye, xidmət və investisiya sahələrində genişlənən əməkdaşlıqla şərtlənir. Energetika sektoru Azərbaycan–İtaliya iqtisadi tərəfdaşlığının əsas sütunu olaraq qalır. Azərbaycanın İtaliyanın həm neft, həm də qaz təchizatında ön sıralarda yer alması bu əməkdaşlığın strateji əhəmiyyətini artırır. Xüsusilə qaz ixracı sahəsində əldə olunan nəticələr diqqətəlayiqdir: Azərbaycanın ixrac etdiyi 25 milyard kubmetr təbii qazın 9,5 milyard kubmetrinin İtaliya bazarına yönəldilməsi bu ölkənin Azərbaycan üçün əsas enerji bazarlarından biri olduğunu təsdiqləyir. Bu, eyni zamanda, Avropa üçün enerji mənbələrinin şaxələndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Cənub Qaz Dəhlizi çərçivəsində həyata keçirilən Trans-Adriatik Boru Kəməri (TAP) layihəsi bu əməkdaşlığın infrastruktur əsasını təşkil edir. Hazırda layihənin genişləndirilməsi ilə bağlı aparılan müzakirələr gələcəkdə qaz ixracının daha da artırılacağını göstərir. Bu isə həm Azərbaycanın ixrac potensialının genişlənməsi, həm də İtaliyanın enerji təhlükəsizliyinin daha da möhkəmlənməsi deməkdir.

Beləliklə, enerji əməkdaşlığı iki ölkə arasında qarşılıqlı iqtisadi asılılığı gücləndirən əsas faktor kimi çıxış edir. İqtisadi münasibətlərin mühüm istiqamətlərindən biri də qarşılıqlı investisiyalardır. Azərbaycan Dövlət Neft Fondunun son illərdə İtaliya iqtisadiyyatına təxminən 3 milyard dollar həcmində sərmayə yatırması iqtisadi əlaqələrin təkcə ticarət deyil, kapital axınları səviyyəsində də inkişaf etdiyini göstərir. Bu investisiyaların yeni layihələrə yönəldilməsi perspektivi tərəflər arasında uzunmüddətli iqtisadi əməkdaşlıq üçün əlavə imkanlar yaradır və maliyyə inteqrasiyasını gücləndirir. Eyni zamanda, İtaliya şirkətlərinin Azərbaycanda fəaliyyəti iqtisadi əməkdaşlığın real sektor üzrə genişləndiyini nümayiş etdirir. Hazırda ölkədə fəaliyyət göstərən 130-a yaxın İtaliya şirkəti sənaye, tikinti, infrastruktur və xidmət sahələrində fəal iştirak edir. Xüsusilə işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən 23 layihə İtaliya biznesinin Azərbaycanın post-münaqişə dövründə iqtisadi bərpa prosesinə verdiyi töhfəni əks etdirir. Bu layihələr həm də regionun iqtisadi reinteqrasiyası və inkişafı baxımından strateji əhəmiyyət kəsb edir. Son dövrlərdə iqtisadi əməkdaşlığın yeni istiqamətləri də formalaşmaqdadır. Hərbi-texniki sahədə əməkdaşlıq, birgə istehsal və texnologiya transferi kimi məsələlərin gündəmə gəlməsi iqtisadi tərəfdaşlığın daha yüksək texnoloji səviyyəyə keçid etdiyini göstərir. Bu, Azərbaycanın sənaye potensialının gücləndirilməsi və yüksək texnologiyalar sahəsində inkişafı üçün əlavə imkanlar yaradır.

Bununla yanaşı, insan kapitalına yönəlmiş təşəbbüslər də iqtisadi əməkdaşlığın davamlılığını təmin edən mühüm amillərdən biridir. Bakıda fəaliyyətə başlayan İtaliya–Azərbaycan Universiteti gələcəkdə əmək bazarının tələblərinə cavab verən peşəkar kadrların hazırlanmasına xidmət etməklə yanaşı, iki ölkə arasında iqtisadi və mədəni əlaqələrin daha da möhkəmlənməsinə töhfə verəcək. Prezident cənab İlham Əliyevin bəyanatında əksini tapan məqamlar göstərir ki, Azərbaycan–İtaliya münasibətləri klassik diplomatik çərçivəni aşaraq genişmiqyaslı iqtisadi tərəfdaşlıq modelinə çevrilib. Enerji, ticarət, investisiya və sənaye sahələrində əldə olunan nəticələr bu əməkdaşlığın dayanıqlı və qarşılıqlı faydaya əsaslandığını təsdiqləyir. Mövcud dinamika və siyasi iradə fonunda yaxın perspektivdə iqtisadi əlaqələrin daha da dərinləşəcəyi və yeni sahələri əhatə edəcəyi gözləniləndir.

Tahir Mirkişili,

Milli Məclisin deputatı