05 may 2026 16:08
101

Təhsil və humanitar əməkdaşlıqda İtaliya–Azərbaycan Universitetinin rolu böyükdür

Azərbaycan–İtaliya münasibətləri son onillikdə keyfiyyətcə yeni mərhələyə qədəm qoyaraq strateji tərəfdaşlıq səviyyəsində formalaşıb və bu tərəfdaşlıq artıq yalnız siyasi bəyanatlarla deyil, real nəticələr və konkret layihələrlə təsdiqlənir. 2026-cı il mayın 4-də İtaliya Respublikası Nazirlər Şurasının sədri Ciorcia Meloninin Azərbaycana səfəri zamanı Prezident cənab İlham Əliyevin verdiyi bəyanat bu münasibətlərin həm mahiyyətini, həm də gələcək inkişaf trayektoriyasını aydın şəkildə ortaya qoyur.

2014 və 2020-ci illərdə imzalanmış strateji tərəfdaşlığa dair bəyannamələr iki ölkə arasında əməkdaşlığın institusional əsasını təşkil edir. Bu sənədlərdə əksini tapan müddəalar bu gün praktiki müstəvidə öz təsdiqini tapmaqla münasibətlərin dayanıqlı və uzunmüddətli xarakter daşıdığını göstərir. İtaliya Baş nazirinin regional səfəri çərçivəsində əvvəlcə Ermənistanda, daha sonra Azərbaycanda olması və proqramını məhz Bakıda davam etdirməsi Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, rəmzi və siyasi baxımdan xüsusi əhəmiyyət kəsb edir. Bu, Azərbaycanın regionda artan nüfuzunun və İtaliya tərəfindən göstərilən yüksək etimadın göstəricisi kimi dəyərləndirilə bilər. Siyasi dialoqun yüksək səviyyəsi iqtisadi və ticarət əlaqələrində də öz əksini tapır. İtaliya Azərbaycanın bir nömrəli ticarət tərəfdaşı kimi çıxış edir və 2025-ci ildə ticarət dövriyyəsinin təxminən 12 milyard dollara çatması tərəfdaşlığın iqtisadi sütunlarının nə qədər güclü olduğunu nümayiş etdirir. Energetika sahəsində əməkdaşlıq isə bu münasibətlərin əsas lokomotivi olaraq qalır.

Azərbaycanın İtaliyanın enerji təhlükəsizliyində mühüm rol oynaması, neft və qaz təchizatında ikinci yerdə qərarlaşması iki ölkə arasında qarşılıqlı asılılıq və etibara əsaslanan tərəfdaşlıq modelinin formalaşdığını göstərir. Cənub Qaz Dəhlizinin tərkib hissəsi olan Trans-Adriatik Boru Kəməri (TAP) layihəsinin genişləndirilməsi məsələsinin gündəmdə olması enerji əməkdaşlığının dinamik xarakter daşıdığını sübut edir. Azərbaycanın ixrac etdiyi 25 milyard kubmetr təbii qazın 9,5 milyard kubmetrinin İtaliya bazarına yönəldilməsi bu ölkənin Azərbaycan üçün strateji enerji bazarı statusunu bir daha təsdiqləyir. Eyni zamanda, bu əməkdaşlıq Avropanın enerji şaxələndirilməsi siyasətinə mühüm töhfə verir və Azərbaycanın etibarlı enerji tərəfdaşı imicini gücləndirir.  Yeni əməkdaşlıq istiqamətlərindən biri kimi hərbi-texniki sahənin gündəmə gəlməsi münasibətlərin daha da dərinləşdiyini göstərir. Birgə istehsal, texnologiya transferi və maliyyə resurslarının birləşdirilməsi kimi məsələlərin müzakirə olunması iki ölkə arasında strateji etimadın genişlənməsi baxımından əhəmiyyətlidir. Bu, həm də Azərbaycanın müdafiə sənayesinin inkişafı və texnoloji modernləşməsi üçün əlavə imkanlar yaradır.

İqtisadi əməkdaşlıq yalnız enerji sektoru ilə məhdudlaşmır. Azərbaycan Dövlət Neft Fondunun İtaliya iqtisadiyyatına yönəltdiyi təxminən 3 milyard dollarlıq sərmayə qarşılıqlı investisiya münasibətlərinin inkişaf etdiyini göstərir. Bu investisiyaların yeni layihələrə yönəldilməsi perspektivi isə iqtisadi əlaqələrin daha da şaxələndiriləcəyindən xəbər verir. İtaliya şirkətlərinin Azərbaycandakı fəaliyyəti də xüsusi qeyd olunmalıdır. Hazırda 130-a yaxın İtaliya şirkətinin ölkəmizdə fəaliyyət göstərməsi, xüsusilə işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzurda 23 layihənin icrası bu əməkdaşlığın coğrafi və sektorial genişliyini nümayiş etdirir. İtaliya şirkətlərinin bu regionlarda fəal iştirakı Azərbaycanın post-münaqişə dövründə həyata keçirdiyi bərpa və quruculuq siyasətinə beynəlxalq dəstəyin mühüm komponentidir. Humanitar və təhsil sahəsində əməkdaşlıq isə münasibətlərin uzunmüddətli perspektivini təmin edən əsas istiqamətlərdən biridir.

Bakıda fəaliyyətə başlayan İtaliya–Azərbaycan Universiteti artıq yüzlərlə tələbəni bir araya gətirərək bilik və mədəniyyət mübadiləsinin platformasına çevrilib. Bu təhsil ocağı gələcəkdə iki ölkə arasında körpü rolunu oynayacaq yeni nəsil mütəxəssislərin yetişdirilməsinə xidmət edir. Bütün bu amillər göstərir ki, Azərbaycan–İtaliya münasibətləri çoxşaxəli, qarşılıqlı faydaya əsaslanan və strateji baxımdan dərinləşən əməkdaşlıq modelidir. Prezident cənab İlham Əliyevin bəyanatında əksini tapan məqamlar bu tərəfdaşlığın yalnız cari vəziyyətini deyil, həm də gələcək inkişaf istiqamətlərini müəyyən edir. Mövcud siyasi iradə və qarşılıqlı etimad fonunda bu münasibətlərin daha da genişlənəcəyi və yeni sahələri əhatə edəcəyi şübhə doğurmur.

Mehriban Vəliyeva,

Milli Məclisin deputatı