03 may 2026 21:39
116

“Air Serbia”nın baş direktoru: Bakı-Belqrad reysləri regional hava nəqliyyatında yeni imkanlar açır

Bakı-Belqrad birbaşa aviareysinin açılması iki ölkə arasında aviasiya sahəsində əməkdaşlığın mühüm mərhələsidir.

“İki sahil” xəbər verir ki, bu fikri "Air Serbia" aviaşirkətinin baş direktoru Jiri Marek jurnalistlərə açıqlamasında ifadə edib.

Onun sözlərinə görə, bu marşrutun istifadəyə verilməsi uzunmüddətli hazırlıq və tərəfdaşlıq nəticəsində mümkün olub və həm sərnişin daşımaları, həm də regionlararası əlaqələrin genişlənməsi baxımından böyük əhəmiyyət daşıyır.

Jiri Marek bildirib ki, Azərbaycan tərəfi ilə, xüsusilə müvafiq aviasiya qurumları və Bakı aeroportu ilə əməkdaşlıq yüksək peşəkarlıq və səmərəli koordinasiya şəraitində həyata keçirilib. Bu isə yeni reysin uğurla icrasına şərait yaradıb. “Biz bu əməkdaşlığın başlanğıc mərhələsindəyik. Həftədə iki dəfə həyata keçirilən uçuşlar artıq yüksək maraqla qarşılanır. İlk reyslər üzrə sərnişin doluluğu gözləniləndən xeyli yüksək olub. Bu, marşrutun perspektivlərini açıq şəkildə göstərir”, – deyə şirkət rəhbəri vurğulayıb.

O əlavə edib ki, Bakı şəhəri Avropa ilə Asiya arasında mühüm tranzit nöqtəsi kimi çıxış etmək potensialına malikdir, Belqrad isə “Air Serbia”nın geniş marşrut şəbəkəsi vasitəsilə 100-dən artıq istiqamətə çıxış imkanı təqdim edir.

Baş direktor, həmçinin Azərbaycan və Serbiya arasında vizasız gediş-gəliş rejiminin turizm və biznes əlaqələrinin inkişafına əlavə stimul verdiyini qeyd edib. Onun sözlərinə görə, bu amil sərnişin axınının artmasına və əməkdaşlığın daha da genişlənməsinə şərait yaradır.

Jiri Marek sonda tərəflər arasında qurulan əməkdaşlığa görə məmnunluğunu ifadə edib və Bakı-Belqrad reyslərinin gələcəkdə daha da genişlənəcəyinə inamını bildirib.