03 may 2026 16:47
96

AİB regionunda kritik əhəmiyyətli mineral resursların tədarük zəncirlərinin inkişafı üçün sazişlər imzalanıb

Təmiz energetika, akkumulyatorlar, elektromobillər və rəqəmsal texnologiyalar üçün zəruri olan kritik əhəmiyyətli mineral resursların tədarük zəncirlərinin inkişafında Asiya və Sakit okean hövzəsi ölkələrini dəstəkləməyə yönəlmiş AİB-nin yeni maliyyə mexanizmi çərçivəsində sənədlərin imzalanması mərasimi keçirilib.

“İki sahil” xəbər verir ki, sazişləri AİB-nin prezidenti Masato Kanda, Yaponiyanın maliyyə naziri Satsuki Katayama, Koreya İxrac-İdxal Bankının İdarə Heyətinin sədri və baş direktoru Kiveon Hvan, həmçinin Koreya Ticarət Sığortası Korporasiyasının (K-SURE) İdarə Heyətinin sədri və prezidenti Yanq Cin Canq imzalayıblar.

Yaponiya hökuməti qrant pəncərəsinə 20 milyon, Birləşmiş Krallıq hökuməti isə 1,6 milyon ABŞ dolları təqdim etməyi öhdəsinə götürüb.

"Export-Import Bank of Korea" və "Korea Trade Insurance Corporation" bu mexanizmin ilk tərəfdaşları qismində hər biri 500 milyon ABŞ dolları məbləğində memorandumlar imzalayıblar.

Bu mexanizm AİB-nin bütün regionda məsuliyyətli və dayanıqlı dəyər yaratma zəncirlərinin, kritik əhəmiyyətli mineral resursların hasilatından tutmuş istehsalına qədər dəstəklənməsinə yönəlmiş strategiyaya əsaslanır.