03 may 2026 09:15
154

Ağ Ev yanacaq qiymətlərinə təsir rıçaqlarını itirir?

Yanacağın bahalaşması və qlobal neft bazarında artan gərginlik fonunda Ağ Ev administrasiyası ciddi siyasi və iqtisadi fəsadlar olmadan benzinin qiymətini cilovlamaq üçün əlçatan mexanizmləri, demək olar, tükəndirib.

“İki sahil” xəbər verir ki, bu barədə sosioloji tədqiqatların nəticələrinə və analitiklərə istinadla "The Washington Post" (WP) qəzeti məlumat yayıb.

Nəşr qeyd edib ki, Hörmüz boğazında naviqasiya məhdudiyyətləri nəticəsində ABŞ-də benzinin orta qiyməti cəmi bir həftə ərzində 30 sentdən çox artaraq bir qallon üçün 4,39 dollara (təxminən 3,8 litr - red.) qalxıb.

Yanacağın qiymətinin artması amerikalı istehlakçıları xərclərini azaltmağa məcbur edir: "Washington Post", "ABC News" və "Ipsos"un birgə sorğusuna əsasən, ABŞ sakinlərinin 44 %-i şəxsi nəqliyyatdan daha az istifadə etməyə başladıqlarını, 42 %-i gündəlik xərclərini azaltdıqlarını, 34 %-i isə səyahət və məzuniyyət planlarına yenidən baxdıqlarını etiraf edib.

Nəşrin mənbələrinin məlumatına görə, ABŞ Prezidenti Donald Tramp maliyyə naziri, Ağ Ev aparatının rəhbəri və vitse-prezidentin iştirakı ilə energetika sahəsinin nümayəndələri ilə müşavirə təşkil edib, bu zaman neft bazarında böhranın uzanacağı təqdirdə, mümkün fəaliyyət ssenariləri nəzərdən keçirilib.

WP vurğulayıb ki, administrasiya artıq bir sıra tədbirlər həyata keçirib ki, onların da arasında strateji neft ehtiyatlarının işə salınması, bəzi ekoloji standartların müvəqqəti yumşaldılması, Rusiya neftinə qarşı sanksiya məhdudiyyətlərinin qismən dayandırılması, eləcə də yanacağın dənizlə daşınması üzrə tələblərin müvəqqəti ləğvi var.