Azərbaycanın idman ölkəsi kimi formalaşmasının təməli Ulu Öndər Heydər Əliyevin hakimiyyəti dövründə qoyulmuşdur. Həmin dövrdə idman infrastrukturu yaradılmış, gənclərin idmana cəlbi dövlət siyasətinin mühüm istiqamətlərindən birinə çevrilmişdir. İdman sahəsi yalnız fiziki inkişaf vasitəsi kimi deyil, həm də milli ideologiyanın və vətənpərvərlik tərbiyəsinin tərkib hissəsi kimi qiymətləndirilmişdir. Bu siyasət sonrakı dövrdə cənab Prezident tərəfindən daha da inkişaf etdirilmiş, sistemli və institusional xarakter almışdır. Milli Olimpiya Komitəsinin fəaliyyətinin gücləndirilməsi, idman federasiyalarının strukturlaşdırılması və regionlarda Olimpiya İdman komplekslərinin yaradılması bu sahədə dayanıqlı inkişafın əsasını təşkil etmişdir.
Prezident cənab İlham Əliyevin Tiranada keçirilmiş Avropa çempionatında komanda hesabında birinci yeri tutan Azərbaycan güləşçilərini qəbul etməsi təkcə idman hadisəsi deyil, həm də dövlət siyasətinin mühüm istiqamətlərindən biri olan idman diplomatiyasının növbəti təzahürü kimi qiymətləndirilməlidir. Bu görüş Azərbaycan idmanının əldə etdiyi uğurların siyasi, sosial və ideoloji müstəvidə yaratdığı təsirin sistemli şəkildə təqdimatı baxımından xüsusi əhəmiyyət daşıyır. Dövlət başçısının çıxışında vurğulanan əsas məqamlar göstərir ki, müasir dövrdə idman artıq yalnız rəqabət meydanı deyil, eyni zamanda ölkələrin beynəlxalq imicinin formalaşmasında mühüm alətə çevrilib. Azərbaycan güləşçilərinin Avropa çempionatında həm sərbəst, həm də yunan-Roma güləşi üzrə komanda hesabında birincilik qazanması ölkənin idman potensialının yüksək səviyyədə olduğunu təsdiqləməklə yanaşı, milli idman məktəbinin dayanıqlı inkişaf modelini də nümayiş etdirir. Cənab Prezidentin də vurğuladığı kimi, güləş bizim milli idman növümüzdür və onun Azərbaycanda böyük ənənələri var. Bu gün əldə olunan nəticələr təsadüfi deyil. Bu, düzgün qurulmuş məşq prosesinin, şəffaf seleksiya işinin və nəsillər arasındakı qırılmaz bağlılığın bəhrəsidir. Vaxtilə Olimpiya çempionlarımız olan idmançılar bu gün Federasiya rəhbərliyində və məşqçi korpusunda təmsil olunurlar. Bu varislik imkan verir ki, Azərbaycan idmanı nəinki yaşasın, həm də hər il yeni zirvələr fəth etsin. Nəsillər dəyişir, lakin Azərbaycan idmanının qələbə əzmi sarsılmaz qalır.
Tiranada keçirilmiş Avropa çempionatında Azərbaycanın həm sərbəst, həm yunan-Roma, həm də qadın güləşi üzrə yüksək nəticələr əldə etməsi bu sahədə kompleks inkişafın göstəricisidir. Komanda hesabında birincilik isə fərdi nailiyyətlərin sistemli şəkildə birləşdirildiyini göstərir. Bu nəticələr fonunda nəsillərarası davamlılıq xüsusi diqqət çəkir. Diqqət çəkən digər mühüm məqam milli komandada hökm sürən birlik və sağlam mənəvi-psixoloji mühitdir. Prezidentin bu amili xüsusi vurğulaması təsadüfi deyil. Müasir idmanda fərdi ustalıqla yanaşı, komanda ruhu və daxili həmrəylik həlledici rol oynayır. Azərbaycan güləşçilərinin bir ailə kimi çıxış etməsi, qarşılıqlı dəstək və məsuliyyət hissi onların uğurlarını şərtləndirən əsas faktorlar sırasındadır. Eyni zamanda, dövlət başçısının çıxışında beynəlxalq yarışlarda bəzən müşahidə olunan ədalətsiz yanaşmalarla bağlı səsləndirilən fikirlər idman mühitində mövcud problemlərə real və praqmatik yanaşmanı əks etdirir.
Avropa Oyunları, İslam Həmrəyliyi Oyunları və MDB Oyunlarının yüksək səviyyədə təşkili ölkənin həm təşkilati potensialını, həm də idmanın inkişafına verdiyi strateji əhəmiyyəti nümayiş etdirir. Bu amil, öz növbəsində, Azərbaycanın beynəlxalq idman məkanında etibarlı tərəfdaş kimi mövqeyini möhkəmləndirir. Azərbaycanın idman sahəsində əldə etdiyi uğurlar təsadüfi deyil, sistemli və uzunmüddətli siyasətin nəticəsidir. Tarixi ənənələr, güclü siyasi iradə, inkişaf etmiş infrastruktur və peşəkar insan kapitalı bu uğurların əsasını təşkil edir. Prezident İlham Əliyevin 30 ilə yaxın müddətdə Milli Olimpiya Komitəsinə rəhbərlik etməsi idmana dövlət səviyyəsində göstərilən diqqətin ən bariz göstəricisidir.
Ayaz Cəbrayılov,
Yeni Azərbaycan Partiyası Kürdəmir rayon təşkilatının sədri