01 may 2026 12:54
107

İdmanın inkişafı Azərbaycanda dövlət siyasətinin mühüm istiqamətlərindən biridir

Bu gün Azərbaycan idmanın inkişaf səviyyəsinə görə dünyada aparıcı ölkələrdən biri kimi tanınır. Təbii ki, buna görə ilk növbədə, dövlətimizin idmana göstərdiyi diqqət və qayğını xüsusi vurğulamaq lazımdır. Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi altında bu sahədə həyata keçirilən düzgün və məqsədyönlü dövlət siyasəti sayəsində ölkəmiz Avropanın və dünyanın idman mərkəzlərindən birinə çevrilib.

 Bu həftə Albaniyanın paytaxtı Tiranada keçirilən Avropa çempionatında 3 qızıl, 2 gümüş, 1 bürünc medal qazanan sərbəst güləş üzrə millimiz 152 xal toplayaraq 6-cı dəfə Avropa çempionu olub. Komandamız 2-ci yeri tutan Gürcüstanı 58 xal qabaqlayıb. Ermənistan isə 73 xalla üçüncü olub.  Millimiz Albaniyada medalların əyarına görə, son 17 ilin ən yaxşı nəticəsinə imza atıb. Bu, komandamızın 2009-cu ildən bu yana Avropa çempionatında ən yaxşı göstəricisidir.

Prezident İlham Əliyev aprelin 30-da Tiranada keçirilmiş Avropa çempionatında komanda hesabında qtğənin çempionu olan yunan-roma güləşi və sərbəst güləş, həmçinin qadın güləşi üzrə medal qazanmış idmançıları və onların məşqçilərini qəbul edib. Görüş çərçivəsində  idmançıları göstərdikləri  yüksək nəticəyə görə təbrik edən ölkə rəhbəri  Azərbaycanda idmanın dövlət siyasəti olduğunu bir daha bəyan edib. Vurğulayıb ki, idman dövlətin qüdrətini göstərən əsas göstəricilərdən biridir:  «Hər dəfə beynəlxalq yarışlarda bizim bayrağımız qaldırılanda bütün Azərbaycan xalqı qürur hissi keçirir, sevinir. Bu qələbə sevincini idmançılarımız xalqımıza bəxş edir və bu da öz növbəsində gənc nəsli vətənpərvərlik ruhunda tərbiyə etmək üçün çox önəmli amildir. İdman, ümumiyyətlə, cəmiyyətimizin ayrılmaz hissəsidir və xüsusilə son illər ərzində idmanda gedən müsbət proseslər, əlbəttə ki, hamımızı sevindirir.»

Azərbaycan gənclərinin idman sahəsindəki uğurlarının digər mühüm əhəmiyyəti, bu uğurların gənclərin mənəvi baxımdan inkişafına da kömək etməsidir. Belə ki, idman arenasında əldə edilən hər qələbə ölkəmizdə idmana olan marağın artmasına və son nəticədə gənclərimizin sağlam həyat tərzinə üstünlük verməklə zərərli vərdişlərdən uzaqda qalmasına xidmət edir. Bu baxımdan, Azərbaycan Güləş Federasiyasının fəaliyyəti də müsbətdir. Ölkəmizin başçısı  idmançılarla görüşündə bildirib ki, federasiya xüsusilə bölgələrdə olan gənc idmançıları məşq, təlim toplanışlarına cəlb etmək üçün işini bundan sonra da təkmilləşdirəcək. Çünki bu gün hər bir bölgədə həm Olimpiya İdman kompleksləri var, eyni zamanda, güləş zalları. Ona görə bu seleksiya işi, əlbəttə ki, gələcək uğurlarımızın əsasını təşkil edəcək.

İdmanın inkişafı Azərbaycanda dövlət siyasətinin mühüm istiqamətlərindən biri olduğunu deyən Prezident İlham Əliyev ölkəmizdə idman sahəsində varisliyin və ənənələrin qorunub saxlandığını, bu işdə idman veteranlarının rolunu vurğulayıb: «Bizim tanınmış idmançılarımız, Olimpiya çempionları federasiya rəhbərliyində təmsil olunurlar. Məşqçilər arasında da tanınmış idmançılar təmsil olunur. Bu gün məşqçi kimi fəaliyyət göstərən idmançıların yarışlarını vaxtilə mən özüm izləmişəm, həm Bakıda, həm Olimpiya Oyunlarında onlara azarkeşlik etmişəm. İndi isə onların yetirmələri bizi sevindirir. Bax belə, nəsillər dəyişdikcə güləş və bütövlükdə idman Azərbaycanda nəinki yaşayır, hətta inkişaf edir və yeni zirvələrə çatır. Nəsillər dəyişir, amma bir şey dəyişmir, o da Azərbaycan idmanının uğurları.»

Təbii ki, dövlət rəhbərimizin güləşçiləri qəbul etməsi, onları uğurlarına görə təbrik etməsi, qarşıdakı vəzifələr, görülən və görülməsi gərəkən işlər haqqında ətraflı danışması, idmançılar üçün bütün gərəkli şəraitin yaradıldığı və gələcəkdə də yaradılacağını vurğulaması dövlət başçısının idmana  və idmançılara nə qədər böyük diqqətlə yanaşdığını göstərir. Bu baxımdan, sözügedən görüşü birmənalı şəkildə idmançılar üçün ən böyük təqdir və mənəvi stimul hesab etmək olar. Bir sözlə, kimi qayğı və diqqət onlara böyük ruh yüksəkliyi bəxş etməklə yanaşı, idmançılarımızın məsuliyyət hissini daha da artırır. Bu amil isə növbəti qələbələrin  başlanğıcı deməkdir.

İsmayıl İbrahimov,
YAP Hacıqabul rayon təşkilatının sədri