Azərbaycanın beynəlxalq idman oyunlarında, Olimpiadalarda və dünya çempionatlarında daim yüksək səviyyədə təmsil olunması ölkəmizin idman sahəsində qazandığı uğurların göstəricisi olmaqla yanaşı, dövlətlərarası dostluq münasibətlərinin möhkəmlənməsində də mühüm rol oynayır. Azərbaycanın dünyada idman ölkəsi kimi tanınmasının və əldə olunan nailiyyətlərin əsasında dövlət səviyyəsində formalaşdırılmış, daim diqqət mərkəzində saxlanılan idman siyasəti dayanır. Bu siyasətin əsası Ulu Öndər tərəfindən qoyulmuş, Prezident İlham Əliyev tərəfindən isə uğurla davam etdirilmişdir.
Şübhəsiz ki, idman sahəsində qazanılan uğurların əsasında dövlət başçımız İlham Əliyevin Azərbaycan Olimpiya Komitəsinə 30 ilə yaxın müddətdə rəhbərlik etməsi və bu istiqaməti daim diqqətdə saxlaması mühüm rol oynayır.
Azərbaycan idmançılarının qazandığı nailiyyətlər yalnız fərdi uğur kimi deyil, bütövlükdə xalqımızın qürur və sevinc mənbəyi kimi dəyərləndirilir. Bu uğurlar ölkəmizin beynəlxalq arenada yüksək səviyyədə təmsil olunduğunu bir daha nümayiş etdirir. İdmançılarımız müxtəlif yarışlarda Azərbaycan bayrağını yüksəklərə qaldıraraq dövlətimizin adını layiqincə təbliğ edirlər. Onların əzmkarlığı və vətənə bağlılığı gənc nəsil üçün ilhamverici nümunəyə çevrilir və milli qürur hissini daha da gücləndirir.
Aprelin 30-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Albaniyanın paytaxtı Tiranada keçirilmiş Avropa çempionatında komanda hesabında Avropa çempionu olan yunan-Roma güləşi və sərbəst güləş, həmçinin qadın güləşi üzrə medal qazanmış idmançıları və onların məşqçilərini qəbul etmişdir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən Avropa çempionatında komanda hesabında çempion olan güləşçilərin qəbulunda səsləndirilən fikirlər dövlətimizin idman siyasətinin strateji mahiyyətini, milli kimlik və dövlətçilik ideologiyası ilə sıx bağlılığını bir daha nümayiş etdirdi. İdmançılarımızın qazandığı bu uğurlar isə dövlət başçımızın rəhbərliyi ilə ölkəmizin uzunmüddətli inkişaf modelində idmanın roluna verdiyi yüksək dəyəri bir daha göstərdi.
Dövlət başçımız ilk öncə qazandıqları uğurlar münasibətilə idmançıları təbrik etdi.
Azərbaycanın Avropa Güləş Çempionatı kimi nüfuzlu beynəlxalq yarışda komanda hesabında birinci olması, əslində, ölkəmizin artan geosiyasi və sosial potensialının idman müstəvisində təzahürüdür. Prezident İlham Əliyevin vurğuladığı kimi, bu qələbə həm idman nailiyyəti, həm də dövlətimizin sistemli və məqsədyönlü siyasətinin nəticəsidir.
Müasir beynəlxalq münasibətlər sistemində idman artıq “yumşaq güc” alətlərindən biri hesab edilir. Azərbaycanın bu sahədə əldə etdiyi nailiyyətlər beynəlxalq imicimizin formalaşmasına və diplomatik mövqelərimizin möhkəmlənməsinə xidmət edir.
Cənab Prezidentin çıxışında xüsusi yer tutan məqamlardan biri idman sahəsində nəsillərarası davamlılıqdır. Azərbaycanın güləş ənənələrinin qorunub saxlanılması və inkişaf etdirilməsi, təcrübəli idmançıların federasiya və məşqçilik fəaliyyətində təmsil olunması institusional yaddaşın formalaşmasına xidmət edir.
Bu model klassik idarəetmə yanaşmalarından fərqli olaraq, praktik təcrübənin sistemli şəkildə ötürülməsinə əsaslanır. Nəticədə, həm peşəkarlıq səviyyəsi yüksəlir, həm də milli idman məktəbi formalaşaraq beynəlxalq rəqabətə davamlı olur.
Dövlətimizin başçısının vurğuladığı digər mühüm istiqamət regionlarda idmanın inkişafıdır. Ölkə üzrə Milli Olimpiya Komitəsi və digər idman qurumlarının fəaliyyəti nəticəsində bölgələrdə Olimpiya idman komplekslərinin və güləş zallarının yaradılması idmanın coğrafi əlçatanlığını artırır.
Prezident İlham Əliyev çıxışında idmanın vətənpərvərlik tərbiyəsində rolunu xüsusi vurğuladı. Dövlət bayrağının beynəlxalq arenada ucaldılması və himnin səsləndirilməsi cəmiyyətin kollektiv yaddaşında qürur və milli həmrəylik hisslərini gücləndirir.
Bu, xüsusilə gənc nəslin formalaşmasında mühüm rol oynayır. İdmançılar yalnız fiziki güc nümayiş etdirən şəxslər deyil, eyni zamanda milli dəyərlərin daşıyıcıları və təbliğatçılarıdır.
Azərbaycanın ev sahibliyi etdiyi iri miqyaslı tədbirlər – 2015- ci ildə keçirilən Avropa Oyunları və 2017-ci ildə baş tutan İslam Həmrəyliyi Oyunları kimi yarışlar ölkəmizin idman infrastrukturu və təşkilati bacarıqlarının yüksək səviyyədə olduğunu sübut etdi. Azərbaycanın bu sahədə qazandığı təcrübə onu regionda idman diplomatiyasının aparıcı aktorlarından birinə çevirdi.
Dövlət başçımızın qadın güləşçilərin uğurları və onların gələcək perspektivləri ilə bağlı nikbin proqnozları Azərbaycanda gender balansının idman sahəsində də gücləndiyini göstərir. Bu, cəmiyyətin modernləşməsi və sosial transformasiyanın mühüm istiqamətlərindəndir.
Prezident İlham Əliyevin güləşçilərlə görüşdə səsləndirdiyi fikirlər göstərir ki, Azərbaycan üçün idman fiziki fəaliyyət sahəsi olmaqla yanaşı, dövlət siyasətinin də mühüm istiqamətlərindən biridir. İdman sahəsində uğurları milli kimliyin möhkəmləndirilməsi, beynəlxalq nüfuzun artırılması və gənc nəslin formalaşdırılması baxımından strateji resurs kimi çıxış edir.
Bu kontekstdə güləşçilərimizin Avropa çempionatındakı qələbəsi həm idman tariximizin növbəti uğuru, həm də Azərbaycanın davamlı inkişaf modelinin və güclü dövlətçilik fəlsəfəsinin parlaq təzahürüdür.
Ziyafət ƏSGƏROV,
Azərbaycan Respublikası Milli Məclisinin Sədr müavini