01 may 2026 13:47
114

BP: I rübdə Səngəçal terminalından 47 milyon barel neft və kondensat ixrac olunub

BP-nin Azərbaycanda fəaliyyəti üzrə 2026-cı ilin birinci rübünün nəticələrinə dair hesabatında neft və qazın nəqli, emalı və ixracı ilə bağlı göstəricilər açıqlanıb.

“İki sahil” hesabata əsasən xəbər verir ki, 2026-cı ilin ilk üç ayında Azəri-Çıraq-Günəşli və Şahdəniz qaz yatağı üzrə hasil olunan neft və qaz sualtı boru kəmərləri vasitəsilə Səngəçal terminalı-na nəql edilməyə davam edib.

Bildirilib ki, terminalın texniki emal gücü hazırda gündəlik 1,2 milyon barel neft və kondensat, “Şahdəniz” qazı üzrə isə təxminən 81 milyon standart kubmetr təşkil edir. Ümumi qaz emalı və ixrac gücü (AÇG səmt qazı da daxil olmaqla) gündəlik təxminən 100 milyon standart kubmetr səviyyəsindədir.

Qeyd olunub ki, hesabat dövründə terminal vasitəsilə təxminən 47 milyon barel neft və kondensat ixrac edilib və bu həcmlərin hamısı Bakı-Tbilisi-Ceyhan boru kəməri ilə nəql olunub.

Məlumata görə, qaz ixracı əsasən Cənubi Qafqaz Boru Kəməri və onun genişləndirilməsi sistemi, həmçinin terminalın qaz emalı obyektlərini Azəriqaz-ın qazpaylama şəbəkəsi ilə birləşdirən ölkədaxili qaz kəməri vasitəsilə həyata keçirilir.

Hesabatda o da qeyd edilir ki, rüb ərzində terminaldan gündəlik orta hesabla 74,4 milyon standart kubmetr (təxminən 2 milyard 628 milyon standart kubfut) “Şahdəniz” qazı ixrac olunub.