30 aprel 2026 20:57
161

Zərifə Əliyevanın 103 illiyinə həsr olunan beynəlxalq konfransda Milli Göz Bankının açılışı reallaşdı

Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi, Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzi və Azərbaycan Oftalmoloqlar Cəmiyyətinin birgə təşəbbüsü ilə akademik Zərifə Əliyevanın anadan olmasının 103 illiyinə və Mərkəzin 80 illik yubileyinə həsr olunmuş beynəlxalq elmi-praktik konfrans keçirilib.

“İki sahil” xəbər verir ki, konfransda yerli və xarici mütəxəssislər, o cümlədən Rusiya, Türkiyə, İtaliya, Özbəkistan, Sinqapurdan tanınmış oftalmoloqlar və professorlar iştirak ediblər.

Konfrans Azərbaycan Respublikasının səhiyyə naziri cənab Teymur Musayevin çıxışı ilə açıq elan olunub.

Daha sonra Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin direktoru, professor Elmar Qasımov, Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik İsa Həbibbəyli, Milli Məclisin Səhiyyə komitəsinin sədri, akademik Əhliman Əmiraslanov TCOD-un sədri prof.Öner Gelişken açılış mərasimində çıxış ediblər.

Konfrans çərçivəsində Akad. Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzində Göz Bankının təntənəli açılışı keçirilib. Açılış mərasimi səhiyyə naziri Teymur Musayev və Mərkəzin direktoru, professor Elmar Qasımov tərəfindən həyata keçirilib.

Azərbaycanda gözün buynuz qişasının transplantasiyası sahəsinin inkişafı baxımından Göz Bankının yaradılması mühüm və zəruri addım kimi qiymətləndirilir. Milli Göz Bankı donor toxumalarının toplanması, saxlanılması və təhlükəsiz şəkildə transplantasiyaya hazırlanmasını təmin etməklə keratoplastika xidmətlərinin inkişafında əsas rol oynayır.

Bu sistem donor mərhələsindən başlayaraq buynuz qişanın transplantasiyasına qədər bütün proseslərin daha sistemli və müasir standartlara uyğun şəkildə həyata keçirilməsinə şərait yaradır. Eyni zamanda, bu istiqamətdə ictimai maarifləndirmənin güclənməsinə də mühüm töhfə verir.

Ümumilikdə, Göz Bankı ölkədə korluğun qarşısının alınması, görmənin bərpası imkanlarının genişləndirilməsi və müasir oftalmoloji xidmətlərin inkişafı baxımından strateji əhəmiyyət daşıyır.

Konfransda oftalmologiya sahəsinə dair aktual və maraqlı məruzələr dinlənilib, geniş müzakirələr aparılıb.

Həmçinin qeyd edək ki, konfrans çərçivəsində aparılan müzakirələr həm nəzəri biliklərin, həm də praktiki təcrübənin paylaşılmasına şərait yaradır. Aparılan elmi diskussiyalar oftalmologiya sahəsində yeni yanaşmaların formalaşmasına mühüm töhfə verəcək.