30 aprel 2026 15:53
126

Əvvəl vətəndaşın sosial yardıma və ya müavinətə ehtiyacını insan faktoru müəyyən edirdisə, indi bu qərarı...

Sistem vətəndaşın gəlirlərini, mülkiyyətini və xərclərini müxtəlif dövlət qurumlarından aldığı real datalar əsasında yoxlayır

Sosial xidmətlər birbaşa vətəndaşların rifahı ilə bağlı olduğu üçün burada subyektivlik və gecikmə ən həssas risk amilləridir. Rəqəmsal həllər bu problemləri insan amilini prosesin mərkəzindən çıxarıb, nəzarətçi mövqeyinə gətirməklə həll edir. Məsələn, əvvəllər bir vətəndaşın sosial yardıma və ya müavinətə ehtiyacı olub-olmamasını insan faktoru müəyyən edirdisə, indi bu qərarı rəqəmsal alqoritmlər verir. Sistem vətəndaşın gəlirlərini, mülkiyyətini və xərclərini müxtəlif dövlət qurumlarından aldığı real datalar əsasında yoxlayır. Burada istisna və ya fərdi münasibət anlayışı yoxdur, meyarlar hər kəs üçün eynidir.

 Bunu DOST RİM-in layihələr üzrə koordinatoru Vüsalə Müzəffərova “İki sahil”ə müsahibəsində qeyd edib. 

Həmsöhbətimiz əlavə edib ki, rəqəmsal sistemlər hüququ yaranan şəxsi özü tapır. Məsələn, pensiya təyinatında vətəndaşın heç müraciətinə belə ehtiyac qalmır. Təmasın olmadığı yerdə isə subyektivlik üçün heç bir zəmin yaranmır.
Vətəndaşların müraciətləri isə elektron sistemə daxil olduğu andan izlənilir. Bizim daxili idarəetmə sistemlərimizdə hər bir sənədin hansı mərhələdə olduğu, hansı əməkdaşın elektron kabinetində nə qədər müddət qaldığı aydın görünür. Müraciətlərin gecikməsi ilə bağlı sistem dərhal xəbərdarlıq verir. Bu, məsuliyyəti artırır və gecikmələrin qarşısını tamamilə alır.

Yaqut Ağaşahqızı, “İki sahil”