29 aprel 2026 20:25
111

Nigeriyada kilsəyə hücum olub

Nigeriyanın cənubundakı Ekiti ştatında silahlı şəxslərin kilsəyə hücumu nəticəsində keşiş öldürülüb, kilsədə olan bir neçə şəxs isə qaçırılıb.

“İki sahil” “əş-Şarq əl-Avsət” qəzetinə istinadla xəbər verir ki, hadisə İda Onyo Ekiti qəsəbəsində açıq havada keçirilən dini mərasim zamanı baş verib.

Naməlum silahlılar kilsə həyətinə daxil olaraq mərasimə rəhbərlik edən keşişə atəş açıb və onu yerindəcə qətlə yetiriblər.

Yerli mənbələrin məlumatına görə, hücumçular daha sonra bir qrup dindarı yaxınlıqdakı meşəlik əraziyə aparıblar. Qaçırılanlar arasında yaşlı şəxslərin və uşaqların olduğu bildirilir.

Yerli polis faktı təsdiqləyib. Nigeriya təhlükəsizlik qüvvələri əraziyə cəlb olunub və hücum edənlərin axtarışına başlayıb. Məlumata görə, hadisə bölgə sakinləri arasında təşviş və qorxu yaradıb.

Qeyd edək ki, Nigeriyada təhlükəsizlik problemləri tez-tez dini və etnik amillərlə də əlaqələndirilir. Xüsusilə ölkənin şimal-şərqində fəaliyyət göstərən Boko Haram qruplaşmasının hücumları və müxtəlif icmalar arasında toqquşmalar ölkədə sabitliyə ciddi təsir göstərir.