Nizami Rayon İcra Hakimiyyətinin, Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının və Nizami rayonu üzrə Gənclər və idman sektorunun birgə təşkilatçılığı ilə oğlanlar arasında voleybol yarışı keçirilib.
Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlanan turnirin açılış mərasimində Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədri Ramil Vəlibəyov, Nizami Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Könül Həsənova, 242 saylı tam orta məktəbin direktoru Sevinc Bayramova və Nizami rayonu üzrə gənclər və idman sektorunun müdiri Vasif İsayev çıxış ediblər.
Çıxışlardan sonra püşk atılıb, yarışa start verilib.
Qeyd edək ki, yarışda Nizami rayonunun 15-dək təhsil müəssisəsinin komandası iştirak edib. Olimpiya sistemi üzrə keçirilmiş turnirdə birinci yerin qalibi 229 saylı tam orta məktəbin komandası olub. İkinci və üçüncü yerləri isə müvafiq olaraq 210 və 109 saylı tam orta məktəblərin kollektivləri bölüşüblər.
Qalib komandalara kubok, medallar, diplomlar və hədiyyələr təqdim edilib.
Zamin Məmmədov, "İki sahil"