28 aprel 2026 16:03
199

“Eko Səfir Qızlar” proqramının Lənkəran və Neftçala üzrə layihələrinin yekun mərasimi keçirilib - FOTO

Resource HUB tərəfindən həyata keçirilən “Eko Səfir Qızlar” proqramının yekun təqdimatı mərasimi Bakıda baş tutub. Tədbirdə Lənkəran və Neftçala rayonlarından olan gənc qızlar proqram çərçivəsində hazırladıqları layihələri təqdim edərək ekologiya, icma inkişafı və gənclərin fəal iştirakı istiqamətində gördükləri işləri nümayiş etdiriblər.

“İki sahil” xəbər verir ki, tədbirdə çıxış edənlər proqramın qızların liderlik bacarıqlarının inkişafına, ekoloji biliklərinin artmasına və əldə etdikləri təcrübənin öz icmalarında tətbiq etmələrinə imkan yaratdığını vurğulayıblar.

Təqdimat zamanı  “Eko Səfir Qızlar” proqramının ideya müəllifi və rəhbəri Fidan Dərgahlı bildirib ki, proqram indiyədək Quba, Qusar, Bərdə, Mingəçevir, Ağdam, Qəbələ və İsmayıllıda icra olunub. Bu il keçirilən mərhələdə isə Lənkəran və Neftçala iştirakçıları da proqrama qoşulublar.

Tədbirdə vurğulanıb ki, proqramın əsas mövzusu ekologiya olsa da, onun təsiri yalnız ətraf mühitlə məhdudlaşmır. İştirakçılar ağacəkmə, su ehtiyatlarının qorunması, yerli məhsulların təşviqi, sağlam qidalanma, sahibsiz heyvanlara qayğı, şəhər irsinin tanıdılması və ekoloji media təşəbbüsləri kimi müxtəlif istiqamətlərdə layihələr hazırlayaraq təqdim ediblər. Proqram çərçivəsində səhnədə “Bir Ağac - Bir Məsuliyyət”, “Təmiz Su - Sağlam Gələcək”, “Şəhərimizi tanıyaq”, “Eko Klub”, “Fermerdən Şəhərə: Yaşıl Bazar”, “Səssiz Dostların Səsi”, “Sağlam Həyat, Sağlam Qida” və “Gənclər danışır: Eko Media” kimi təşəbbüslər də yer alıb.

Mərasim zamanı çıxış edən aparıcı və təşkilatçılar iqlim dəyişiklikləri, təbii resursların azalması və ekosistemlərin qorunması kimi çağırışların həm qlobal, həm də yerli səviyyədə aktual olduğunu qeyd ediblər. Eyni zamanda, 2026-cı ilin Azərbaycanda “Şəhərsalma və Memarlıq İli” elan edilməsi və Bakının Dünya Şəhər Forumuna ev sahibliyi etməsi fonunda gənclərin bu kimi təşəbbüslərlə prosesə qoşulmasının xüsusi əhəmiyyət daşıdığı bildirilib.

Tədbirin sonunda proqram iştirakçılarına sertifikatlar və Yelo Bank tərəfindən kiçik hədiyyələr təqdim olunub.

“Eko Səfir Qızlar” proqramı bir daha göstərib ki, gənc qızların bilik, liderlik və təşəbbüskarlıq potensialına sərmayə qoymaq, yerli icmaların inkişafına, ekoloji maarifləndirməyə və daha məsuliyyətli gələcəyin qurulmasına mühüm töhfə verir.