Avrasiya məkanının aparıcı nəqliyyat-tranzit qovşağı olan Azərbaycan həm də dünyanın, xüsusilə Avropanın enerji təminatı və təhlükəsizliyində həlledici mövqeyə malikdir. Qəbələdə Prezident İlham Əliyevin Ukrayna Prezidenti Volodimir Zelenski və Çex Respublikasının Baş naziri Andrej Babiş ilə keçirdiyi görüşlər Azərbaycanın regional diplomatiyada artan rolunu nümayiş etdirir. Görüş məkanı kimi Qəbələnin seçilməsi isə həm təhlükəsizlik, həm də siyasi baxımdan diqqəti cəlb edir.
“İki sahil” xəbər verir ki, mövzunu şərh edən İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin şöbə müdiri Aqil Əsədovun fikrincə, Qəbələ şəhəri beynəlxalq diplomatik gündəmin diqqət mərkəzinə çevrilib. Qısa zaman intervalında burada Azərbaycan Prezidenti İlham Əliyevlə Ukrayna Prezidenti Volodimir Zelenski təhlükəsizlik, enerji, humanitar əməkdaşlıq və birgə istehsal imkanlarını müzakirə edib, altı ikitərəfli sənəd imzalayıblar. Bu səfər müharibə dövründə Ukrayna Prezidentinin Cənubi Qafqaza ilk rəsmi səfəri kimi məhsuldar qiymətləndirilir. Digər mühüm məqam enerji sahəsində əməkdaşlıqdır. Avropanın enerji təhlükəsizliyi məsələsinin aktuallığı fonunda Azərbaycan təbii qaz və logistika imkanları ilə mühüm tərəfdaş sayılır. Ukrayna ilə bu sahədə koordinasiya həm tədarük marşrutları, həm də enerji infrastrukturu üzrə yeni perspektivlər yarada bilər. Dövlət başçılarının görüşündə də Azərbaycan Prezidentinin vurğuladığı kimi: “SOCAR Ukraynada uzun illərdir ki, uğurla fəaliyyət göstərir, - eyni zamanda, çox gözəl perspektivlər, birgə layihələr var..... Bizim ticarət dövriyyəmiz yarım milyard dolları ötüb. Amma ümid edirəm ki, növbəti illərdə bu rəqəm daha da böyüyəcək”. Bütün bunlar Azərbaycan-Ukrayna iqtisadi münasibətlərinin gələcəkdə daha da şaxələnəcəyini, ticarət dövriyyəsinin, qarşılıqlı investisiya qoyuluşlarının daha da artacağını deməyə əsas verir.
Çex Respublikasının Baş naziri Andrej Babişin ölkəmizə səfərinə də münasibət bildirən Aqil Əsədovun fikrincə, ikitərəfli siyasi dialoq, iqtisadi əlaqələr, investisiya əməkdaşlığı və biznes forumu diqqət mərkəzində olub. Azərbaycan Avropanın enerji təhlükəsizliyində mühüm rol oynamaqla yanaşı, Çexiya da Avropa İttifaqının üzvü kimi Azərbaycan üçün həm texnologiya, həm də sənaye tərəfdaşlığı baxımından əhəmiyyətlidir. Yüksəksəviyyəli ikitərəfli görüşlər göstərir ki, Azərbaycan Avropa ölkələri ilə münasibətlərdə yalnız enerji ixracatçısı kimi deyil, həm də logistika, sənaye kooperasiyası və investisiya platforması kimi çıxış etməyə hazırdır. Qəbələdə biznes forumunun təşkili, iş adamlarının və əlaqədar qurum rəhbərlərinin iştirakı ilə qarşılıqlı əməkdaşlıq imkanlarının müzakirəsi istər ölkələrarası əlaqələrin inkişafı, istərsə də regionların iqtisadi inkişafının təşviqi baxımından əhəmiyyətlidir.
Çexiya ilə ikitərəfli müzakirələrdə investisiya qoyuluşu, müdafiə sənayesi, energetika və s. sahələrdə əməkdaşlıq məsələləri geniş müzakirə edilərək müvafiq əməkdaşlıq planı imzalanıb. Görüşdə də vurğulandığı ki, uzun illər öncədən Azərbaycan nefti Çexiyaya ixrac edilir və ölkəmiz Çexiyanın enerji təminatında önəmli yerə malikdir. Müasir reallıqlar isə daha geniş iqtisadi əməkdaşlığı zəruri edir. Dövlət başçısı İlham Əliyevin “... Azərbaycanın maliyyə və iqtisadi vəziyyəti sabitdir. Çox illər ərzində, artıq doqquz ildir ki, valyutamız sabitdir” fikirləri də ölkəmizin investisiya cəlbediciliyi üçün əlverişli olduğunu, eləcə də bu sahənin qarşılıqlı əməkdaşlıq üçün aktual olduğunu ifadə edir.
Belə müzakirələrin Qəbələ şəhərində keçirilməsinin isə başqa bir rəmzi tərəfi var. Qəbələ son illər turizm, infrastruktur və təhlükəsizlik baxımından inkişaf etmiş şəhərlərdən biridir. Burada beynəlxalq tədbirlərin təşkili üçün hotellər, nəqliyyat bağlantıları və müasir qəbul imkanları mövcuddur. Paytaxtdan kənarda belə görüşlərin keçirilməsi regionların tanıdılması siyasətinə də xidmət edir. Eyni zamanda, Qəbələnin tarixi və coğrafi mövqeyi, şəhərin qədim ticarət yolları üzərində yerləşməsi, çoxmillətli bir şəhər olması və s. ona əlavə simvolik dəyər verir.
Aqil Əsədov əlavə edib ki, Qəbələdə Ukrayna Prezidenti Zelenski və Çexiya Baş naziri Babiş ilə keçirilən görüşlər Azərbaycanın çoxşaxəli xarici siyasət kursunun praktik təzahürüdür. Bir tərəfdən Ukrayna ilə təhlükəsizlik və humanitar əməkdaşlıq gücləndirilir, digər tərəfdən Avropa ölkələri ilə iqtisadi və investisiya əlaqələri genişləndirilir. Azərbaycan dünyanın aparıcı dövlətləri tərəfindən dünyaya sülh gətirən, barış tərəfdarı, etibarlı və strateji tərəfdaş kimi qəbul edilir.