Azərbaycan ilə Ukrayna arasında münasibətlər uzun illər ərzində formalaşmış dostluq, qarşılıqlı hörmət və faydalı əməkdaşlığa əsaslanır.Hər iki ölkə müstəqillik əldə etdikdən sonra siyasi, iqtisadi, enerji, nəqliyyat, humanitar və digər sahələrdə əlaqələri inkişaf etdirməyə xüsusi önəm verib.
Bu münasibətlər təkcə rəsmi səviyyədə deyil, xalqlar arasında qarşılıqlı simpatiya və etimada da söykənir. Siyasi sahədə Azərbaycan və Ukrayna arasında münasibətlər sabit və davamlı xarakter daşıyır. İki ölkə rəhbərləri arasında keçirilən görüşlər, qarşılıqlı səfərlər və beynəlxalq tədbirlər çərçivəsində aparılan danışıqlar əlaqələrin yüksək səviyyədə olduğunu göstərir. Hər iki dövlət beynəlxalq hüququn prinsiplərinə, ölkələrin suverenliyinə və ərazi bütövlüyünə dəstək verir. Bu baxımdan tərəflərin bir-birinə göstərdiyi siyasi dəstək münasibətlərin əsas istiqamətlərindən biridir.
Ukrayna Prezidenti Volodimir Zelenskinin Azərbaycana işgüzar səfəri, Qəbələdə Azərbaycan Prezidenti İlham Əliyevlə təkbətək və geniş tərkibdə keçirilən görüşlər, aparılan müzakirələr, mətbuata açıqlanan bəyanatların məzmunu iki ölkə arasındakı münasibətlərin yeni mərhələsindən xəbər verir.
Azərbaycan və Ukrayna strateji tərəfdaşlıq münasibətlərinə malik ölkələrdir. Cənab İlham Əliyevin mətbuata bəyanatında da xatırlatdığı kimi, ölkələrimiz arasında əməkdaşlığın çox güclü siyasi təməli var: "2008-ci ildə Kiyevdə, 2011-ci ildə Bakıda strateji tərəfdaşlığa dair iki sənəd imzalanmışdır və bunlar çox güclü siyasi sənədlərdir. O sənədlərdə ölkələrimizin qarşılıqlı olaraq ərazi bütövlüyü, suverenliyi, sərhədlərimizin toxunulmazlığı məsələləri öz əksini tapmışdır. Azərbaycan və Ukrayna bütün beynəlxalq təşkilatlarda qarşılıqlı olaraq ölkələrin suverenliyini, ərazi bütövlüyünü dəstəkləyir və dəstəkləyəcək".
Azərbaycanla Ukrayna arasında münasibətlər son illər yeni məzmun və dinamika qazanaraq daha çox humanitar sahədə dərinləşməkdədir. Bu yanaşma təsadüfi deyil. Azərbaycanın xarici siyasətində humanitar dəyərlər, çətin vəziyyətdə olan xalqlara dəstək və beynəlxalq həmrəylik xüsusi yer tutur. Uzun illər münaqişədən əziyyət çəkmiş ölkə kimi Azərbaycan bu ağrının, onun sosial-psixoloji nəticələrinin nə demək olduğunu yaxşı anlayır və bu təcrübəni bölüşməyi özünün mənəvi borcu hesab edir.
Azərbaycan-Ukrayna münasibətləri təkcə siyasi və iqtisadi maraqlarla məhdudlaşmır. Bu əlaqələr qarşılıqlı dəstək və gələcəyə birgə baxış üzərində qurulub. Mövcud reallıqlar fonunda bu münasibətlərin daha da inkişaf edəcəyi və yeni məzmun qazanacağı gözləniləndir. Azərbaycan Prezidenti bəyanatının sonunda demişdir: "...Son dörd il ərzində prezidentlər səviyyəsində yeddi görüşün keçirilməsi, - sonuncu görüş iki ay bundan əvvəl Münxen şəhərində olmuşdur, - gözəl göstəricidir. Bu, əlaqələrimizin nə qədər dinamik olmasından xəbər verir. Biz bu gün qarşılıqlı hörmətdən, qarşılıqlı maraqların təmin edilməsindən danışırıq. Əminəm ki, bugünkü səfər Azərbaycan-Ukrayna dostluq əlaqələrinin inkişafına növbəti mühüm töhfə olacaqdır".
Bu səfər və verilən mesajlar münasibətlərin daha da güclənəcəyindən xəbər verir.
Seyfəddin Əliyev,
Yeni Azərbaycan Partiyası Masallı rayon təşkilatının sədri