Boyun nahiyəmizə hər gün 27 kilo yük düşür
Telefon və planşet istifadəsinin artması ilə bağlı yeni sağlamlıq riski olan “texnologiya boynu sindromu” (tech-neck) daha geniş yayılmağa başlayıb. Mütəxəssislər xəbərdarlıq edirlər ki, smartfonları uzun müddət aşağı baxaraq istifadə etmək boyun nahiyəsində ciddi yük yaradır və zamanla müxtəlif ortopedik problemlərə səbəb ola bilər.
Məlumata görə, insanın başı normal, dik vəziyyətdə olduqda boyun onurğasına düşən yük təxminən 4-5 kiloqramdır. Lakin baş önə əyildikcə bu yük sürətlə artır. Təxminən 15 dərəcə əyilmədə boyuna düşən yük 12 kiloqrama, 30 dərəcədə 18 kiloqrama, 45 dərəcədə 22 kiloqrama, 60 dərəcədə isə 27 kiloqrama qədər yüksəlir. Bu isə gündəlik telefon istifadəsi zamanı boyunun faktiki olaraq davamlı ağır yük altında qalması deməkdir.
Həkimlər bildirirlər ki, bu vəziyyət sadəcə müvəqqəti ağrı ilə məhdudlaşmır. Uzunmüddətli yanlış duruş boyun onurğasının təbii əyriliyinin pozulmasına, əzələ və oynaqlarda yüklənməyə, xroniki ağrılara və hətta boyun yırtığı riskinin artmasına gətirib çıxara bilər. Eyni zamanda, baş ağrıları və hərəkət məhdudiyyəti kimi problemlər də müşahidə oluna bilər.
Qeyd olunur ki, yanlış duruş yalnız dayaq-hərəkət sisteminə deyil, ümumi sağlamlığa da təsir göstərir. Başın önə əyilməsi ilə çiyinlər irəli çəkilir, döş qəfəsi daralır və nəfəs səthi hala gəlir. Bu isə gün ərzində davam edən yorğunluq, diqqət dağınıqlığı və ümumi halsızlıq hissi ilə nəticələnə bilər. Bu problemin qarşısını almaq üçün bir sıra sadə qaydalara əməl etmək tövsiyə olunur. Telefon və digər cihazlar mümkün qədər göz səviyyəsində saxlanmalı, uzunmüddətli istifadə zamanı mütəmadi fasilələr verilməli və düzgün duruş vərdişi formalaşdırılmalıdır. Bundan əlavə, boyun əzələlərini gücləndirən yüngül məşqlər də faydalı hesab olunur.
Mütəxəssislərin xəbərdarlığına görə, texnoloji cihazlardan düzgün istifadə edilmədikdə, bu vərdişlər xüsusilə uşaqlar və gənclər arasında erkən yaşlarda ciddi onurğa problemlərinə yol aça bilər.
Şahnigar Əhmədova, “İki sahil”