Bu gün Azərbaycan ilə Latviya arasında həm siyasi, həm də iqtisadi əlaqələr yüksək səviyyədədir. Eyni zamanda, ölkəmiz Latviya ilə Baltik Dənizi Dövlətlərinin Şurası çərçivəsində də əməkdaşlıq edir. Sözügedən əməkdaşlıq Baltik–Qara Dəniz–Xəzər hövzəsi regionunda inteqrasiya proseslərinin intensivləşdirilməsi istiqamətində mühüm əhəmiyyət kəsb edir.
Ötən həftə Latviya Respublikasının Prezidenti Edqars Rinkeviçsin ölkəmizə rəsmi səfəri sözügedən əməkdaşlığın genişlənməsi istiqamətində önəmli hadisə oldu. Səfər zamanı Prezident İlham Əliyevin Prezident Edqars Rinkeviçs ilə təkbətək və geniş tərkibdə görüşləri keçirildi. Dövlətimizin başçısı ölkələrimiz arasında çox yaxşı əlaqələrin mövcudluğuna toxunaraq ticarəti və qarşılıqlı sərmayələri artırmaq, energetika, daşımalar, rəqəmsallaşma və digər sahələrə aid olan məsələləri həll etmək məqsədilə əməkdaşlığa dair praktiki məsələlərin bir daha nəzərdən keçirilməsinin vacibliyini vurğuladı.
Prezident Edqars Rinkeviçs də ölkəsinin Azərbaycanı strateji tərəfdaş və dost hesab etdiyini vurğulayaraq bu kontekstdə Hökumətlərarası Komissiyanın işini yüksək qiymətləndirib. Məlumdur ki, son 20 ildə Azərbaycan və Latviya arasında iqtisadi əlaqələr strateji tərəfdaşlıq səviyyəsində inkişaf edir. Xüsusilə iki ölkə arasında ticarət, nəqliyyat-logistika, kənd təsərrüfatı və investisiya sahələrində fəal əməkdaşlıq edilir. Bütün bunların nəticəsidir ki, tərəflər idxal-ixrac əməliyyatlarını ildən-ilə artırırlar. Təkcə onu qeyd etmək kifayətdir ki, əgər 2005-ci ildə iki ölkə arasında ümumi ticarət dövriyyəsi cəmi 6 milyon 882,2 min ABŞ dollar təşkil etmişdisə, 2023-cü ildə bu rəqəm 64 milyon 945,7 min dollara yüksəlib.
Dövlət Gömrük Komitəsinin məlumatına əsasən, bu ilin yanvar-mart aylarında Azərbaycanla Latviya arasında ticarət əməliyyatlarının həcmi 6 milyon 83 min dollar təşkil edib. Bu isə əvvəlki ilin eyni dövrünə nisbətən 748 min dollar və ya 14 faiz çoxdur. Hesabat dövründə Azərbaycandan Baltikyanı ölkəyə 1 milyon 804 min dollarlıq məhsul ixracı qeydə alınıb. Latviyadan isə ölkəmizə 4 milyon 279 min dollar dəyərində ixrac əməliyyatları icra olunub.
Azərbayandan Latviyaya meşə fındığı, qara metallardan qeyri-elektrik havaqızdırıcıları, hava və qaz kompressorları, ventilyasiya qurğuları, inersiyasız su qızdırıcıları və ya istilik su akkumulyatorları, meşə materialları ixrac olunub. Azərbaycan isə Baltikyanı ölkədən əsasən süd məhsulları, konservləşdirilmiş balıq, tərkibində dad-aromatik və ya boyaq əlavələri olan şəkər siropları, benzin və dərman vasitələri idxal edib. Ümumilikdə, Azərbaycan və Latviya arasında qarşılıqlı ticarət dövriyyəsi üzrə göstəricilər yüksək olmasa da, bu sahədə potensial olduqca yüksəkdir
Ən mühümü isə odur ki, 2025-ci ildə Latviya ölkəmizə 6 milyon 945 min dollar birbaşa investisiya yönəldib. Hazırda ölkəmizdə 40-dan çox birgə şirkət fəaliyyət göstərir. Ölkəmizin işğaldan azad olunmuş ərazilərinin bərpasında Latviya şirkətlərinin iştirakı da müzakirə mövzusudur. Həmçinin tərəflər arasında nəqliyyat-logistika, enerji və yenidənqurma sahəsində əməkdaşlığın perspektivləri də yüksək qiymətləndirilir. Belə ki, Latviya Azərbaycanın işğaldan azad edilmiş ərazilərində yaşıl enerji zonalarının yaradılmasında, eləcə də meşəçilik və infrastruktur layihələrində iştiraka xüsusi maraq göstərir.
Hər iki dövlət başçısının mətbuata bəyanatlarında da tərəfdaşlığın mühüm məqamlarına toxunuldu. Prezident İlham Əliyev bəyanatında bir həftə əvvəl Şuşada keçirilmiş Birgə Hökumətlərarası Komissiyanın iclasında səsləndirilən perspektivli planlar, müştərək işlərlə bağlı məlumatları yüksək dəyərləndirərək dedi: «Biz, həmçinin razılığa gəldik ki, planlar, proqramlar və sərmayə imkanları barədə bir-birimizə daim məlumat verəcəyik ki, hər iki ölkə şirkətlərinin informasiyaya çıxışı olsun və onlar öz fəaliyyətini planlaşdıra bilsinlər. Düşünürəm ki, hər iki ölkəyə yatırılacaq sərmayələr çox gözəçarpan nəticələr verə biləcək. Azərbaycanın istər dövlət, istərsə də özəl sərmayədarları bu cür fəaliyyətə hazırdır və ümid edirəm ki, biznes-forum bu vaxta qədər, əfsuslar ki, bir az mülayim görünən qarşılıqlı ticarətimizin dövriyyəsinin artırılmasında həqiqətən mühüm mərhələyə çevriləcək».
Bundan başqa, Latviyanın meşələr ölkəsi olduğunu xatırladan Prezident Edqars Rinkeviçs Qarabağın müasirləşməsi və yenidən qurulmasında daha çox meşələrin salınması ilə bağlı Prezident İlham Əliyevin tövsiyə etdiyi layihənin yerinə yetirilməsində yaxından iştirak etməyə hazır olduğunu bildirib.
Elçin Zaman, «İki sahil»