27 aprel 2026 16:28
115

Təhlükəsizlik sahəsində əməkdaşlıq tərəfdaşlığın ən yüksək etimad göstəricisidir

Prezident İlham Əliyevin illərlə formalaşdırdığı etibarlı tərəfdaş imici bu gün Azərbaycanın beynəlxalq əməkdaşlıq platformalarını genişləndirməkdədir. O cümlədən, Ukrayna ilə münasibətlər də bunun mühüm nümunələrindən biri kimi nəzərdən keçirilə bilər. Prezident Volodimir Zelenskinin Azərbaycana son səfəri göstərdi ki, Bakı və Kiyev arasında münasibətlər yeni məzmun qazanır. Əgər əvvəlki dövrdə bu münasibətlər daha çox siyasi həmrəylik üzərində qurulurdusa, bu gün əməkdaşlıq iqtisadiyyat, enerji, sənaye və hərbi-texniki istiqamətlərdə yeni mərhələyə keçir. Bu transformasiyanın əsasında isə dövlət başçımızın çoxşaxəli və uzaqgörən siyasəti durur.

Azərbaycan xüsusilə son illər həm enerji diplomatiyasında, həm iqtisadi tərəfdaşlıqlarda, həm də geosiyasi manevr imkanlarında ciddi üstünlüklər əldə edib. Azərbaycan və Ukrayna liderlərinin apardıqları müzakirələrdə enerji əməkdaşlığının xüsusi vurğulanması təsadüfi deyildi. SOCAR-ın Ukraynada uğurlu fəaliyyəti artıq yalnız iqtisadi iştirak deyil, strateji tərəfdaşlığın komponentidir. Bununla yanaşı, sərmayələr, birgə layihələr və ticarət dövriyyəsinin artımı göstərir ki, münasibətlər siyasi bəyanatlar səviyyəsini çoxdan adlayıb. 

Səfərin mühüm məqamlarından biri də hərbi-texniki əməkdaşlığın perspektivlərinin xüsusi vurğulanması oldu. Bu, iki ölkənin münasibətlərində yeni keyfiyyət mərhələsini ifadə edir. Çünki təhlükəsizlik sahəsində əməkdaşlıq həmişə tərəfdaşlığın ən yüksək etimad göstəricisi sayılır. Birgə istehsal imkanlarının müzakirəsi sadəcə müdafiə sənayesi maraqları ilə bağlı deyil, bu, texnoloji tərəfdaşlığın formalaşması deməkdir. Azərbaycan müdafiə sənayesinin son illərdə qazandığı nailiyyətlər fonunda bu əməkdaşlıq yeni imkanlar yarada bilər.

Bütün bunların arxasında Prezident İlham Əliyevin strateji baxışı dayanır. Məhz bu yanaşma Azərbaycana həm enerji diplomatiyasında, həm iqtisadi tərəfdaşlıqlarda, həm də geosiyasi manevr imkanlarında ciddi üstünlüklər qazandırıb. Bu üstünlüklər indi Ukrayna ilə əməkdaşlıqda da yeni nəticələr doğurur. Azərbaycan bu gün yalnız tərəfdaş seçmir, həm də əməkdaşlıq gündəliyini formalaşdırır. Bu, güclü dövlət olmanın göstəricisidir. Zelenskinin səfəri də nümayiş etdirdi ki, Azərbaycan aparıcı regional aktordan daha artıq statusa yüksəlib və Prezident İlham Əliyevin siyasəti bu yüksəlişin əsas təminatıdır. Bu baxımdan Ukrayna Prezidentinin ölkəmizə səfər təkcə diplomatik hadisə kimi deyil, həm də ölkələrimiz arasında münasibətlərin gələcək inkişaf trayektoriyasını müəyyən edən mühüm siyasi mərhələ kimi səciyyələndirilə bilər.

Bəxtiyar Mustafayev,

YAP Mingəçevir şəhər təşkilatının sədri.